Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Aktual / Sabunçunun icra başçısı Bakı – 2015 Avropa Oyunlarına belə hazırlaşır? – REPORTAJ

Sabunçunun icra başçısı Bakı – 2015 Avropa Oyunlarına belə hazırlaşır? – REPORTAJ

Ilk dəfə Azərbaycanda keçiriləcək Bakı 2015 Avropa Oyunlarına iki aydan az vaxt qalıb. Ölkəninin hər yerində bu möhtəşəm idman bayramına hazırlıq gedir. Artıq bir sıra ölkələrdə Bakı 2015 Avropa Oyunlarının təqdimatı da keçirilməkdədir. Eyni zamanda paytaxtda bu böyük idman tədbirinə gələcək olan idmançıları və tamaşıçıları qarşılamaq üçün son hazırlıq işləri aparılmaqdadır.

AzFakt.com paytaxtımızın bir sıra rayonlarında 2015 Avropa Oyunlarına hazırlıq işləri ilə bağlı araşdırma aparmaqdadır. Araşıdrmalarımız əsasən 2015 Avropa Oyunlarına son hazırlıq dönəmində yeni və müasir Bakımızda təmizlik və abadlıq işlərinin səviyyəsi ilə əlaqədardır. Çünki əsasən Avropadan şəhərimizə gələn qonaqların ilk təəssuratlarını məhz şəhərimizin təmizlik səviyyəsi formalaşdıracaq və bu da təbii qəbul olunmalıdır. Hər halda Avropa şəhərlərində təmizlik meyarının əsas faktor olduğunu hamımızı bilirik. Ona görə də hazırkı dönəmdə şəhərimizin təmizliyi idman bayramının şəhərimizə gələn qonaqların təssuratlarında yaşaması üçün Bakının təmizliyi əsas məsələlərdən biridir.

AzFakt.com olaraq 2015 Avropa Oyunlarının keçiriləcəyi əsas idman kompleksinin yerləşdiyi Sabunçu rayonunda təmizliyin səviyyəsini araşdırdıq. Açıq deyək ki, Sabunçu rayonun mərkəzi olan Bakıxanov və Sabunçu qəsəbələrindəki rastlaşdığımız vəziyyətdən sadəcə şaşırdıq.

Sabunçunun paytaxtı “çölü bəzək, içi təzək” Bakıxanov qəsəbəsi

Sözün düzü Bakı 2015 Avropa Oyunlarının astanasında Bakıxanov qəsəbəsində rastlaşdığımız vəziyyət bizim üçün gözlənilməz oldu. Çünki icra Hakimiyyətinin arxasındakı küçə belə üfunət qoxuyurdu. Yollar və səkilər isə uçuq-sökükdür və hər bir avropalı qonaq bu küçələri gördükdə doğurdan bizim inkişafımız haqqında çox əcaib təəssuratlara sahib olacaq. Çünki küçələrin və evlərin vəziyyəti sadəcə ağlamalıdır. İcra hakimiyyətinin arxa küçələrindən çıxıb bütün Sabunçu rayonunun təmizlik işlərinə görə birbaşa məsuliyyət daşıyan Sabunçu rayon Kommunal Sabunçu Rayon İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Birliyi Kommunal Təsərrüfatı İdarəsini axtarırıq. Uzun müddət soraqlaşdıqdan sonra nəhayət ki, adı keçən idarəni tapırıq. Bir mərtəbəli kiçik binanın qarşısı belə bərbad vəziyyətdədir. Kommunal Təsərrüfatı İdarəsinin qarşısında və ətrafında asfalt tamamilə dağılıb və yolda yaranan gölməçələrdə ən azıdan yarım metrə su yığılıb.

Sabunçunun icra başçısı Bakı - 2015 Avropa Oyunlarına belə hazırlaşır?
Bura Kommunal Təsərrüfatı İdarəsini binasıdır

Ümumiyyətlə götürdükdə isə Bakıxanov qəsəbəsinin arxa küçələrində vəziyyət tamamilə dəhşətlidir. Sakinlər bildirirlər ki, onlar artıq küçələrdəki çala çuxurdan, gölməçələrdən və zibilliklərdən cana doyublar.

Sabunçunun icra başçısı Bakı - 2015 Avropa Oyunlarına belə hazırlaşır?
Bura Kommunal Təsərrüfatı İdarəsinin 30 metrliyidir

Binaların arxasına gözdən uzaq küçələrdə zibil təpəcikləri gözdən qaçmır. Burdakı binalarda yaşayan sakinlərdə zibil qutularının azlığından şikayətçidirlər.

Sabunçunun icra başçısı Bakı - 2015 Avropa Oyunlarına belə hazırlaşır?
Bura Kommunal Təsərrüfatı İdarəsinin qarşısıdır

Ətrafdakı 4 binaya cəmi 6 zibil qutusu qoyulub və Kommunla işçiləri bir gün gəlməyəndə burda böyük bir zibil dağının yarandığı deyilir. Bəzi binaların ətrafında isə daha az zibil qutusuna rast gəldik. Sakinlər qeyd etdilər ki, yay aylarında ərazidən keçmək olmur. Çünki üfunət qoxusu ətrafı sarıyır.

Kommunal Təsərrüfatı İdarəsinə nə qədər şikayət etsələrdə, onların şikayətinə baxan yoxdur. Bəzən elə olur ki, zibiləri həftə boyunca aparmırlar və zibillərin üfunəti, həmçinin üfunətə yığılan və müxtəlif xəstəliklərin mənbəyi olan həşəratlar və ağcaqandlar sakinlərin sözün həqiqi mənasında məşəqqətinə çevrilir. Yəni antisanitariya Bakıxanov qəsəbəsinin adi halıdır və bu vəziyyət artıq sakinlərin dediyinə görə dözülməz hal almaqdadır.

Bakıxanovdan ayrılıb Sabunçu qəsəbəsinə gedirik. Burdakı vəziyyti gördükdən sonra isə Bakıxanov qəsəbəsinin sakinlərinin şanslı olduqlarına əmin oluruq. Çünki Sabunçudakı vəziyyət doğurdan acınacaqlıdır.

Bura bazardır, yoxsa zibilxana?

Öncə Sabunçu qəsəbəsində Maykoviski küçəsindəki bazardan başlayaq.

Bu bazara sakinlər həm də «toyuq bazarı» da deyirlər. Rayon sakinləri toyuq almaq üçün daim bu bazara axışır. Burda nə desən tapmaq olar. Köhnə ev əşyalarından tutmuş, maşın avadanlığına kimi hər şey və hər cür qiymətə. Bazarın ətrafı yanı yörəsi isə üfunət qoxuyur. Çünki rayon Kommunal Təsərrüfat İdarəsi öz vəzifələrini və üzərinə düşən işləri görmür və əhalinin həmişə sıx olduğu bazarın zibilxanaya çevrilməsində müstəsna xidmətləri var.

Sabunçunun icra başçısı Bakı - 2015 Avropa Oyunlarına belə hazırlaşır?
Bura bazardır

Bazarda çalışanlar deyirlər ki, Kommunal Təsərrüfat İdarəsinin işçiləri onlardan hər ay zibil pulu yığırlar. Amma zibilləri iki-üç gündən bir gəlib aparırlar. Buna görə də bazarda zibil əlindən tərpənmək olmur və üfunətə görə bazar öz müştərilərini belə itirir. Çünki alıcılıq qabilliyyəti yüksək olan alıcılar bazarın vəziyyətini gördükdən sonra bir daha bura ayaq basmırlar. Satıcılar deyir ki, elə vax olur ki, zibillər bir həftə qalır və bazarda böyük bir zibil dağı yaranır. Kommunal Təsərrüfat İdarəsinin işçilərinə bu dağı nişan verdikdən sonra gəlib zibilləri daşıyırlar.

Sabunçunun icra başçısı Bakı - 2015 Avropa Oyunlarına belə hazırlaşır?
Bura da bazardır

Bazardan çıxıb Dəmir yol vağzalının ətrafına göz gəzdiririk. Hər küncdə zibil yığnaqları. Görüntüdən belə anlamaq olur ki, əraziyə bir neçə gündür ki, Kommunal Təsərrüfat İdarəsinin işçiləri «əl gəzdirmirlər». Maraqlı məqamlardan biri isə ərazidə bir dənədə olsun zibil qutusunun olmamasıdır. Sakinklər iddia edirlər ki, ərazidə cəmi bir neçə yerdə zibil qutusu var və hər zaman tullantıları küçəyə atırlar. Görəsən hər il dövlətdən külli miqdarda vəsait ayrılan Sabunçu Kommunal İdarəsi sənədləşdirdiyi zibil qutularını hara qoyub?

Kommunal Təsərrüfta İdarəsinin işçiləri Sabunçunun «Şanxayına» ayaq basmırlar

Dəmir Yol vağzalından xətləri keçərək Sabunçunun Şanxayına doğru yol alırıq. Nətavan küçəsi ilə irəllədikcə qarşımıza çoxlu sayda zibil təpələri çıxır. Küçə sakinləri açıq deyirlər ki, ümumiyyətlə Kommunal Təsərrüfat İdarəsinin işçiləri onlarn yaşadıqları ərazilərə gəlmirlər. Burda bir dənədə olsun zibil quutusu yoxdur. Yalnız irəlidə, 155 nömrəli məktəbin ətrafında bir neçə zibil qutusu var ki, Kommunal Təsərrüfta İdarəsinin işçiləri ordan bu tərəfə keçmirlər. Küçənin yolları isə çoxdan asfaltlanıb və amma hər 5-10 metrdən bir qarşımıza böyük gölməçə çıxır.

Bura Sabunçunun «Şanxayıdır»

Sakinləri bildirirlər ki, bir neçə il bundan qabaq ərazini asfaltlayıblar. Asfaltlama zamanı əhalidən pul da yığıblar. İndi isə bu ərazi hər kəsin yadından çıxıb. Belə olmasaydı yağış yağanda küçəmizi sular basmazdı. Küçələrdə isə kanalizasiya yoxdur. Ümumiyyətlə kanalizasiya xətti olmayıb. Yağış yağanda vətəndaşlar, məktəbli uşaqlar bu küçəni keçə bilmirlər. Çünki gölməçələrdə 60 sm-ə qədər su olur. Sakinlər 50 metrlik ərazini taksiyə 1 manat verməklə keçirlər. Ərazidə yalnız 155 nömrəli məktəbin yanı təmizdir və yerdə qalan hər yer yenə həmişəki kimi üfunət qoxuyur.

Sabunçunun icra başçısı Bakı - 2015 Avropa Oyunlarına belə hazırlaşır?
Bura da Sabunçunun «Şanxayıdır»

Neft buruğu, yaşayış məskəni və zibilxana

Nətavan küçəsini dönən kimi neft buruqlarının ətrafında, yanında-yörəsində tikilən evlərə rast gəlməmək isə mümkün deyil. Sakinlər bildirirlər ki, Sabunçu rayon İcra Hakimiyyətinin işçiləri icra və qəsəbə icra nümayəndəliyi vətəndaşlardan rüşvət alaraq ərazidə qanunsuz ev tikilməsinə göz yumublar. Hər halda bunu ərazidəki sakinlər təsdiq edirlər. Sakinlərin əlində heç bir sənəd yoxdur. Buna baximayaraq Sabunçu rayon İcra Hakimiyyəti sakinlərdən əlavə pul alaraq tikintiyə icazə verib.

Sabunçunun icra başçısı Bakı - 2015 Avropa Oyunlarına belə hazırlaşır?
Satlılmış Dövlət Neft Şirkətinin ərazisi

Amma neft çıxaran buruqların yanındakı zibilxanya baxanda anlamaq olur ki, Kommunal Təsərrüfta İdarəsi sözün həqiqi mənasında dövlətin vəsaitini havaya sovurur. Ərazi isə sözün həqiqi mənasında böyük bir zibillikxanadır. Sakinlər deyir ki Kommunal Təsərrüfta İdarəsinin maşınları bəzi yerlərdən yığdıqları zibilləri buraya daşıyıb tökürlər. Yəqin ki, Dövlət Neft Şirkəti bu məsələdən xəbərsizdir. Yoxsa heç vaxt Oruc Əhmədovun neft buruqlarının yanında zibil dağı yaratmasına imkan verməzdilər.

Sabunçunun icra başçısı Bakı - 2015 Avropa Oyunlarına belə hazırlaşır?
Bura Dövlət Neft Şirkətinin ərazisidir

155 nömrəli məktəbə gələn yollar isə elə bir vəziyyətdədir ki, sakinlər artıq belə vəziyyətə alışdıqlarını deyirlər. Çünki problemlərinin nə vaxtsa həll olunacağına və yollarının düzələcəyinə, yağış yağanda uşaqların məktəbə rahat gələcəyi artıq onlar üçün bir xəyaldır. Onu da öyrəndik ki, Sabunçuda bəzi yolların və səkilərin təmir edilməsi məhz Kommunal Təsərrüfta İdarəsinə aiddir. Amma görünür idarənin müdiri Oruc Əhmədovun başı dövlət vəsiatlərini silməyə qarışıb.

Sabunçunun icra başçısı Bakı - 2015 Avropa Oyunlarına belə hazırlaşır?
Bura da Dövlət Neft Şirkətinin ərazisidir

Ərazidən uzaqlaşıb yenidən vağzala və yuxarılara doğru irəlləyirik. Sabunçu xəstəxanasının arxasndakı küçələr isə həmişək kimi bərbad gündədir. Xəstəxanyani küçəsi isə daha təmzidir və nədənsə ərazidə gözümüzə cəmi 4 zibil yeşiyi dəydi. Sakinlərdən böyük bir küçədə cəmi 4 zibil yeşiyinin olmasının cavabını Oruc Əhmədovda axtramağı məsləhət bilirlər.

Dövlət son iki ildə Kommunla Təsərrüfat idarəsinə nə qədər vəsait ayırıb?

Rəsmi tenderlərə görə 2014-cü ildə Sabunçu Rayon İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Birliyi Kommunal Təsərrüfatı İdarəsinə təqribən 800 000manat vəsait ayrılıb Bu icra hakimiyyətinin daxili büdcəsin nə qədər vəsait ayrılması barədə isə məlumatımız yoxdur. Qeyd etməliyik ki, Kommunal Təsərrüfatı İdarəsinin müdiri Oruc Əhmədov ötən il abadlıq işlərinə 500000, ehtiyyat hissələri üçün 97000, xüsusi geyimlər üçün 95999, təsərrüfat malları üçün 99999,24 manat sərf edib.

2013-cü ildə isə Oruc Əhmədov xüsusi geyimlər üçün 96147,2, ehtiyyat hissələri üçün 112156, təsərrüfat malları üçün 99999,62 manat sərf edib. Yəni bu tender sənədinə əsaslanaraq deyə bilərik ki, Oruc Əhmədov Kommunal Təsərrüfatı İdarəsinin işçilərinə 2013 və 2014-cü illərdə üst-üstə təqribən 200 min manatlıq xüsusi geyim alıb. Açığı bir az fantastik görünür və Sabunçu rayonunun vəziyyətinə baxılırsa, Oruc Əhmədov Sabunçunun Kommunal xidmətinə dövlətin ayırdığı pulların böyük hissəsini sadəcə olaraq mənimsəyib. Hələ əhalidən yığılan qanuni və qaunsuz ödənişləri demirik.

Qeyd edək ki, Oruc Əhmədov 15 ildən artıqdır ki, Kommunal Təsərrüfatı İdarəsinə rəhbərlik edir və hazırda rayonun ən varlı məmurlarından biri hesab olunur. İdarə müdirinin həyat səviyyəsi doğurdan gözqamaşdırıcıdır. Onun mal varlığı rəhbərlik etdiyi idarənin mal varlığından belə çox olduğu söylənilir. Hər halda Oruc Əhmədov varlığa darlıq demədiyinə görə yaxın münasibətdə olduğu insanlara maşın və ev hədiyyə edə bilir.

Göründüyü kimi Sabunçu Kommunal Təsərrüfat İdarəsinin müdiri Oruc Əhmədovun başı daha çox böyük «tikinti, abadlaşdırma» işlərinə qarışıb. Belə olmasayadı Sabunçu rayonu zibil çəlləyinə dönməzdi.

«Adil Vəliyevin və Oruc Əhmədovun başı pul yığmağa qarışıb»

Bu sözləri bizə həmsöhbət olduğumuz rayon sakinləri bildirdilər. Sakinlər deyir ki, Kommunal Təsərrüfat İdarəsinin müdirinin başı sakinlərdən pul yığmağa qarışıb. Onun əsas işi hasar tikəndən, evinin qarşısını artırandan, ikinci mərtəbə tikəndən pul almaqdır. Oruc Əhmədov rayonda elə bir istem yaradıb ki, ondan xəbərsiz heç kəs nə hasar tikə, nə də evinin qarşısını artıra bilməz. Sabunçuda zibil dağlarından bixəbər olan idarə müdiri kiminsə evinin qarşısını artırmasından anında xəbər tutur və əraziyə gəlib elə bir səs küy qoparır ki, hər kəs onunla «razılaşmağa» məcbur olur. Sakinlər bildirirlər ki, Sabunçuda hasar tikmək üçün 1500-2000 manat (əraziyə baxır), evinnin qarşısını artırmaq üçün (bina evlərində birnci mərtəbədə olanlar bunu edirlər) 5-7 min, ikinci mərtəbə daha doğrusu mansar tikmək üçün 3-4 min manat arası Oruc Əhmədova pul verməlidirlər. Əks təqdirdə hər hansı iş görmək mümkün deyil. İdarə müdiri özü hər zaman açıq şəkildə deyir ki, o pulu özünə almır. Rayon rəhbərliyi ondan hər ay hesab istəyir.

Adil Vəliyevin «makleri»

Adını açıqlanmasını istəməyən iş adamlarından biri əməkdaşımıza bildirdi ki, Oruc Əhmədovun başqa bir işi isə icra başçısı Adil Vəliyevin makleri olmasıdır. Belə ki, rayonda kim obyekt yeri almaq istəyirsə, yaxşı yerdən torpaq istəyirsə, ya da hansısa bir işinin həlli üçün Adil Vəliyevə çıxmaq istəyirsə, Oruc Əhmədova müraciət etməlidir. Əvvəllər başçının birinci müavini Şakir Alıyev bu missiyanı yerinə yetirsə də, o, vəzifədən alındıqdan sonra Adil Vəliyevin ən «məhrəm» adamı Oruc Əhmədov olub. Bütün pullu işlərdə icra başçısı ilə vətəndaşın aracısı, daha doğrusu makleri məhz Oruc Əhmədovdur. Buna misal olaraq Ramiz Qəmbərov küçəsindəki böyük obyekt yerlərinin təməlinin atılmasını göstərmək olar. Ərazidə tikilən bütün obyektlərin haqq-hesabını Oruc Əhmədov aparıb və aparmaqdadır. Adını açıqlanmasını istəməyən iş adamı qeyd edir ki, hazırda tikilən obyektin icazəsi və topraq yeri üçünonun tanıdığı iş adamı icra başçısı Adil Vəliyevə 100 min manat verilib və bu iş Oruc Əhmədovun vasitəçiliyi ilə görülüb.

Sabunçunun icra başçısı Bakı - 2015 Avropa Oyunlarına belə hazırlaşır?
Bu ərazi 100 min manata satılıb

Qeyd edək ki, Oruc Əhmədovun Sabunçuda həyata keçirtdiyi tenderlər, maliyyə maxinasiyaları, «Talkuçka» adlanan bazardakı dükanları, Qaraçuxurdakı bir neçə milyonluq villası və digər «görünən və görünməyən işləri» ilə bağlı yaxın zamanlarda oxucularımızı tanış edəcəyik. (AzFakt.com)

Sabunçunun icra başçısı Bakı - 2015 Avropa Oyunlarına belə hazırlaşır?
Sabunçunun icra başçısı Bakı - 2015 Avropa Oyunlarına belə hazırlaşır?
Sabunçunun icra başçısı Bakı - 2015 Avropa Oyunlarına belə hazırlaşır?
Sabunçunun icra başçısı Bakı - 2015 Avropa Oyunlarına belə hazırlaşır?
Sabunçunun icra başçısı Bakı - 2015 Avropa Oyunlarına belə hazırlaşır?

 

Həmçinin oxuyun

Quru sərhədlərin açılmaması ilə bağlı yeni versiyalar: Hökumət nədən çəkinir?

Azərbaycanın quru sərhədlərinin daha üç ay bağlı qalması ilə bağlı qəbul edilən axırıncı qərardan sonra …

Bir cavab yazın