Çərşənbə axşamı , Avqust 16 2022
Ana səhifə / Aktual / Sabunçuda üç övladını itirən şəhid anasının torpağı zəbt edilib – ÖZBAŞINALIQ!

Sabunçuda üç övladını itirən şəhid anasının torpağı zəbt edilib – ÖZBAŞINALIQ!

Şəhid anası Mina Sadıqova əlindən alınan torpaq sahəsinin ona geri qaytarılmasını istəyir. O iddia edir ki, torpağı qanunsuz şəkildə zəbt olunub.
AZINFORUM.AZ xəbər verir ki, bu barədə Mina Sadıqova Bakupost.az -a müraciətində bildirib.
O qeyd edib ki, şəhid anası olduğu üçün Kürdəxanıda, Ləyiş bağları adlanan ərazidə ona torpaq sahəsi veriblər:



“2014-cü ildə həmin əraziyə baxmağa gedəndə gördüm ki, bağa hasar çəkilib, qapı qoyulub. Qapının üstünə “Bağ satılır” sözlərini, bir də telefon nömrəmi yazıb yapışdırdım. Bir müddətdən sonra Hüseyn Babuşov adlı bir şəxs zəng edərək, bağın sahibi olduğunu bildirdi. Ondan bağın sənədini kimdən aldığını soruşdum. O da başqa birindən aldığını dedi. Halbuki bir şəhid anası kimi həmin bağ mənə verilib”.



Şəhid anası məsələ ilə bağlı Sabunçu rayon məhkəməsinə müraciət edib: “Məhkəmədə də mənim xeyrimə qərar verildi. Çıxarışla yanaşı bütün əsas sənədlər də məndədir. Məhkəmə qərarına əsasən, Hüseyn Babuşovun tikdiyi hasar sökülməli idi. Ancaq o, Apelyasiya Məhkəməsinə müraciət etdi. Apelyasiya Məhkəməsi də işə baxıb yenidən Sabunçu rayon, 1-ci instansiya məhkəməsinə qaytardı. Yenə də mənim xeyrimə qərar verildi. Qeyd olundu ki, orada tikilən hasarlar sökülməlidir. Hüseyn Babuşov bu dəfə Ali Məhkəməyə müraciət etdi. İyulun 28-i Ali Məhkəmənin qərar çıxaracaq. Bu şəhidə görə verilən torpaqdır, onu necə zəbt etmək olar? Amma çox rahat gəlib zəbt ediblər. Həmin torpaqla bağlı bütün sənədlərim var. Hüseyn Babuşova sual verəndə ki, bağı hardan almısan, gah bələdiyyədən, gah da kimlərdənsə aldığını deyir, bir neçə ad çəkir. Saxta sənədlər düzəldərək bağımı ələ keçiriblər. Bu torpağın mənə qaytarılmasını istəyirəm. 28 iyulda Ali Məhkəmənin qərarı ilə torpağın kimə veriləcəyi məlum olacaq. Əgər həqiqətən ədalətli qərar olacaqsa, o torpaq şəhid anası kimi mənimdir. Bağlar İdarəsindən kötük sənəd də məndədir. Sadece dərd-bəladan göz açmamışam ki, gedib ora hasar çəkim, bağ salım”.



Qeyd edək ki, Mina Sadıqovanın üç oğlu olub. Onlardan biri – Sadıqov Zeynal Vaqif oğlu Birinci Qarabağ müharibəsində şəhid olub. Digər oğlu avtoqəzada, üçüncüsü isə yenicə rəhmətə gedib. Oğlanlarının ölümündən sonra həyat yoldaşı da dünyasını dəyişib.
Məsələ ilə bağlı ittiham olunan Hüseyn Babuşov da Bakupost.az -a açıqlama verib.
Onun sözlərinə görə Kürdəxanı Ləyiş bağları ərazisində etibarnamə ilə bir şəxsədən torpaq alıb. Həmin şəxs isə torpağı bələdiyyədən aldığını deyib.
“Mina Sadıqovanın əlində heç bir qanuni sənədi, reysterdən çıxarışı yoxdur. Həmin yer ona məxsus deyil. Onun sənədində 12 sot torpaq, mənim sənədimdə isə 6 sot torpaq qeyd olunub. Mən həmin ərazidə hasar çəkib, ev tikib, bağ salmışam. Qaz, işıq, su da çəkib, 200-ə yaxın ağac əkmişəm. Hazırda mənim aldığım ərazi şəhid anasına məxsus deyil. O xanım yerinin hara olduğunu özü bilir. Lakin getdiyi yerdə kimlərsə torpağımda hazır ev olduğu üçün mənə tərəf yönləndiriblər. Mən heç kimin torpağına girmərəm. Sənədsiz yerdə heç vaxt ev tikmək olmur. Bununla bağlı Bakı Apellyasiya Məhkəməsinə müraciət etdim. Məhkəmə qapalı edib və mənim əleyhimə qərar çıxarıblar. Mən ancaq icraçılar zəng edəndə bilmişəm ki, artıq məhkəmə bitib. Qətnaməni isə poçt vasitəsi ilə almışam. Hazırda iş Ali Məhkəmədədir. Sonuncu məhkəmə ayın 28-də olacaq. Ordan da bildirilib ki, məhkəmə qapalı olacaq. Onların nə qərar çıxaracağını bilmirəm. Yəqin ki, yenə də mənim əleyhimə olacaq. Əvvəlki məhkəmələrdə olduğu kimi, yenə də mənim iştirakım olmadan qərar veriləcək”.



Həmçinin oxuyun

Sadiq Qurbanov – Küləkli hava şəraiti ilə əlaqədar yanğının qarşısını almaq çox çətinləşir

Təəssüf olsun ki, Şabran rayonunda baş vermiş yanğının küləkli hava şəraiti ilə əlaqədar qarşısını almaq …