Şənbə , Aprel 20 2024
Ana səhifə / Sabir Rüstəmxanlıdan Novruz təbriki

Sabir Rüstəmxanlıdan Novruz təbriki

sabirInsan həyatına yenilik, süfrələrə xeyir-bərəkət bəxş edən el bayramı olan Novruz Azərbaycan türklərinin tarixi yaddaşında xüsusi yer tutur. Bu bayram çox qədim tarixə malikdir və əcdadlarımızın bizə töhfəsidir.

 

Qədim zamanlardan bəri Azərbaycan türkləri bu bayramı həmişə ən uca tutmuşlar. Eyni zamanda Novruz ulu türk millətinin mənəvi birlik rəmzidir. Yer üzünə təravət və yeni ab-hava bəxş edən Novruz əski türklərdə “yeni gün” və ya “yengi gün” olaraq tanınır. Bu bayram ayrı-ayrı türk toplumlarında “Ulu kün”, “Bozqurt çağan”, “Sultan Novruz” və başqa adlarla da tanınıb. Bəzən bu bayramı obrazlı şəkildə “Ulusun ulu günü” də adlandırıblar. Novruz Bayramının “Ərgənəkon” və ya “Boz qurd” Bayramı adlandırılması türkün qurtuluş günüylə bağlıdır. Altay dağlarının sıldırım qayalıqları arasından dördyüzillik zaman kəsiyindən sonra Boz qurdun Türkə xilas yolu göstərməsilə qurtulduqları böyük günü türklər ən böyük bayramları kimi keçirirlər. Əski türk dastanı “Ərgənəkon”da deyildiyi kimi, türklərin Ərgənəkondan qurtuluşu baharın ilk günü – Novruz Bayramıdır. Eyni zamanda bu bayramın bəşəriyyət üçün önəm kəsb edən məqamlarla üst-üstə düşməsi Novruza xüsusi özəlliklər gətirir. Cəmiyyətimizdə milli-mənəvi həmrəyliyin, saflıq və mərhəmətin təntənəsinə çevrilən Novruz Bayramı mərasimləri hər il Türk Dünyasında böyük sevinc və yüksək əhval-ruhiyyə ilə keçirilir. Bu günü Azərbaycanda və ondan kənarda, Güney Azərbaycanda, ulu türk yurdu Borçalıda, Dəmirqapı Dərbənddə, Kərkükdə öz tarixi torpaqlarında yaşayan soydaşlarımız da təntənəylə qeyd edirlər. Novruz Azərbaycan türkləri tərəfindən həmişə barışıq, dostluq, səmimiyyət, təmizlik və yeniləşmə əhval-ruhiyyəsi yaradan Bahar Bayramı kimi keçirilir. Novruz təbiətin oyanışı ilə ürəklərdə saf niyyətlərin, xoş arzuların yarandığı bir bayram, insanla təbiətin bütövləşməsinin, harmoniyasının təcəssümü hesab olunur. İnanırıq ki, doğma yurdlarından didərgin düşən soydaşlarımızın bu bayramı öz torpaqlarında qeyd edəcəyi gün uzaqda deyil. Azərbaycan türklərinin qətiyyəti ilə Ermənistan-Azərbaycan münaqişəsi uğurla başa çatacaq, ölkənin ərazi bütövlüyü və suverenliyi təmin olunacaq. Dünya Azərbaycanlıları Konqresi (DAK) olaraq, əziz gün münasibətilə dünyanın müxtəlif guşələrində yaşayan bütün soydaşlarımızı səmimi qəlbdən təbrik edir, sizlərə uzun ömür, möhkəm cansağlığı, ailələrinizə xoşbəxtlik, rifah, süfrələrinizə bol ruzi-bərəkət və bayram sevinci arzulayırıq”. Novruz Bayramınız mübarək olsun!

Həmçinin oxuyun

Vidadi Zeynalov 43 milyonluq əmlakını geri istəyir

“MTN işi”nə görə həbs edilən, sonradan isə azadlığa buraxılan Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin sabiq …

Bir cavab yazın