Cümə axşamı , Sentyabr 24 2020
Ana səhifə / Aktual / Sabiqlər yeni komandaya qarşı… — “Keçmiş məmurların ölkəni qarışdırmaq cəhdi istisna deyil”

Sabiqlər yeni komandaya qarşı… — “Keçmiş məmurların ölkəni qarışdırmaq cəhdi istisna deyil”

Azərbaycan tam yeni bir mərhələyə qədəm qoyub. Ölkə faktiki olaraq, real dəyişikliklərin yarısını qət edib, keçmişin “ağır kötükləri” də sıradan çıxmaqdadır. Lakin onlar təslim olmaq istəmir, süqutlarını qəbul edə bilmirlər.


İllərlə ölkənin ictimai-siyasi həyatını intriqa, traybalist və merkantil maraqlarla idarə etmiş, ifadə və media azadlığını boğmuş, iqtisadi inkişafını tormozlamış, müstəqil daxili və xarici siyasətini hansısa kənar təsirlərə güdaza vermiş güclər hazırda son “akkord”larını vurmaqdadırlar.


Bütün bunların pandemiya dövründə baş verməsi xüsusilə maraqlıdır. Karantində məlum toy məclisi ilə dərinləşən proses əslində kimin hansı ambisiyalarla yaşadığını üzə çıxardı.


İndisə hakimiyyət sürpriz situasiya ilə üzləşib: onun içində ən yüksək vəzifəylə təmsil olunan sabiq məmurlar – həbs edilən keçmiş səfir Eldar Həsənovdan tutmuş AMEA prezidenti Ramiz Mehdiyevə qədər açıq müqavimətə keçiblər. Sirr deyil ki, onların ətrafında kifayət qədər dəstəkçiləri, çevrələri, revanş arzusu ilə yaşayan tərəfdarları var.


 
Həmin eks-məmurların böyük maliyyə resursları, müxtəlif orqanlarda təsir və təzyiq rıçaqları, müxalifətdə və xaricdə adamları var. Onlar islahatlarla, yenidənqurmayla, prezidentin apardığı siyasətlə barışmaq istəmirlər.


R.Mehdiyev qruplaşması yaxşı dərk edir ki, vəzifələrə qayıdış nonsensdir. Sadəcə, istəkləri bacardığı qədər pislik eləmək, konflikti dərinləşdirməkdir.


Onların bir özəlliyi də Rusiyaya bağlı olmalarıdır. Və təkcə akademik deyil, qanunsuz hərəkətlərinə görə vəzifəsini itirmiş, vaxtilə yüksək ranqlı nazirlər də köhnə qvardiyanın koalisiyasında yer ala bilər.


Söhbət sabiq MTN şefi Eldar Mahmudov, eks-rabitə naziri Əli Abbasov, keçmiş nazir Ziya Məmmədov və Mehdiyevə büt kimi pərəstiş edən abelməhərrəmovlardan gedir.


Çünki məlum toy məclisini həm də iqtidardan uzaqlaşdırılanların, küskünlərin toplantısı adlandırmaq olardı. Amma nahaq revanş planları qurur, süqut etmiş qruplaşma və digər sabiqlər Mehdiyevə yaxınlaşmaq, islahatçı komanda əleyhinə koalisiya qurmaq haqda düşünür. Bu, “ölü doğulmuş” layihədir. Bəs, hakimiyyət bu əngəl olmaq cəhdlərinin qarşısını necə ala bilər?


Azərbaycan Demokratik İslahatlar Partiyasının sədri, deputat Asim Mollazadə “Yeni Müsavat”a bildirdi ki, ölkədə ciddi islahatlar prosesi gedir və nəsil, təfəkkür dəyişkənliyi müşahidə olunur.

No description available.

Deputatın sözlərinə görə, bu istiqamətdə bir sıra bölgələrdə kadr islahatları da aparılır, yeni nəsil idarəetməyə cəlb olunur: “Bu da təbiidir. Müasir ölkə kimi inkişaf etmək istəyiriksə, sovet təfəkkürü ilə vidalaşmalıyıq. Azərbaycanda peşəkar və yeni nəsil idarəetməyə gəlməlidir. Heç vaxt islahatlar asan olmur. Amma əminəm ki, xalqımızın böyük potensialı, dərin mədəniyyəti var və ölkəmiz inkişaf üçün bu imkanlardan istifadə edəcək. Biz müasir dövlət kimi nümunə olmalıyıq”.


A.Mollazadə qeyd etdi ki, sabiq məmurların açıq şəkildə müqavimət göstərməsi və hansısa təzyiq imkanlarını işə salması effekt verməyəcək, çünki bu cür proseslərdə söz xalqındır.


“Xalqın öz imkanı var ki, belə hadisələrə, proseslərə təsir etsin. Bu gün xalq öz gələcəyini müstəqil, demokratik Azərbaycanda görür, keçmiş təfəkkürdə yox…” – deyə partiya sədri vurğuladı.


Deputatın fikrincə, keçmiş məmurların revanş üçün ölkəni qarışdırmaq cəhdi istisna deyil, amma həlledici söz xalqın iradəsi olacaq:“Xalq sovet ittifaqına ”əlvida” deməyi bacarıb. Müəyyən qüvvələr hansısa ölkələrdə SSRİ-ni bərpa etmək istəyirsə, Azərbaycanda buna imkan verilməyəcək.


Çünki Qarabağın işğalı, 20 Yanvar matəmi və Xocalı soyqırımı sovet rejimi ilə bağlıdır. Azərbaycanda yenidən sovetin qayıtması mümkün olmayacaq”.

No description available.

YAP-ın qurucularından biri olan professor Əli Əlirzayev azpolitika.info-ya geniş müsahibəsində deyib ki, vəzifəsini itirənlər narazıdırlar:“Vəzifə elə bir şeydir ki, vəzifədən çıxarılandan sonra onun dadı adamın damağında qalır. Amma ağıllı adamlar müəyyən yaşdan sonra vəzifədən çıxarıldıqda oturub işləməli, kitab yazmalı, xalqa töhfə verməlidirlər. Məni 60 yaşında hər yerdən sildilər.


Nə deputat seçilə bildim, nə vəzifə verdilər. Gedib müəllimliyimi etdim, kitablar yazdım, indi də yazıram. Söhbət ondan gedir ki, bu adamlar nə etmək istəyirlər, təzədən nəyisə qaytarmaqmı istəyirlər?


Bunlar həmin adamlardır ki, indiki hakimiyyəti tərif edirdilər, badələr qaldırırdılar. İndi onları vəzifədən çıxarıblar deyə, narazı qalmalıdırlar? Bu, anlaşılmazdır”.

Həmçinin oxuyun

“İntizam komissiyası Qüdrət Həsənquliyevin məsələsinə baxa bilər” – Katib

“Qüdrət Həsənquliyev uzun illərdir ki, Milli Məclisin deputatı kimi fəaliyyət göstərir. Onun məlum çıxışı hər …