Ana səhifə / Sabiq hakim: “Mənə şər atanlar unutdu ki, bu ölkənin sahibi var”

Sabiq hakim: “Mənə şər atanlar unutdu ki, bu ölkənin sahibi var”

2000-ci ildən 2007-ci ilə qədər Binəqədi Rayon Məhkəməsinin sədri, 2007-ci ildən etibarən isə Bakı Ağır Cinayətlər Məhkəməsində hakim işləmiş, ötən ilin fevral ayında ölkə başçısı İlham Əliyevin sərəncamı ilə səlahiyyətlərinə xitam verilmiş sabiq hakim Həsən Əliyevin və digər iki nəfərin – Elman Məmmədov və Taleh Süleymanovun altı aydan bəri Gəncə Ağır Cinayətlər Məhkəməsində davam edən məhkəmə istintaqı artıq yekunlaşıb.

Virtualaz.org saytının əldə etdiyi xəbərə görə, sonuncu məhkəmə prosesində təqsirləndirilən şəxslərin vəkilləri müdafiə nitqi ilə çıxış ediblər.

H.Əliyevin vəkili Sadiq Rəsulov müdafiə etdiyi şəxsin əməlində heç bir cinayət tərkibi olmadığını deyərək onun barəsində bəraət hökmünün çıxarılmasını məhkəmədən xahiş edib. Daha sonra isə H.Əliyev məhkəmədə son söz deyib.

Qeyd edək ki, adı “600 min manatlıq icra başçısı təyinatı işi”ndə hallanan sabiq hakim nə istintaq zamanı, nə də məhkəmə prosesində ona elan olunmuş ittihamla razılaşmayıb, bütün bu olayların ona qarşı qurulmuş bir oyun olduğunu deyib.

H.Əliyevin məhkəmədəki çıxışını qısa ixtisarla təqdim edirik:

“Hörmətli hakimlər! Uzun illər  ərzində dövlətimizin çətin və ağır günlərində dövlətçiliyin keşiyində duraraq sərhədyanı zonalarda prokurorluq orqanlarında çalışan bir müharibə veteranı kimi, təcrübəli hakim kimi, çirkin və iyrənc bir oyunun qurbanı olmuş bir insan kimi, illərlə qoruyub saxladığım təmiz adıma vurulmuş ləkəni təmizləməyə çalışan bir hakim kimi bu cinayət işi başlandığı andan bu məqamadək yaşadığım hiss və təəssüratlarımı bu gün mənim taleyimi həll edən hakim yoldaşlarımla bölüşmək istəyirəm.

Təcrübədə müxtəlif cür zərərçəkənlərə rast gəlmişik. Bir var həqiqi zərərçəkənlər, bir də var yalandan özünü zərərçəkmış kimi göstərənlər. İkinci növdən olanlar özlərini  guya zərərçəkən kimi göstərir, alibilər yaradır, yalanlar uydurub danışırlar, hətta yalançı şahidlər tapırlar, kimlərinsə əlində oyuncağa çevrilirlər. Onlar idarə olunurlar.

Baxın, hörmətli hakimlər, Ramazan Səlimov məhz belə zərərçəkənlərdəndir.

Mənim üçün ürəkağrıdıcı o olardı ki, siz daxilən bilə-bilə ki Ramazan Səlimovun heç vaxt ittiham aktında göstərdiyi qədər pulu və sərvəti olmayıb, ancaq hər hansı bir kənar qüvvənin təsiri nəticəsində, məcburiyyət qarşısında qalıb onun belə bir pula və sərvətə sahib olması qənaətinə gələsiniz. Bax, belə bir vəziyyət mənim üçün çox ürəkağrıdıcı olardı. Çünki mənim nəzərimdə məhkəmə bütün orqanların içində ən müqəddəs bir orqandır.

Bütün həyatım boyu çalışmışam mənə müraciət edən insanlara kömək edim, yardımçı olum. Dosta, tanışa təmənnasız iş görmüşəm. İmtina etmək, rədd etmək mənim təbiətimə uyğun olmayıb, bunu məni tanıyanlar  da bilir.

Cinayət işinin istintaqı və məhkəmə baxışı ilə əlaqədar Ramazan Səlimovun həyat və fəaliyyəti ilə bağlı çoxlu məlumat və faktlar əldə etdik. Onların bir qismini məhkəməyə sənəd və sübutlarla təqdim etmişik. Onun doğma bacısı Meyransa Səlimzadənin məhkəməyə yazdığı ərizəsindəki sözlərlə desək, “bu insanın ali məktəbdə oxuduğu vaxtdan bu günədək yeganə peşəsi dələduzluq edərək insanların pulunu mənimsəməkdir”.

Nərminə Quliyevanın ərizəsindən də görünür ki, 2005-2007-ci illərdə ona qarşı dələduzluq etdiyinə və onun əşyalarını oğurlayıb apardığına görə Ramazan barəsində Xəzər Rayon Polis İdarəsi 1-ci polis bölməsinə şikayət ərizəsi verilir və toplanmış material əsasında Xəzər RPİ-nin istintaq şöbəsində araşdırma aparılır. Amma tanışlar vasitəsilə bu iş yatırılır, Ramazan cəzasız qalır.

Törətdiyi əməllərə görə cəzasız qalan Ramazan Səlimov 2005-ci ilin martında yenidən dələduzluq edir. O, qonşusu Südabə Qasımovanın maşınını öz maşını kimi təqdim edib. Əli Quliyevin etibarından sui-istifadə edib onu aldadaraq bankda girovda olan maşının dəyərini – 6100 ABŞ dolları alıb, lakin maşını ona verməyərək dələduzluq edib. Buna görə də Xətai Rayon Məhkəməsinin hökmü ilə cərimə cəzasına məhkum olunub.

Səlimov bundan sonra Eldar Abdullayevə qarşı dələduzluq edib. Abdullayevi aldadıb 40000 ABŞ dollarını ələ keçirdiyinə görə onun verdiyi şikayət ərizəsinə əsasən Xətai RPİ-də material toplanır. Hətta Ramazan Səlimov orada iki gün saxlanandan sonra qohumları yığışıb onun dələduzluqla aldığı pulu toplayır, zərərçəkəni razı salırlar. Pulun qalanını da bacısı Meyransa xanımın adına borc kimi sənədləşdirirlər və material üzrə rədd olma barədə qərar qəbul edilir. Bu dəfə də yaxasını belə qurtarır. Bu fakt Eldar Abdullayevin məhkəməyə ünvanladığı məktubdan açıq-aydın görünür.

Bundan sonra Ramazan Səlimov 2007-2008-ci illərdə Rövşən və Əsgər adlı şəxsləri şərləyərək guya həmin şəxslərə Ramazanı Siyəzən Rayon İcra Hakimiyyəti başçısına müavin təyin etdirəcəkləri adı ilə onun 100 min dollar pulunu almaları barədə Yasamal RPİ-yə şikayət edir. Bu faktla da bağlı aparılan araşdırma zamanı Ramazan Səlimov barədəki material bağlanır.

Ramazan Səlimov İran vətəndaşı olan Fərhad Talebini aldadaraq 20 min dollar pulunu alır. Guya onun Buzovna qəsəbəsindəki evini Prezident Aparatında işləyən səlahiyyətli şəxslər vasitəsilə özəlləşdirəcəkmiş. İran vətəndaşı həmin işlə bağlı Yasamal RPİ 27-ci polis bölməsinə şikayət edir. Ramazan hətta Fərhad Talebinin ofisində onunla birgə işləyən iranlı tanışlarını da aldadaraq külli miqdarda pullarını alır.

Cinayət işinin materiallarından da görünür ki, Ramazan Səlimov mənə qədər də bir cox şəxslərlə işə düzəlmək adı ilə görüşüb, onlara da pul verməklə işə düzəlmək istədiyini bildirib və onları da tora salmaq istəyib. Ramazan Səlimov görüşdüyü şəxslərə özü barədə yalan məlumatlar verməklə özü haqqında şişirdici və mübaliğəlı fikirlər yaradan, geniş imkana və pula malik olan şəxs obrazı yaratmaqla insanları özünə çəkib onları inandıran, sonradan onların hərəsini bir cür şərləməklə şantaj edən, onlardan pul qoparıb gününü keçirən bir şəxsdir.

Məhkəmə araşdırması zamanı sübuta yetirildi ki, Ramazan Səlimov arvadı Gülnarə Səlimova ilə birlikdə özlərinin heç bir pul mənbələri olmadığı halda dələduzluq edərək məndən 600 min manat pulu almaq  niyyəti ilə məni aldadaraq qəbz və borc müqaviləsi alıblar. Lakin faktiki olaraq həmin pulu mənə verməyiblər. Öz yalanlarını ört-basdır etmək üçün ibtidai istintaqda, eləcə də məhkəmədə yalan ifadə verməyə görə məsuliyyət daşımaları barədə iltizama imza edərək and içməklərinə baxmayaraq yalan ifadələr verərək digər pul mənbələrinin olduğunu göstərməyə cəhd etdilər. Bununla da məhkəməni aldatmağa çalışdılar. Onların yalan danışması məhkəmədə təkzibolunmaz faktlarla sübuta yetirildi.

Ona görə də məhkəmədən xahiş edirəm ki, Səlimov Ramazan Babaəli oğlunun və Səlimova Gülnarə Əjdər qızının barələrində Cinayət Məcəlləsinin 297 (bilə-bilə yalan ifadə vermə) və 178-ci (dələduzluq) maddələri ilə cinayət işi başlanması barədə xüsusi qərar qəbul edib Baş Prokurorluğa göndərəsiniz.

Mən müəllim ailəsində böyümüşəm, öz gücümə təhsil alıb, çətinliklə, pillə-pillə irəliləyib müstəntiq, prokuror, məhkəmə sədri, respublika səviyyəli Ağir Cinayətlər Məhkəməsinin hakimi vəzifəsinə qədər gəlmişəm. Respublikanın ağır günlərində sərhədyanı zonalarda prokurorluq orqanlarında müstəntiq, prokuror köməkçisi kimi çətin və ağır vəzifələrdə çalışmışam. Müharibə veteranıyam, o dövrlərdə dəfələrlə  ölümlə üz-üzə gəlmişəm, vətənə ləyaqətlə qulluq etmişəm. Fəaliyyət göstərdiyim 25-30 il ərzində heç vaxt işimdə nöqsan  olmayıb, heç vaxt kiminsə çörəyinə bais olmamışam, heç vaxt kiməsə qarşı dələduzluq etməmışəm. Respublikada tanınmışam, özümə görə nüfuzum və hörmətim, yüksək əməkhaqqım, özümə görə şəraitim və yaşam tərzim olub. Sənətimizdən dolayı qanunlardan xəbərim var, dələduzluğun nə olduğunu, onların necə cəzalandırıldığını bilirəm. Belə olan surətdə, bunları bilə-bilə mən nə üçün dələduzluq etməliyəm ? Məntiq yoxdur. Nəyimə lazımdır? Əgər desəydilər, mən hakim olaraq kimdənsə onun işinə köməklik etmək üçün, alacağı cəzanı daha yüngül cəza ilə əvəz etmək üçün və sairə hər hansı bir məhkəmə işi ilə bağlı nəsə almışam, bu, yenə bir az inandırıcı olardı. Çünki bəzən hakimlərimizə də belə şər-böhtanlar atırlar. Yoxsa hakimin kimisə icra başçısı işinə düzəltməsi nə inandırıcıdır, nə də ağlabatan.

Ramazan Səlimovun iddia etdiyi icra başçısı vəzifəsinə təyinat Prezident Aparatının səlahiyyətinə aiddir və həmin vəzifəyə təyin olunma ilə bağlı bütün yoxlamalar və araşdırmalar həmin orqan tərəfindən həyata keçirilir. Qeyd edilən vəzifəyə aid olunan tələblər çox sərtdir. Yəni istər ulu öndərimiz Heydər Əliyevin, istərsə də onun layiqli davamçısı, möhtərəm prezidentimiz cənab İlham Əliyevin rəhbərlik etdiyi dövrlərdə həmin vəzifələrə ən layiqli adamlar seçilib və seçilir. Özü də həmin kadrlar o vəzifələrə Ramazan Səlimovun təyin olunmaq istədiyi yolla yox, tam şəffaf yolla təyin edilirlər.

Ən önəmli fakt budur ki, icra başçısı vəzifəsinə namizəd sonda möhtərəm prezident tərəfindən qəbul olunur, müvafiq söhbətlər aparılır, sonra isə təyinat barədə sərəncam verilir. İndi özünüz düşünün,  baxın, bu altı aylıq məhkəmə araşdırması zamanı hamını tanıdınız: bu Ramazan Səlimovu möhtərəm prezidentə təqdim etmək olarmı?

Qətiyyən yox. İndi özünüz düşünün: mən o pulu ondan almışam, ya yox!

And içirəm şərəfimə ki, mən ondan o pulu almamışam, o, dələduzluq edib məni aldadaraq qəbz və borc müqaviləsi əldə edib. Bəli, bu qədər sadəlöhv olduğum üçün, belə səhlənkarlıq etdiyim üçün bu gün qınanıram, özüm özümü qınayıram.

Mənə qarşı bu çirkin oyunu quran və həyata keçirən şəxslər elə düşündülər ki, onların arxalarında duran qohumları, vəzifəli şəxslər qüdrətlidir və hər şeyə qadirdir, ürəkləri istədiyi hər şeyi edə bilərlər, istədikləri insanın taleyi ilə oynayıb onun həyatını məhv edə bilərlər. Lakin onlar unutdular ki, bu ölkənin sahibi var, bu ölkənin qanunları var, bu ölkənin qanuni seçilmiş prezidenti var, onun ədaləti və iradəsi var.

Bu gün mənə qarşı atılan bu haqsız addım heç bir məntiqə, sübuta, fakta söykənməyən, mülahizə və fərziyyələrə əsaslanaraq qondarılmış uydurma bir ittihamdır. Mənə atılan bu böhtan və şər tək mənə yox, Azərbaycanın bütün hakimlərinə atılan şər-böhtandır. Məhkəmə-Hüquq Şurasının fəaliyyətinin şəffaflığına atılan bir böhtandır. Əgər mən dələduzamsa, belə çıxır ki, Məhkəmə-Hüquq Şurası, Ədliyyə Nazirliyi hakimləri seçərkən hec də düzgün  seçim qənaətinə gəlməyiblər, möhtərəm prezidentə də onların yanlış seçimi təqdim edilib. Halbuki mən məhkəmələrin və hakimlərin müstəqilliyinə inanıram.

Hörmətli məhkəmə heyəti! Sizdən xahiş  edirəm ki, müstəqil Azərbaycan Respublikasının qanunlarını rəhbər tutaraq, heç bir təsirə məruz qalmadan qanuni və ədalətli qərar qəbul edərək mənim barəmdə bəraət hökmü çıxarasınız”.

Həmçinin oxuyun

Ermənilər Qazaxla sərhəddən getmək istəmirlər – VİDEO

Azadlıq Radiosu Qazaxla sərhəddə yerləşən erməni kəndindən (Vosgepar) reportaj hazırlayıb.  Reportajda yerli erməni sakinlər yaranmış …

Bir cavab yazın