Cümə axşamı , Oktyabr 22 2020
Ana səhifə / Aktual /  SABİQ “ÇEKİST” MTN HAQDA :  “Məlumatın dövriyyəyə buraxılması, daha kimləri susdurmağa hesablanıb?” (MÜSAHİBƏ)

 SABİQ “ÇEKİST” MTN HAQDA :  “Məlumatın dövriyyəyə buraxılması, daha kimləri susdurmağa hesablanıb?” (MÜSAHİBƏ)

Artıq MTN adı tarixə qovuşub. Məlum səbəblərdən həmin adın ləğv edilməsi qərarına gəlindi. Çünki ləğv edilmiş qurumun ən yuxarı qatında əyləşənlərin konkret cinayət əməlləri ifşa olundu və onlar barəsindi həbs qətimkan tədbiri seçildi. Hazırda dəmir barmaqlıqlar arasında olanlar sırasında sabiq MTN-in bir neçə sabiq generalı belə var. Baş verən hadisənin üstündən xeyli müddət keçsə də, cəmiyyətin həmin hadisələri maraqla izlədiyi ortaya çıxır. Çünki hələ də, cavab ala bilmədiyimiz kifayət qədər suallar var. Azinforum.az bu marağı nəzərə alaraq, ləğv olunmuş MTN ətrafında baş verənlərə xüsusi xidmət orqanlarının sabiq əməkdaşı, Azərbaycan Sosialist Partiyasının sədri Elşən Həsənovla müsahibədə aydınlıq gətirməyə çalışıb.

 

– MTN ətrafında baş verənlərlə bağlı hər kəs öz sözünü dedi. Amma sabiq “çekist” kimi sizin bu mövzuda fikirlərinizə rast gəlmədik.

– Hər halda, bu vaxta qədər çox maraqlı fikirlər söylənildi. Fikirlər maraqlı olmaları ilə bərabər, onu söyləyən insanların da hansı dərəcədə məlumatlı olduqlarını, hansı tərəfə meyl etdiklərini, hansı komandada oynadıqlarını da açıb ortaya qoymuş oldu. Bu səbəbdən də, gözləməyə üstünlük verdim.

– Necə bilirsiniz, əvvəldən başlayaq, yoxsa gündəmi zəbt etmiş 2800 videoçəkiliş məsələsindən?

 

– Nəticəni doğuran səbəbləri araşdırmadan, nəsə söyləmək çətindir. Əlbəttə ki, ilk növbədə: Bu niyə belə oldu? – sualına cavab tapmalıyıq.

 

el

 

 

-O zaman sualı elə belə də qoyaq: Bu niyə belə oldu?

– Sual sadə səslənsə də, düşünməyə ciddi əsas yaradır. Bunun niyə belə olması səbəbini ilk növbədə kadr təyinatında və onu yaradan səbəblərdə axtarmaq lazımdır. Yaxşı yadımdadır, Eldar Mahmudovun təyinatı tanıdığım, görüşdüyüm hər kəsdə şok effekti yaratmışdı. Ələlxüsus da peşəkarlar arasında. Heç zaman praktikada tətbiq olunmayan bu tip təyinat, bizdə tətbiq edilmişdi. Bundan savayı, SƏDM (OBXSS-red) kimi neqativ mühitin yetişdirdiyi, haqqında söz-söhbətlər gəzən birisinin təhlükəsizlik orqanına faktiki olaraq dövlət içində dövlət olan bir quruma nazir postuna gətirilməsi, sualların və dedi-qoduların meydana çıxmasına şərait yaradırdı. Bəs təyinata səbəb nə idi? Sədaqətmi, savadmı, təcrübəmi və yaxud sadalanması vaxtımızı alacaq digər cəhətlərmi? Ola bilsin Eldar Mahmudov sədaqətli idi – yalnız öz prinsiplərinə. Ola bilsin o savadlı idi – pulu necə qazanmağın yolunu bilirdi. Ola bilsin o təcrübəli idi – kimdən, harda, nə zaman və nə qədər ala biləcəyini gözüyumulu hesablayırdı. Məsələnin sonu elə dediyim kimi də bitdi – bütün sadaladığım məziyyət və keyfiyyətlər, bu şəxsin əsl simasını üzə çıxarardı. Düşünürəm ki, zaman bütün bunların cavabını verəcək. Sonda aydın oldu ki, ölkə başçısına lazım olan parametrlərə heç də uyğun gəlməyən birisinin təqdimatı verilibmiş.

– Nəticədə MTN-in nüfuzuna böyük zərbə dəydi, təşkilat olaraq parçalandı. Digər dövlət strukturları da bundan az ziyan çəkmədilər.

– Bəli, tamamilə haqlısınız. MTN-in nüfuzuna ciddi zərbə dəydi. Təkcə ona dəymiş kadr ziyanını təsəvvür edə bilsəniz, dəhşətli mənzərənin şahidi olarsınız. Məsələni aydınlaşdırmaq üçün sadə bir misal çəkim. Ümumiyyətlə, təhlükəsizlik orqanlarında işə qəbul məsələsi digər orqan, təşkilat və strukturlardan köklü surətdə fərqlənir. Qapalı təşkilat olduğu üçün, işə qəbul edilə biləcək potensial kadrlar müəyyən üsullarla təyin edilirdi. Onların üzərində aylarla, yaxud illərlə müşahidə aparılaraq şəxsi keyfiyyətləri, işə yararlılıq dərəcəsi öyrənilirdi. Yoxlamanı tam keçmiş şəxslərlə görüş təyin edilərək onların bu orqanda fəaliyyəti haqqında söhbətlər aparılırdı. Bütün bu proseslərdən sonra həmən şəxs orqanlarda işləmək hüququ qazanırdı. Məhz buna görə də, bu orqanda çalışan kadrlar, öz hazırlığı, peşə səviyyəsi, şəxsi keyfiyyətləri baxımından digər orqanlarda çalışan kadrlardan köklü surətdə fərqlənirdilər. Amma gəlin görək, sonra nə baş verdi? Dövlət və dövlətçilik haqqında anlayışları olmayanlar, savad və səviyyələrinə görə adi statistik orta səviyyəli kadrlardan heç nə ilə fərqlənməyənlər bu orqana necə ayaq açdılar? Mətbuatdan tanış olduğumuz kimi belə “ kadrlar ”, müəyyən olunmuş normada, vəzifə və səlahiyyətlərinə uyğun olaraq haqq ödəməklə işə qəbul edilməyə başladılar. Əvəzində köhnə, savadlı, təcrübəli kadrlar işdən uzaqlaşdırılmağa, sıxışdırılmağa başladılar. Nəticə göz qabağında idi. MTN-in adı daha çox narkotik ticarəti ilə mübarizə aparan təşkilat kimi hallanmağa başladı.

– Son nəticədə təşkilat iki yerə parçalandı…

-Bəli. Bu labüd idi. Əslinə qalanda MTN tərkibində olan: kəşfiyyat və əks-kəşfiyyat idarələri hər zaman ayrı – ayrılıqda fəaliyyət göstəriblər. Lakin iş belə gətirdi ki, söyləmək istəmədiyim səbəblərdən qurumun parçalanması məsələsi zərurətə çevrildi. Qısası, daha az ziyan çəkən kəşfiyyat sahəsini tam xilas etmək mümkün oldu.
Digər dövlət strukturları dedikdə yəqin ki, ilk növbədə Rabitə Nazirliyi və Vergilər Nazirliyini nəzərdə tutursunuz.

-Elədir…

– Gəlin məsələni belə qoyaq. Həyatımızı əhatə edən bütün sahələrdə orqanlarla əməkdaşlıq edən şəxslərin fəaliyyət göstərməsi normal haldır və qaydadır. Bütün bunlar, dövlətin təhlükəsizliyi məqsədinə xidmət etməlidir. Amma qeyd etdiyim şəxslərin vəzifə və səlahiyyətlərindən cinayətkar məqsədlərlə istifadə etməsi təbii ki, yolverilməzdir və şahidi olduğumuz ağır nəticələrə gətirib çıxarır. Mətbuatdan da tanış olduğumuz kimi Rabitə Nazirliyi, Vergilər Nazirliyi və MTN-də fəaliyyət göstərən bəzi rəhbər şəxslər dövlətə xidmət göstərməli olduqları halda, vəzifələrindən sui-istifadə etmişlər. Müxtəlif zamanlarda maddi sərvətə malik olan insanların əllərində olan əmlak və varidatlarının onlardan zorla necə alınması xəbəri heç kim üçün yenilik deyil. Bunun necə həyata keçirilməsi barədə bir çox yazılar dərc edildiyindən, məsələnin üstündə dayanmaq istəməzdim. Yəni maddi imkanı olan şəxs nəzarətə götürülür, onun müəyyən məbləği ödəməsi tələb olunur, razı olmadıqda danışıqları dinlənilir, hərəkət marşrutu, maraqları, ünsiyyət sferası öyrənilir və son nəticədə MTN-ə çağırılır. Sonrası da ki, məlum məsələdir. Lakin onların cinayətləri yəqin ki, təkcə bununla bitməyib. Nazir Əli Abbasovun işdən kənarlaşdırılması, rabitə strukturlarında fəaliyyət göstərən bəzi şəxslərin cəzalandırıması, strateji əhəmiyyət daşıyan bu strukturda daha ağır cinayətlərin işlədilməsi haqqında düşüncələrə əsas verir. Yəqin ki, məsələ heç də təkcə sıravi vətəndaşların telefon danışıqlarının dinlənilməsində deyil. Burada daha ağır çəkili fiqurların, dövlət rəhbərliyində təmsil olunan şəxslərin də telefon danışıqlarının dinlənilməsindən gedə bilər. Amma rabitənin heç də bütün növlərinin Rabitə Nazirliyinin əlində olmaması ikinci bir sual yaradır. O zaman digər rabitə növlərinə onlar hansı vasitələrlə çıxmışlar? Həmən o digər dediyimiz xüsusi növ rabitədən ölkənin ali rəhbərliyinin istifadə etdiyini nəzərə alsaq, o zaman MTN-in danışıqlara qulaq asmasında marağı nə idi? Gördüyünüz kimi cavabı verilməli olan suallar çoxdur.

 

– Doğrudan da, ölkənin ali rəhbərliyinin danışıqlarına qulaq asmaqda nə kimi maraq ola bilərdi?

 

– Məsələnin maraqlı tərəfi də elə bundadır. Axı ali rəhbər vəzifəli şəxslər sıravi birisi deyildi ki, onları da şantaj edərək maddi marağını təmin edəydin. Deməli iştah daha böyük idi, hakimiyyətə yiyələnmək arzusu. Atalarda bir məsəl var: “İştah yemək zamanı daha da artar”. Bax, bunların da iştahı yemək zamanı artmağa başlamışdı. Onlara təkcə bunu həyata keçirmək qalırdı. Yaxşı ki, məsələnin üstü vaxtında açıldı və bu bəladan qansız, qadasız ötüşdük.

 

-Sizcə bu necə baş verməli idi? Həyata keçmə mexanizmi haqqında müəyyən bilginiz və ya gümanınız varmı?

– Bilgim yoxdur. Amma buna qədər və bundan sonra baş verən hadisələr, bəzi nəticələrə gəlməyə əsas verir. Hərçənd ki, söyləyə biləcəklərimdə də iddialı deyiləm. Bu da variantlardan biri ola bilər.

Fikirlərinizi eşitmək maraqlı olardı.

– Yaxşı, olsun. Yadınızdadırsa bütün bu hadisələr Prezidentin Astana görüşündən dərhal sonra baş verdi. Güman etdiyimə görə, görüş zamanı prezident, yalnız özü ranqlı birisi – daha yaxşı, təchiz edilmiş, yüksək keyfiyyətli, işlək bir kəşfiyyat xidmətinə malik olan, digər dövlət başçısı tərəfindən ölkəmizi gözləyən təhlükə barədə məlumatlandırıla bilərdi. Təbii ki, qısa vaxt aparacaq, tam məxfi sayıla bilən bu görüş, protokol xidməti tərəfindən qeydə alına bilməzdi. Ona görə də məlumatın kim tərəfindən verilməsi qaranlıq qalır. Vəziyyətin ciddiliyi və təxirə salınmaz tədbirlərin həyata keçirilməsi o dərəcədə zəruri olur ki, ölkəyə qayıdan prezident, dərhal hərəkətə keçir. Başımızın üstündən necə bir xətanın sovuşduğunun fərqindəmisiniz?

 

-O zaman bunu necə başa düşək? Ümumiyyətlə əgər belə bir plan vardısa, onu necə həyata keçirmək istəyirdilər? Bu, kimlərə sərf edirdi?

 

– Belə bir planın olub-olmaması haqqında məndə məlumat yoxdur. Mən bunun məhz belə olduğunu da iddia etmirəm. Hadisələrin gedişatı, sürətlə baş verməsi onu göstərir ki, vəziyyət çox ciddi olub. Ölkə başçısının təhlükəsizlik nazirini bir göz qırpımında işdən kənarlaşdırması, ciddi mətləblərdən xəbər verir. Bu sıradan bir hadisə deyil.
Həyata keçirilmə mexanizminə gəldikdə isə, burada mən bir variantın üzərində dayanmaq istərdim. Daha inandırıcı görünən məhz aşağıdakı ehtimaldır.
Yaşayış məntəqələrinin birində iğtişaşlar başlayır. Sosial siyasətdən narazı, bir qrup siyasətdən kənar insanlar, radikal çıxışları ilə tanınmış birisinin çıxışlarının təsiri altında onun arxasınca gedirlər. Hesablama çox sadə olur. Yaxın vaxtlarda digər yaşayış məntəqələri də hərəkata qoşulacaq, narazı kütlə meydanlara axışacaq, burada xarici dövlətlərdən bəzilərinin dəstəyi də olmaqla hərc—mərclik yaranacaq. Radikal çıxışlara malik insana açıq-aydın şəkildə, onu dəstəkləyəcəklərinə söz verirlər. İşini yerinə yetirmiş insan sonradan aradan götürülür və onun yerinə səhnəyə, xilaskar obrazında digərləri daxil olur.
Lakin bunlar çox ciddi bir faktı nəzərə almamışdılar.İlham Əliyevin nüfuzunu və şəxsi əlaqələrini.
Fürsətdən istifadə edib vətəndaşların da nəzərinə bir məsələni çatdırmaq istərdim. Özünə müxalifətçi söyləyən, əzabkeş obrazı yaradan, çətinliklərdən istifadə edib sosial problemləri qabardaraq radikal çıxışlar edən hər kəsin arxasına düşüb getməsinlər. Bəzi incə mətləbləri bilməməyiniz həm sizi, həm də dövləti çox çətin duruma sala bilər.

 

-Elə maraqla danışdınız ki, elə bil detektiv bir filmin bir parçası keçdi gözümün önündən.
Bu hadisələr artıq ötüb keçmişdir. İndi də gündəmi MTN-in çəkdiyi 2800 intim xarakterli video materialların olması məsələsi zəbt edib. Bu məsələyə münasibətiniz necədir?

– Əvvəla maraqlıdır ki, bu çəkilişlərin sayının 2800 və yaxud 3000 olduğunu kim dəqiqliyi ilə bilir? Məgər Eldar Mahmudovun bu barədə hansısa bir açıqlaması olubmu? Ağlı başında olan bir insan deyə bilərmi ki, mən 2800 məmurun və yaxud digər şəxslərin intim videolarını çəkdirmişəm? O zaman sual doğur :Bu rəqəm haradan götürülüb? Söhbət yəqin ki, MTN tərəfindən bu illərdə, bütün dövr ərzində aparılmış əməliyyat çəkilişlərinin sayından gedir. O zaman yenə də bir sual doğur: Əməliyyat çəkilişlərinin sayı haqqında məlumat tam məxfi olduğu halda , bu məlumatı kənara kim ötürüb? Ümumiyyətlə bu məsələnin qabardılmasında məqsəd nədir? Olmaya məlumatın dövriyyəyə buraxılması, daha kimlərisə susdurmağa hesablanıb? Görürsünüzmü, suallar çoxdur. Amma diqqətlə nəzər yetirdikdə, onları cavablandırmaq o qədər də çətin olmur…
Rövşən ƏLİ
AZİNFORUM.AZ

Həmçinin oxuyun

Əliyar Əliyev və Mais Bərxudarovun – FOTOSU

Azərbaycanın Milli Qəhrəman Əliyar Əliyevin yeni fotosu yayılıb.  Fotoda hazırda Qarabağda döyüş meydanında olan general-mayor …

Bir cavab yazın