Ana səhifə / Aktual / “Sabah Nəcməddin Sadıkovun hansı qiyafədə peyda olacağı bəlli deyil”

“Sabah Nəcməddin Sadıkovun hansı qiyafədə peyda olacağı bəlli deyil”

Ermənistanın Ordusunun Baş Qərargah rəisi hərbi çevrilişə cəhd etdi. Hələ ki, baş nazir Nikol Paşinyan bu cəhdin qarşısında dura bilsə də sonun necə olacağı aydın deyil. Hərbi çevriliş cəhdini edən baş qərargah rəisi Onik Qasparyanın birbaşa Rusiya hərbi əks-kəşfiyyatının adamı olduğu onun karyera tərcümeyi-halından da görünür.

Paşinyanı istefaya səsləyən baş qərargah rəisi Onik Qasparyan 1988-1990-cı illərdə SSRİ ordusunda xidmət edib. Qasparyan SSRİ dağıldıqdan sonra təhsilini Rusiya Müdafiə Nazirliyinin zabit kurslarında davam etdirib. Qasparyan 1998-2001-ci illərdə daha 3 il Rusiya silahlı qüvvələrinin akademiyasında təhsil alıb. Qasparyan 2008-ci ildə yenidən Rusiya silahlı qüvvələrinin hərbi akademiyasında bir il təhsil alıb. Bundan sonra Qasparyan Ermənistan ordusunda müxtəlif vəzifələrdə çalışıb. Baş nazir Nikol Paşinyan Rusiyanın adamını məhz Moskvanın istəyi ilə 8 iyun 2020-ci ildə Baş Qərargahın rəisi təyin edib. Yəni Onik Qasparyan hərbə dair nə öyrənibsə Rusiyaya borcludur. Ekspertlər isə bildirir ki, Rusiya hərbisi heç zaman xarici ölkələrdəki müdavimləri ilə əlaqəni kəsmir.

İndi isə Qasparyan Nikol Paşinyana asi çıxıb və ya asi çıxarılıb. Onun bu işi Rusiyanın gizli tapşırığı ilə etdiyi iddiaları var. Azərbaycanın da bir neçə ay öncəyə qədər Baş Qərargah rəisi olan Nəcməddin Sadıqovun da Rusiyaya bağlı olduğu kimsəyə sirr deyildi. Bəs o və digər Rusiyaya bağlı olduğu deyilən generallar vəzifədən getsələr də orduda təsir imkanları qalırmı? Dövlətimiz Ermənistanda başlayan proseslərə həm də bu kontekstdən baxırmı, baxmalıdırmı? Rusiyaya bağlı qüvvələr – həm orduda, həm mülki vəzifələrdə – fəallaşa, problem yarada bilərmi?

Milli təhlükəsizlik nazirinin sabiq birinci müavini, Azad Demokratlar Partiyasının sədri Sülhəddin Əkbər “Yeni Müsavat”a bildirdi ki, Ermənistanda baş verən çevriliş cəhdi Azərbaycan dövləti, xalqı, hakimiyyəti üçün də hər mənada dərs çıxarılmalı hadisələrdir: “Bu, bir daha göstərdi ki, çox böyük təmizlənmələrə gedilməlidir. Biz neçə illərdir deyirik ki, Azərbaycanda Rusiyanın ”5-ci kolon”u var və hakimiyyətdə çox güclü mövqelərə sahibləniblər və bu, Azərbaycan üçün böyük təhlükə mənbəyidir, ona görə də çox böyük təmizlənmə aparılmalıdır. Böyük təmizlənmə deyəndə biz nəyi nəzərdə tuturuq? Yəni Azərbaycan sistemli, ardıcıl mərhələli metodik şəkildə dövlət və hökumət strukturlarını bu “5-ci kolon”dan təmizləməlidir. Belə olmayan halda təbii ki, bu qüvvələr daxilimizdə qaldıqca təhlükə də daxilimizdə hər zaman qalacaq.

Çox təəssüf ki, Azərbaycanda bu addımların atılması yubandı. Düzdür, müharibə ərəfəsində və müharibənin gedişində təmziləmə istiqamətində bəzi addımlar atıldı. Ramiz Mehdiyevin Prezident Administrasiyasından çıxarılması, Nəcməddin Sadıkovun Baş Qərargahdan uzaqlaşdırılması müsbət addımlar idi. Amma görün necə atıldı bu addımlar, Ramiz Mehdiyev bu gün də problem olaraq alır, Nəcməddin Sadıkovun harada olması haqqında isə Azərbaycan ictimaiyyətinin heç bir məlumatı yoxdur. Bu şəxslərdən birinin dövlət idarəetmə sistemində rayonlardan mərkəzə qədər adamları, uzantıları hələ də qalır, birinin isə silahlı qüvvələrdə, orduda yerləşdirdiyi çoxsaylı kadrlar qalır. Ona görə də Azərbaycan hakimiyyəti böyük təmizləməni mütləq aparmalıdır. Ermənistanda məhz baş qərargah rəisinin və az qala ordunun bütün rəhbərliyinin hərbi çevriliş cəhdini Azərbaycan hakimiyyəti də böyük təmizləmə aparmaq üçün siqnal kimi qəbul etməli və təcili hərəkətə keçməlidir.

Böyük təmizləmənin gecikməsindən bizim narahatçılığımız davam edir. Azərbaycanın vətənini sevən, milli maraqlardan çıxış eləyən bütün müxalifət müharibədə olduğu kimi bu məsələdə də dövləti, dövlət başçısını müdafiə eləməyə hazırdır. Təki bu böyük təmizlənmə başlasın. Özü də düşünməyin ki, “5-ci kolon” təkcə ordudadır, bu, Prezident Administrasiyasından tutmuş, bütün hüquq-mühafizə orqanları, təhsil sisteminə, dini sisteminə qədər yerləşdirilib. Bunu az-çox bilənlərdən biri də mənəm. Yerləşdirilən həmin şəbəkənin nə qədər güclü olduğu haqqında sizin təsəvvürünüz belə yoxdur”.

S.Əkbər qeyd etdi ki, Azərbaycanda bu, bir milli problemdir, milli məsələdir. Bu məsələdə milli birliyə ehtiyac var: “Bu da əslində müharibənin davamıdır. Buna belə baxmaq lazımdır. Bu, əslində, 44 günlük müharibədən də çətin bir müharibə olacaq. Çünki bunun görünməyən tərəfləri çoxdur və uzun müddət tələb edir. Ermənistan hakimiyyəti çəkinirdi böyük təmizlənmə işi aparmaqdan. Gördünüz nələr baş verdi və baş verməkdədir. Azərbaycanda dediyim kimi, müharibə ərəfəsində və müharibənin gedişində təmizlənmə istiqamətində bəzi addımlar atılıb. Amma bunlar təhlükənin aradan qalxması üçün yetərli deyil. Bu problem Azərbaycanda qalır. Azərbaycan elə bil gizli düşməni yaralayıb. Yaralı düşmən daha təhülkəlidir. Heç kim düşünməsin ki, bu problem tam həll olunub. Tam tərsinə, problem daha da aktuallaşıb və daha da təhlükəli hala gəlib. Sabah məsələn, Nəcməddin Sadıkovun haradan hansı qiyafədə peyda olub-olmayacağı bəlli deyil. Ramiz Mehdiyevin sabah hansı prosesə start verib-verməyəcəyi də həmçinin. Bu adamlar və bütün uzantıları tamamailə neytrallaşdırılmalıdırlar, tam təsirsiz hala gətirilməlidirlər. Ona görə də Azərbaycanda illüstrasiya haqqında qanun qəbul olunmalıdır və məsələnin qanunvericilik bazası yaradılmalıdır, bu baza əsasında da normativ sənədlər hazırlanmalı və bunun ardınca bütün hakimiyyət və hökumət strukturlarına fəaliyyət planı getməlidir. Bundan sonra isə sistemli böyük təmizlənmə başlanmalıdır. Bunun üçün də bütün millətlə dövlət səfərbər olmalıdır”.  /Musavat.com

Həmçinin oxuyun

Quru sərhədlərin açılmaması ilə bağlı yeni versiyalar: Hökumət nədən çəkinir?

Azərbaycanın quru sərhədlərinin daha üç ay bağlı qalması ilə bağlı qəbul edilən axırıncı qərardan sonra …