Ana səhifə / Aktual / Sabah Aşuradır -24 rayonda qan veriləcək

Sabah Aşuradır -24 rayonda qan veriləcək

Əzadarlıq mərasimlərində zəncir vurmaqla bədənə xəsarət yetirmək və baş yarmaqla qan çıxarmaq İslam qanunlarına ziddir

Sentyabrın 20-də bütün dünya müsəlmanları Aşuranı qeyd edəcək. Aşura mərasiminə Azərbaycanda hökumət orqanları və dini qurumlar ciddi şəkildə hazırlıq görür. Son illərdə qəbul olunan bir sıra məhdudiyyətlər də Aşura günü tətbiq olunacaq.

Sentyabrın əvvəlində QMİ-nin Qazılar Şurasının Məhərrəm ayının başlaması ilə əlaqədar verdiyi fətvada qeyd olunur ki, mövcud qanunvericiliyə əsasən, təziyə məclisləri məscidlərdə, ibadət ocaqlarında və onlara aid ərazilərdə təşkil olunmalı, ictimai asayişə mane olmamalıdır. Dini mərasim və ayinlər yalnız QMİ-nin rəsmi şəkildə təyin etdiyi din xadimləri tərəfindən idarə edilməlidir. Din xadimləri moizələrində Həzrət Hüseynin (ə) mübarizəsinin və Kərbəla faciəsinin mahiyyətini düzgün çatdırmalı, şəhidlik fəlsəfəsinin açıqlanmasına, habelə vətən təəssübü və milli mənafelərimizin təbliğinə çalışmalıdırlar.

Bundan başqa, QMİ-nin fətvasında ibadət məkanlarından kənarda kütləvi yürüşlər, özünə və ətrafdakılara xəsarət yetirə biləcək alətləri, başqa ölkələrin bayraq və digər dövlət rəmzlərini mərasimlərə gətirmək qadağan edilir. Bundan başqa, fətvada qeyd olunur ki, əzadarlıq mərasimlərində dinimizin təyin etdiyi əxlaqi meyarlara riayət olunmalı, soyunmaq, zəncir vurmaqla bədənə xəsarət yetirmək və baş yarmaqla qan çıxarmaq İslam qanunlarına ziddir və İmamın, Kərbəla şəhidlərinin xatirəsinə hörmətsizlikdir. Bundan başqa, QMİ təziyə məclislərində uşaqların iştirakı qeyri-məqbul hesab edir.

QMİ-dən ile ilgili görsel sonucu

QMİ-dən bildirildi ki, bu, il hər il olduğu kimi, yenə də respublikanın bir sıra şəhər və rayonlarında Aşura günlərində qanvermə aksiyaları keçiriləcək. Ümumilikdə 24 rayon olmaqla 28 yerdə qanvermə aksiyası keçiriləcək. Bunlardan 20-si məscidlərdə, 8-i isə xəstəxanalarda keçiriləcək. QMİ-nin fətvasında qeyd olunur ki, Səhiyyə Nazirliyi QMİ-nin başlatdığı bu kampaniyaya dəstək əlaməti olaraq məscidlərlə yanaşı, ibadət məkanlarına yaxın ərazilərdə yerləşən tibb məntəqələrində (xəstəxana və poliklinikalarda) də qanvermə aksiyalarının həyata keçirilməsini təmin edəcək.

Qeyd edək ki, builki Aşura günlərində təhlükəsizlik tədbirlərinin görülməsi məqsədilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Bakı Şəhər Baş Polis İdarəsi birgə tədbir keçirib. Hökumət rəsmiləri Aşura günləri təxribat olmaması ilə bağlı xəbərdarlıq ediblər. Qeyd edək ki, Azərbaycanda Aşura günü hansısa təxribatın olacağı ilə bağlı rəsmi dairələrdən hər hansı bir açıqlama yoxdur. Bu səbəbdən də xəbərdarlıqların və ciddi Aşura hazırlıqları ilə bağlı konkret risklərin olduğu, yoxsa sadəcə texniki təhlükəsizlik tədbirləri olduğu məlum deyil.

Xatırladaq ki, 2015-ci ildə qəbul olunmuş “Dini ekstremizmə qarşı mübarizə haqqında” Qanuna əsasən qapalı ibadət məkanları (Məscid, hüseyniyyə və sair – K.R.) istisna olmaqla, digər yerlərdə Aşura və əzadarlıq mərasimləri keçirilə bilməz. O cümlədən evlərdə təziyə məclisləri keçirilə bilməz. Qapalı məkanlardan kənarda dini simvol, bayraq və digər matəm əlamətlərini asmaq, yapışdırmaq qadağandır. Avtomobillərin üzərinə Məhərrəmliklə bağlı yazıların yazılması qadağan edilib, bunu edənlər yol polisi tərəfindən saxlanılaraq cərimələnir.

Bundan başqa, təhlükəsizlik səbəbindən Tasua (Aşuradan öncəki gün – K.R.) və Aşura günləri kütləvi yürüşlərin keçirilməsi də qadağan edilib. Ancaq görünür, builki Gəncə hadisələrindən sonra müəyyən narahatlıq var və dövlət qurumları hansısa aksiyanın keçirilməsindən ehtiyat edir.

Lakin ümumilikdə artıq 7 gündür keçirilən Məhərrəmlik mərasimlərində hər hansı narahatlıq doğuran hadisə baş verməyib. Əvvəlki illərdə olduğu kimi, matəm mərasimləri keçirilir.

Həmçinin oxuyun

Füzuli Ələkbərov məhkəməyə müraciət etdi

Keçmiş əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərov Bakının Səbail rayonu ərazisində yerləşən mülkiyyətin …