Cümə , Aprel 19 2024
Ana səhifə / Aktual / Sərnişin təyyarəsinin vurmasına fərqli yanaşmalar: İranı nə gözləyir? (ŞƏRH)

Sərnişin təyyarəsinin vurmasına fərqli yanaşmalar: İranı nə gözləyir? (ŞƏRH)

“Bu hadisənin İranın hərbi, siyasi, beynəlxalq nüfuzuna xüsusi bir təsiri olacağını düşünmürəm. Çünki belə bənzər böhran vəziyyətlərində, hərbi münaqişələr, müharibələr dövründə bu cür hadisələr olur. Hətta hərbi-siyasi cəhətdən ən inkişaf etmiş dövlətlərdə, hərbi texnoloji baxımdan qabaqcıl dövlətlərdə də belə hadisələr tarix boyu, dəfələrlə olub”. 
Bu sözləri Qaynarinfo-ya İran hökumətinin ölkə ərazisində Ukraynaya məxsus mülki təyyarənin bir səhv nəticəsində vurulduğunu etiraf etməsinin onun hərbi, siyasi, beynəlxalq nüfuzuna təsiri haqqında danışarkən politoloq Sülhəddin Əkbər deyib.
“Dünyanın ən inkişaf eləmiş “hərb maşını”na sahib olan Amerika Birləşmiş Ştatları belə dəfələrlə öz müttəfiqlərinə bu cür “dırnağarası” dost zərbələri endirib. Təbii ki, indiki halda bu İran üçün də xoşagəlməz bir durumdur, amma yəqin ki, irəlidə daha detallı şəkildə, bu çox ağır nəticələrə səbəb olan xətanın necə baş verdiyi də açıqlanacaq”. 

İranın bu etirafından sonra Ukraynanın Beynəlxalq Məhkəməyə müraciət edib-etməyəcəyi haqqında da danışan ekspert bildirib ki, İran artıq bunu etiraf edibsə, məsələnin məhkəməyə getməsini istəməyəcək və Ukrayna və ya bu hadisədə öz vətəndaşlarını itirən ölkələrə təzminat verəcək. Çünki onlar yaxşı başa düşür ki, bunu qəbul etməsələr, məsələ onlar üçün daha ağır nəticələnə və hətta Beynəlxalq Məhkəməyə qədər gedib çıxa bilər. Məsələnin danışıqlar yolu ilə həll olacağını düşünürük. 
Bu hadisənin İranın terrorçuluğa dəstək, terrorçu ölkə kimi qiymətləndirməsinə səbəb ola biləcəyi, siyasi nüfuzuna necə təsir edəcəyindən də danışan politoloq bildirib ki, hadisənin terrorla heç bir əlaqəsi yoxdur, hadisə çox ciddi hərbi səhv nəticəsində baş verib. İranın öz nüfuzuna zərbə vuracaq, öz ərazisində dinc əhalinin həlak olmasına səbəb olacaq bu hadisənin baş verməsində heç bir marağı ola bilməz:
“Bu vəziyyətdə İran ABŞ tərəfinin mülki təyyarəsini vurmuş olsaydı, onda nəticələri daha ağır ola bilərdi. ABŞ da daxil olmaqla, bir sıra ölkələr artıq bunun bir səhvin nəticəsi olduğunu qəbul edib”. 
Baş verən hadisənin və İranın etirafının nə ilə nəticələnə biləcəyindən danışan politoloq Qabil Hüseynli isə bildirib ki, bu hadisəyə qiymət vermək artıq beynəlxalq tribunalın işidir. 
Mən belə düşünürəm ki, Haaqa tribunalı bu məsələləri araşdıracaq. Hələ əsas tərəf – Ukrayna hökuməti şikayət etməyib. Politoloq bildirib ki, bu mütləqdir. Ukrayna tərfi hər halda məsləyə hüquqi cəza verilməsi üçün məhkəməyə müraciət edəcək. Bütün məsələlər aydınlaşdıqdan sonra hadisənin hüquqi tərəfi araşdırılmalıdır.
Məncə, bütün dünya bu dəhşətli hadisəni qınamalıdır və İran məsuliyyət daşımalıdır. Məhkəmə hələ burada sərnişinlərin ailəsinə konpensasiya ödənilməsinə baxmalıdır”.
İranı gözləyən cəza haqqında da danışan politoloq bildirib ki, bu hadisədə İranı siyasi cəza gözləyir və bu hadisə onun dünyadakı terrorçu imicini bir az daha artıracaq.
Hərbi ekspert Üzeyir Cəfərov isə açıqlamasında İranın bundan nəticə çıxarmalı olduğunu vurğulayıb: 

 “Həm İraqda ABŞ-a aid bazaların vurulmasında iştirak edən hərbçilərin səriştəsizliyi, həm də bu hadisənin baş verməsi, eyni zamanda onun gizlədilməsi İran Silahlı Qüvvələrinin nüfuzuna ləkədir.  “Biz düşünürdük ki, onların Suriya, İraq kimi və digər təcrübələri var. Amma reallıq onu göstərdi ki, İran hərbçiləri bağışlanmaz səhvə yol verdilər. Düşünürəm ki, sabah İran ordusunun rəhbər şəxslərinin müşavirəsi olacaq və ortaq qərar qəbul ediləcək. Ən azından Hərbi Hava Qüvvələrinin Komandanlığında, yəqin ki, ciddi cəza tədbirləri görüləcək. Ukrayna ilə məsələyə gəlincə isə inanmıram ki, buna görə iki ölkə arasındakı münasibətlər korlansın. Qəsdən törədilə bilməz. Yəqin ki, çaşqınlıqdan olub. Çünki ölənlər arasında xeyli sayda İran vətəndaşı və İranın gələcəyi olacaq tələbələr də var. İran ciddi nəticələr çıxarmalıdır. Düşünürəm ki, bununla bağlı ciddi ölçülər götürüləcək. Həmçinin orada Azərbaycan təyyarəsi də, Azərbaycan vətəndaşları da ola bilərdi. Mən çox istəyərdim ki, Azərbaycan da bu məsələ ilə bağlı öz mövqeyini bildirsin. Ən azından Xarici İşlər Nazirliyi səviyyəsində müəyyən narahatlıqlar dilə gətirilməlidir”.
Xatırladaq ki, yanvarın 8-də İran ərazisində Ukraynanın mülki təyyarəsinin vurulması nəticəsində ekipaj üzvləri də daxil olmaqla göyərtəsində olan 176 nəfər həlak olub. Bu gün isə İran hökuməti bu hadisənin İran Hərbi Hava Qüvvələrinin səhvi nəticəsində baş verdiyini etiraf edərək, hadisədə həlak olanların ailələrindən üzr istəyib. 
“İran günahını etiraf etdi, lakin biz Tehrandan bütün məsuliyyəti öz üzərinə götürməsini, şəffaf və tam bir təhqiqat aparılması üçün zəmanət istəyirik”, – belə bir bəyanatla bu gün Ukrayna Prezidenti Vladimir Zelenski çıxış edib.

Həmçinin oxuyun

Xocalı aeroportu Azərbaycanın nəzarətinə keçir – VİDEO

İşğaldan azad edilmiş ərazilərdə daha bir mühüm strateji obyekt tam Azərbaycanın nəzarətinə keçəcək. Bunu açıqlamasında …