Ana səhifə / Aktual / Sərdar Cəlaloğlu: “Meyiti bir neçə dəqiqəyə hissələrə ayırmaq olar”

Sərdar Cəlaloğlu: “Meyiti bir neçə dəqiqəyə hissələrə ayırmaq olar”

Partiya sədri Qaşıqçının doğranma texnologiyasını açıqladı

Səudiyyə Ərəbistanının İstanbuldakı baş konsulluğunda “Washington Post” qəzetinin müxbiri Camal Qaşıqçının başına gətirilənlər dünya mətbuatının gündəmindən düşmür. Xüsusilə də ən çox dartışılan və insanları heyrətə gətirən məsələ jurnalistin bədəninin doğranmasıdır. Bəzi mənbələrdə Qaşıqçının diri-diri doğranması, digərlərində isə boğularaq öldürüldükdən sonra bədəninin hissələrə ayrılması qeyd olunub.  Məlumatlara görə, bunun üçün xüsusi mütəxəssis də çağırılıb və o, Qaşıqçını doğrayan zaman qulaqcıq vasitəsilə musiqi dinləyib. Yaxınlıqda bu prosesdən narahat olanlara da tövsiyə edib ki, qulaqcıq taxıb, musiqi dinləsinlər.
Moderator.az xəbər verir ki, məsələ ilə bağlı müsavat.com-a danışan ADP sədri Sərdar Cəlaloğlu bəzi detallara toxunub. Əvvəlcə məlumat üçün onu qeyd edək ki, Sərdar Cəlaloğlu  Azərbaycan Tibb Universitetində ali tibb təhsili alıb. İxtisasca məhkəmə-tibb ekspertidir. Yəni o, insan meyitinin yarılması prosesində iştirak edib. S. Cəlaloğlu bildirdi ki, insan bədənini hissələrə ayırmaq üçün bəzi tibbi məsələləri bilmək lazımdır:
“Yayılan məlumatlarda qeyd olunub ki, meyiti doğramaq üçün özləri ilə ekspert gətiriblər. Həmin ekspert də ona görə gətirilib ki, meyitin parçalanması üçün ən azından tibbi bilik lazımdır. Ekspertin ətrafdakılara qulaqcıqdan istifadə etməyi tapşırması da bununla bağlıdır ki, proses çox ağır psixoloji hadisədir. İnsanı parçalamaq asan məsələ deyil. Adi bir heyvanı da doğrayan zaman insan narahat olur. Ona görə də proses ətrafdakılara mənfi təsir etməsin deyə, ola bilər ki, ekspert bu cür fikir səsləndirib. Ancaq bütövlükdə təbabətdə belə bir şey yoxdur ki, meyiti yaran zaman hökmən qulağına nə isə taxmalısan. Diri-diri doğrayıblar, yoxsa ki, yox, bunu söyləmək çətindir. İşgəncə vermək məqsədilə Babəki də xəlifənin gözünün qarşısında parçalamışdılar.
Əgər cəza veriblərsə, təbii ki, onu diri-diri də parçalaya bilərlər. Həmçinin daşımaq üçün də boğub, hissələrə ayırmaları mümkündür. Meyitin hissələrə ayrılmasında məqsəd onu daha asan gizlətməkdir. Məsələn, başını bir yerə atırlar, qollarını digər yerə və sairə. Eyni zamanda səfirlikdən çıxaranda da bölünübsə, kənardan baxanda bunun insan cəsədi olması təsəvvürü yaranmır. Meyitin hissələrə ayrılması anatomik bilgi əsasında aparılır. Həkimlərin hamısı bilir ki, qol bazudan, dirsəkdən və biləkdən ayrıla bilər. Aşağı ətrafları isə dizdən, topuq və buddan ayırmaq mümkündür. Baş isə onurğa sütununun birinci fəqərəsindən çox asanlıqla ayrılır. Bütövlükdə bədəni isə bölmək olmur. Çünki daxili orqanlar kənara çıxır. Ona görə də çox güman ki, Qaşıqçının da başını, ayaq və qollarını ayırıblar. Bədənini isə ayrıca hissə kimi götürüb, haradasa gizlədiblər. Yəni onun bədənini ayırmırlar. Çünki daxili orqanlar tökülən zaman yığışdırmaq da çətindir”.
Cəlaloğlu bildirib ki, bunun üçün hər hansı bir xüsusi laboratoriya şəraitinə ehtiyac yoxdur:
“Meyiti yarmaq üçün adi stol da kifayət edir. Eyni zamanda döşəmənin üzərində də insan meyitini bir neçə  dəqiqə ərzində hissələrə ayırmaq olar. Oynaqlardan ayırmaq çox ağır proses deyil. Görürük ki, qəssab da 15-20 dəqiqə müddətində böyük bir heyvanı hissələrə ayırır. Faktiki olaraq qəssabların əti hissələrə ayırması ilə meyitin parçalanması arasında heç bir fərq yoxdur. Burada artıq həkimlikdən deyil, qəssablıqdan söhbət gedir. Həkim olan adam bu cür cinayətdə iştirak etməz”.
Cəlaloğlu hesab edir ki, bütün proses öncədən düşünülmüş planın bir parçasıdır: “Burada çox mürəkkəb oyun oynanılıb. Qaşıqçının konsulluğa gələcəyi öncədən bəlli olub və Səudiyyə Ərəbistanından da Türkiyəyə xüsusi briqada gəlib. Meyitin bu cür öldürülüb basdırılması, Səudiyyə Ərəbistanının onun konsulluqda öldürülməməsi ilə bağlı bəyanatı bir şeyi ağıla gətirir ki, cinayəti öncə Türkiyənin üzərinə qoymaq istəyiblər. Bilirik ki, şahzadə Salmanın Türkiyəyə olan münasibəti olduqca pisdir. Türkiyə sübut edəndə ki, bunu Səudiyyə Ərəbistanı edib, o zaman artıq Amerikanın da Türkiyə üzərinə gəlməyə bəhanəsi qalmadı. Artıq Amerikanın əlində çox ciddi əsas var ki, Səudiyyə Ərəbistanını istənilən şərtə məcbur etsin. Bundan öncə onlar heç bir şərtə əməl etmirdilər. Trampın verdiyi bəyanatdan da bu, aydın şəkildə görünür. Deyir ki, Səudiyyəyə yatırımlar edəcəyik, ancaq silah ticarətində heç bir məhdudiyyət olmayacaq. Şahzadə Salmanın bu proseslərdən kənarda qalması üçün milyardlarla dollar xərci də çıxacaq. Səudiyyə Ərəbistanı lazımi ödənci ödədikdən sonra Qaşıqçının qanı batacaq. Ona görə də Avropa ölkələri bu hadisə ilə bağlı narahatdır və sona qədər gedilməli olduğunu bildirirlər. Bu məsələdən Amerikanın da müəyyən dairələri əvvəlcədən məlumatlı olublar. Düşünüblər ki, hadisə baş tutarsa, Türkiyə, tutmasa, Səudiyyə Ərəbistanı Amerikanın şərtlərini yerinə yetirsin”.

Həmçinin oxuyun

Quru sərhədlərin açılmaması ilə bağlı yeni versiyalar: Hökumət nədən çəkinir?

Azərbaycanın quru sərhədlərinin daha üç ay bağlı qalması ilə bağlı qəbul edilən axırıncı qərardan sonra …