Çərşənbə axşamı , May 18 2021
Ana səhifə / Aktual / “Sərt karantinin xeyri olmadı və olmayacaq da…” – Tibb Universitetinin sabiq rektoru

“Sərt karantinin xeyri olmadı və olmayacaq da…” – Tibb Universitetinin sabiq rektoru

Sərt qadağalar ölkənin iqtisadiyyatına da ciddi zərbə vurur…”“Bir ildən çox  olan bir müddətdir ki, karantin davam edir – bu, zarafat deyil. İşsizlik yaranır, imkansız təbəqələrin vəziyyəti gündən-günə pisləşir…” “Hesab edirəm ki, sərt karantinə getməyin xeyri olmadı və olmayacaq da. Sərt karantinin əsas elementlərindən biri “sms”lə icazə idi. Ondan da, hamı istifadə edib hər gün küçəyə çıxır, nəqliyyata minirdi… Sonda da yoluxmaların sayı indiki – maksumum həddə gəlib çıxdı. Sadəcə, hər bir vətəndaş  şüurlu şəkildə bütün dünyanın riayət etdiyi karantin qaydalarına lazımınca əməl etməlidir. Eyni zamanda peyvəndlənmə aksiyalarını daha da fəallaşdırmaq  gərəkdir. Maariflənmə işini gücləndirmək lazımdır ki, hər kəs könüllü olaraq peyvənd olunsun…”  Bu fikirləri Moderator.az-a açıqlamasında eks-spiker, Azərbaycan Tibb Universitetinin sabiq rektoru, Milli Elmlər Akademiyasının müxbir üzvü, professor Yaqub Məmmədov söyləyib. Keçmiş ölkə rəhbəri sərt karantin tədbirlərinin ölkə iqtisadiyyatına, xalqın ümumi rifah halına vurduğu zərərlərdən də bəhs edib: “Digər tərəfdən, onu  da vurğulamaq gərəkdir ki, sərt qadağalar nəticəsində bir sıra müəssisələrin, o cümlədən ictimai iaşə və ticarət oyektlərinin işləməməsi və ya sərt məhdudiyyət çərçivəsində fəaliyyət göstərməsi ölkənin iqtisadiyyatına da ciddi zərbə vurur. Bir ildən çox  olan bir müddətdir ki, karantin davam edir – bu, zarafat deyil. İşsizlik yaranır, imkansız təbəqələrin vəziyyəti gündən-günə pisləşir. Odur ki, müvafiq hökumət qurumlarının da deyilənləri nəzərə alaraq  karantin tədbirlərinin daha da sərtləşdirilməsi üçün qərar verəcəyinə inanmıram. Hələ ki belə bir niyyət hiss olunmur…”  “Amma təəssüf ki,  pandemiya ilə bağlı proseslər, yoluxma və ölüm halları da  yalnız bizdə yox, bütün dünyada davam edir. Məlum vurus mutasiya olunur, yeni ştamları yaranır. Yəni, bu, çox mürəkkəb bir prosesdir” –deyən həmsöhbətimiz  pandemiyanın ağır fəsadlarından qurtulmağın yeganə tibbi yolunun peyvəndləşmə və bunun nəticəsində ölkədə və dünyada kollektiv immunitet yaranmasının olduğunu dilə gətirib. “Mən özüm də, bildiyiniz kimi, peyvənd vurdurmuşam və zərrə qədər də olsun, fəsad-filan hiss etməmişəm. Eyni zamanda tanıdığım bir çox həkimlər,  alimlər, o cümlədən Tibb Universitetinin əməkdaşları da  peyvənd olunublar. Və heç kəsdən hər hansı bir şikayət eşitməmişəm. Həmçinin, peyvəndin kimdəsə ağır fəsad, reaksiya verməsi barədə rəsmi fakt da olmayıb. Arada bəzi bəd xəbər həvəskarları müxtəlif əsassız şayiələr yayırlar… Hər halda bu, pandemiyanın qarşısını almaq üçün yeganə spesifik vasitədir. Hazırda “COVİD-19” infeksiyasının bilavasitə spesifik müalicəsi yoxdur. Yalnız onun əlamətləri, simptomları müalicə olunur. Bilavasitə bioloji faktora qarşı, yəni virusun özünə qarşı müalicə yoxdur. Odur ki,  vaksinasiyadan çəkinmək lazım deyil. Şükür Allaha, dövlətimiz bu prosesi təşkil edib. Sadəcə, hər kəs gedib peyvənd olunmalıdır ki, ölkədə və son nəticədə dünyada kollektiv immunitet yaransın ki, bu bəladan qurtulaq” – deyə tibb professoru  vurğulayıb.

Həmçinin oxuyun

Nəsimi rayonu Vaqif prospekti boyunca yerləşən parklarda və yaşıllıq zolaqlarında abadlıq işlərinə başlanılıb

Nəsimi rayonu ərazisində məhəllə və binaların, küçə və parkların abadlaşdırılması, yaşıllıqların salınması, yolların və səkilərin …