Cümə axşamı , Dekabr 3 2020
Ana səhifə / Aktual / Şərq döyüş növlərinin Azərbaycan əfsanəsi

Şərq döyüş növlərinin Azərbaycan əfsanəsi

Bu gün internetdən hətta yeni istifadə etməyə başlamış oğlan uşaqlarından belə Brus Linin, Ceki Çanın, Cet Linin və Bolo Yanqın kimliyi barədə soruşsaq inanın ki, bəlkə də vikipediyada olduğundan da artıq məlumat verərlər bizə. Razıyam, bu idmançıların hər biri dünya şöhrətli ulduzlardır. Əlbəyaxa döyüş növlərinin bu və ya digər növü üzrə bir çox nailiyyətlərə imza atmış ustad idmançılardır onların hər biri. Amma gəlin elə həmin uşaqlara belə bir sual da verək. Görəsən onlar döyüş səhnələrini böyük maraqla izlədikləri amerika filmlərində yenilməz əsgərlər kimi təqdim olunan xüsusi təyinatlılara real həyatda əlbəyaxa döyüş növlərindən təlim keçən azərbaycanlı ustadı tanıyırlarmı? Böyük ehtimalla əksəriyyəti bu suala yox cavabı verəcək. Amma təəssüf, çox təəssüf. Çünki Süleyman müəllimi tanımamaqla və tanıtmamaqla o deyil, biz itiririk, Azərbaycan idmanı itirir. Əlbəttə, Süleyman Məmmədli barədə bu gün cəmiyyətimizdə tam məlumatsızlığın olduğunu da iddia etmək olmaz. Elə internet vikipediyasına da onun barəsində müəyyən məlumatlar yerləşdirilib. Qısa arayış: Süleyman Məmmədli Tovuz rayonunda anadan olub. Orta təhsilini Tovuzda, ali təhsilini isə Rusiyada alıb.

Daha sonra Azərbaycan İdman Akademiyasını bitirib. 1969 -cu ildə ilk dəfə karate idman növüylə tanış olduqdan sonra Şərq döyüş növləriylə məşul olmağa başlayıb. 80 -ci illərdə şəxsi çağırışla Macarıstana gedib və idman dərəcəsi alıb. 70-dən artıq döyüş sənətini bilir. 1983 -cü ildə bu ölkəyə növbəti səfər zamanı bura məşq keçməyə gəlmiş kyokşinkayın yaradıcısı məşhur Oyama ilə tanış olub. 90-cı illərdən başlayaraq taekvandoyla da məşğul olmağa başlayıb. Müxtəlif beynəlxalq seminarlarda iştirak eləmiş, 60 dövlətdə olub. 2004 -cü ildə ABŞ-da taekvandonun yaradıcılarından olan Bok Mann Kimlə tanış olub. Bundan sonra Çun Kuhn Do ilə məşğul olub. İlk dəfə dünyada ən yüksək dərəcə olan Qrand master dərəcəsini də ABŞ-da alıbdır. Bundan əvvəl və sonralar bir neçə seminarlarda iştirak etmiş,hazırda 4 növ üzrə 10-cu dan qara kəmər, 10 növdən isə Qrand masterdir. Dünyada ikinci belə bir idmançı yoxdur. Beynəlxalq dərəcəli hakim və eyni zamanda gənclərlə birgə yarışlarda çıxış edir. Amma bütün bunlar həqiqətən də son dərəcə qısa arayışdan başqa bir şey deyildir. Ümumilikdə Süleyman Məmmədli kombat hapkido üzrə dünya çempionu (2004), taekvondo üzrə Dünya Kubokunun sahibi (2005), döyüş sənətləri üzrə Avropa çempionu (2006), dünya çempionu (2007, 2010), Tam kontakt üzrə dünya çempionu (2007), döyüş və kompleks üzrə dünya qızıl kubokunun ikiqat qalibi (2007), Mudo Dünya kubokunun ikiqat qalibi – Kompleks və döyüş (2008), döyüş sənətləri üzrə Avropa kubokunun qalibi (2009), hapkido üzrə dünya çempionatının müxtəlif növlər üzrə 1 qızıl və 2 gümüş medal sahibi (2010), BUDO Döyüş sənətləri üzrə Dünya çempionu (2011), Çin Döyüş sənətləri üzrə dünya çempionu (2011), Qarışıq Döyüş sənətləri “Fight Cup” çempionu (2011), Qarışıq döyüşlər üzrə Avropa çempionudur (2011). Bir çox döyüş növlərini Azərbaycana məhz o gətirib.

Belə ki, Süleyman Məmmədli Azərbaycanda taekvondonun, hapkidonun, uşunun, kikboksinqin, subakso tanqsudonun, çun kundonun, Tae Kuk Mu Sul-un, Cit Kun Do-nun, Donq Ku Yudo Kvan-ın və s. yaradıcısıdır. Həm də bütün bunlar sadəcə rəsmi ad və ya fəxri titullar deyil. Cəmi bir neçə sətirə sığan bu ifadələrin hər kəlməsinin arxasında uzun illərin əzmkar mübarizəsi, dərin fəlsəfi biliklər və əlbəttə ki, real döyüşlər və qələbələr durur. Bütün bunların müqabilində, ömrünün 68-ci ilini yaşayan Süleyman müəllim bu gün Azərbaycanda yetərincə tanınır. Dahi ustad təvəzökar insabdır.Şair təbiətli Ş Məmmədli bəzən hamıdan kənar gəzir. Süleyman müəllim mətbuata verdiyi müsahibələrin birində özü də bunu etiraf edib: “Azərbaycanda o qədər qaynayıb-qarışmıram. Elə bil tərki-dünyayam, dərvişəm. Amma dünya miqyaslı ustalarla daha çox görüşmüşəm. Heç deməzsən ki, bu ustadır. Sadəliyi sevirlər…” Amma inanın ki, bir çox xarici ölkələrdə Süleyman Məmmədli kimi ustadı artıq çoxdan bir idola, pərəstiş rəmzinə çevirmişdilər.

Bununla belə, şərq əlbəyaxa döyüş növlərinin, demək olar ki, əksəriyətində – Çun-kuhn, Kombat miksed, Ful kontakt, Koreya kombatı, Mu sul taekvondo, Jut kune do və özünün yaratdığı Turan Do döyüş növləri üzrə qrand-master dərəcəsi almış Süleyman müəllim dünya peşəkarları arasında çox yaxşı tanınır və onun döyüş sənəti yüksək qiymətləndirilir. Bu gündə qocaman ustadın təcrübəsindən bir çox xarici ölkələrdə yetərincə bəhrələnirlər. ABŞ, Kanada, Danimarka Rusiya, Özbəkistan, Almaniya, Hollandiya və daha neçə-neçə ölkədə hapki-do və yuxarıda sadaladığımız digər növlər üzrə keçirdiyi seminarlar öz nəticəsini uzun müddət gözlətmir. Ötən il ABŞ-ın Miçiqan ştatında hapki-do üzrə keçirdiyi 20 günlük seminardan sonra Miçiqanın yığma komandasının 16 üzvü dünya çempionatında 24 medal qazanıb. Həmin yarışda S.Məmmədli özü də iştirak edərək, 2 qızıl, bir gümüş medal sahibi olub. Eyni zamanda da Süleyman Məmmədlinin məhz Azərbaycan adına imza atdığı uğurların da sayı yetərincədir. Hazırda rəhbəri olduğu Azərbaycan Hapki-Do Federasiyası ölkəyə ən çox medal gətirən federasiyadır. İki il bundan əvvəl isə hapkidoçular bu sahədə rekordçu oldular, beynəlxalq yarışlarda 164 medal qazandılar. Adətən dünya şöhrətli idmançılar, tanınmış ustadlar barəsində zaman keçdikcə müxtəlif rəvayətlər, əfsanələr yaranır. Amma Süleyman Məmmədli bu mərhələni çoxdan keçib. Bu gün Süleyman müəllim artıq özü bir əfsanədir.

Şərq döyüş növlərinin Azərbaycan əfsanəsi. Həm də bu əfsanə təkcə Azərbaycanın deyil, artıq bütün dünyanın irsinə çevrilmək haqqına çoxdan sahib olmuşdur.

Rəhman Məhərrəmov

Şərq döyüş növlərinin Azərbaycan əfsanəsi

Şərq döyüş növlərinin Azərbaycan əfsanəsi

Həmçinin oxuyun

İsraildə böhran, yoxsa Baydenə görə siyasi dizayn (ŞƏRH)

“Baydenin qələbəsindən sonra regionda və qlobal miqyasda kartlar yenidən paylanır”.Bu sözləri politoloq Şahin Cəfərli İsraildə …

Bir cavab yazın