Cümə , Oktyabr 30 2020
Ana səhifə / Aktual / Sərdar Cəlaloğludan ona hücum edənlərə sərt cavab

Sərdar Cəlaloğludan ona hücum edənlərə sərt cavab

“Özlərini ifşa etmiş şəxsləri mənə qarşı danışdırırlar”

Son günlərdə gündəmdə olan əsas şəxslərdən biri Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğludur. Prezident seçkiləri ərəfəsində irəli sürdüyü Azərbaycan-Türkiyə konfederasiyasının yaradılması təklifi partiya sədrini hədəf nöqtəsinə gətirib.

Sabiq prezident Ayaz Mütəllibov, AMİP lideri Etibar Məmmədov, deputatlar Tahir Kərimli, Araz Əlizadə, Tahir Rzayev, Musa Musayevin konfederasiya təklifinə sərt mövqelərinin ardından son olaraq, Yeni Azərbaycan Partiyası (YAP) İdarə Heyətinin üzvü, Milli Məclisin regional məsələlər komitəsinin sədri Arif Rəhimzadəməsələyə mövqe bildirib.

O qeyd edib ki, bu cür düşünənlər müstəqil Azərbaycan dövlətçiliyini istəmirlər: “Mən onun bu cür çıxışları ilə hələ tanış deyiləm. Əgər Sərdar Cəlaloğlu doğrudan da belə fikirlər səsləndiribsə, o, çox böyük səhv edir. Görünür ki, o, tamamilə başını itirib. Ulu Öndər ikinci dəfə hakimiyyətə qayıtmasaydı, bəlkə də müstəqilliyimizi qoruyub saxlaya bilməzdik. Çünki yeni müstəqillik qazanan dövrdə Azərbaycanda vəziyyət qeyri-sabit idi, müstəqilliyimizə qarşı ciddi təhlükələr var idi. Ulu Öndər Heydər Əliyev Azərbaycanı düşdüyü böhrandan xilas etdi”.

Qeyd edək ki, S.Cəlaloğlu təkcə bu təklifinə görə gündəmə gəlməyib. Onun Londonda villasının olduğu, xaricdən maliyyələşdirildiyi, oğlunun hərbi xidmətdən yayındığı barədə mətbuatda yazılar dərc olunur. Partiya sədri bu cür yazılar dərc edən big.az, olke.az, oxu.az, report.az, qaynar.info və modern.az saytlarını yaxın günlərdə məhkəməyə verəcək.

ADP sədri “Yeni Müsavat”a açıqlamasında konfederasiya təklifinə sərt mövqelər sərgiləyənlər barədə bunları deyib:“Seçkidə iştirakım və orada göstərdiyim mövqe ruspərəst qüvvələr və digərlərinin mənimlə bağlı bu cür kampaniya təşkil etmələrinə ən başlıca səbəbdir. Bu kampaniyanın heç bir təsiri yoxdur. Cəmiyyətdə nüfuzu olmayan, özlərini ifşa etmiş şəxsləri mənə qarşı danışdırırlar. Bu da mənim xeyrimədir. Görünür, bəzi qüvvələr prezident seçkilərindəki iştirakımdan narazı qalıblar. Çox güman ki, kampaniya hələ bir müddət davam edəcək. İmkan daxilində şəxsiyyətsiz adamlardan mənə qarşı istifadə edəcəklər. Bəzi saytlar barədə məhkəməyə müraciətlə bağlı sənədlər hazırlamışıq. Həmin saytlar verdikləri yazılara görə cavab verməlidirlər. Əslinə baxsaq, cəmiyyətimiz politikdir. Türkiyə-Azərbaycan münasibətlərinə qarşı ruspərəst qüvvələrin hücumu təşkil olunub. Gərək iki qardaş ölkənin münasibətlərinin tərəfdarı olanlar buna qarşı birləşərdilər. Amma təəssüflər olsun ki, bunu bacarmırlar. Görünür, onların millətçilikləri elə bura qədərdir. Bununla bağlı həmin qüvvələrə müraciətim tamamilə mənasız olardı. Təkbaşına onların hamısının cavabını vermək gücündəyəm. Mən o qüvvələrə ancaq cavab verirəm, hücum etmirəm. Son olaraq Arif Rəhimzadə barəmdə xoşagəlməyən fikirlər səsləndirib. Bu insanın mənim üçün heç bir dəyəri yoxdur. Arif Rəhimzadə Azərbaycanın müstəqilliyinin, suverenliyinin, Azərbaycan türkünün əleyhinə açıq şəkildə fəaliyyət göstərən bir şəxsdir. O, xalqımızın, dövlətimizin, dilimizin düşmənidir. Bu baxımdan onun haqqında nəsə bir fikir söyləməyi artıq hesab edirəm”.

Həmçinin oxuyun

Təmkinli Əliyev, özgüvənsiz Paşinyan… – Kimin əlləri daha etibarlı görünür?

İngiltərəli təlimçi və bədən dili mütəxəssisi Martin Nyuman Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan baş naziri …