Ana səhifə / Aktual / “Səlahiyyətlərindən sui-istifadə edənləri vaxtında aşkarlamaq lazım idi” – Sabiqlər haqda iddialar

“Səlahiyyətlərindən sui-istifadə edənləri vaxtında aşkarlamaq lazım idi” – Sabiqlər haqda iddialar

İlham Əliyevin növbəti 7 il üçün prezident seçilməsindən sonra hökumət yenidən təşkil edilərkən, yeni iqtidar komandasında bəzi isimlərin yer almaması onlar barəsində ciddi ittihamların olduğu söyləntilərinə yol açdı. Hazırda sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov, eks-kənd təsərrüfatı naziri Heydər Əsədov, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin keçmiş sədri Əli Həsənovun adı ciddi korrupsiya faktlarında hallanmaqdadır. Hətta hökumət dairələrində hər üç şəxs barəsində araşdırmalara başlandığı iddia edilir. Xüsusilə “Dövlətqaçqınkom”un sabiq sədrinin işinin Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırıldığı bildirilir…

Azinforum.az xəbər verir ki, milli Məclisin deputatı Vahid Əhmədov Modern.az-a açıqlamasında eks-məmurlar barəsində səslənən iddialarla razılaşmır:

“Həmin nazirlər uzun müddət idi ki, qeyd edilən strukturlara rəhbərlik edirdilər. Əgər müəyyən nöqsanları olubsa, nazir olduqları müddətdə aşkara çıxarılmalı, müəyyən qərarlar verilməli idi. Bizdə adət halını alıb, insanlar işdən çıxarılandan sonra kütləvi informasiya vasitələri də, bəzi ekspertlər də o şəxslərdən yazmağa, onlar barəsində fikir yürütməyə başlayır. Vəzifədə olanda isə bu barədə yazmağı düşünmürlər belə. Ona görə də mən hesab edirəm ki, nazir vəzifəsindən gedibsə və yeni nazir təyin olunubsa, o, öz işilə məşğul olmalıdır. Yeni nazirlərin köhnə nazirlərin işini təftiş etmələrini qəbul etmirəm. Yeni nazirin öz strategiyası, perspektiv, inkişaf planı olmalı, cənab prezidentin verdiyi göstərişlərə, təlimatlara uyğun olaraq iş aparmalı, məsul olduğu sahənin inkişafı üçün çalışmalıdır. Amma çox təəssüf ki, bizdə buna çox az diqqət edirlər”.

 

V.Əhmədov bildirib ki, yeni təyinat alan nazirlərin əksəriyyətini şəxsən tanıyır:

“Gənc və nisbətən az təcrübəli olmalarına baxmayaraq, savadlı, bacarıqlı kadrlardırlar”.

 

Vəzifədən gedən bəzi məmurların əməllərindəki nöqsanlar barədə Prezident Adminstrasiyasının (PA) rəhbəri Ramiz Mehdiyevin də fikirlər səsləndirdiyini xatırlatdıqda, deputat “onun belə fikir söyləmək səlahiyyəti var” deyə bildirib:

“Ramiz Mehdiyev dövlət xadimidir, Prezident Adminstrasiyasının rəhbəridir, o deyə bilər. Çünki Ramiz Mehdiyevin təmsil etdiyi qurum idarəetmə sistemində yüksək statusa malikdir və onların hər şeydən çox yaxşı xəbərləri var. O qarışa bilər, yoxsa mətbautdan bir jurnalist, bir ekspert məlumat verir, digərləri də qoşulur ona “filan nazir yedi, dağıtdı, filan qədər mənimsədi”. Yaxşı bu nazir uzun müddət işləyib. Həmin müddətdə yoxlamalar olmayıb? Hesablama Palatası, Maliyyə Nazirliyi və digər qurumlar vaxtaşırı yoxlamalar aparıb. Necə oldu ki, o şəxslər nazir olan dövrdə nöqsanlar aşkarlanmadı, hər şey postdan gedəndən sonra meydana çıxdı?! Bu bizə yaraşan hərəkətlər deyil. Nazir vəzifəsini tutan və səlahiyyətlərindən sui-istifadə edən şəxsi vaxtında aşkarlamaq və məsuliyyətə cəlb etmək lazımdır. On illərlə vəzifədə oturanda olurlar ən yaxşı işləyən nazir, vəzifədən azad olandan sonra da olurlar korrupsioner. Bu necə olur, bu nə yanaşmadır, hansı məntiqə söykənir bu fikirlər?!”.

Həmçinin oxuyun

“Üstümə sönməmiş siqaret atdılar, məni müdafiə edənləri döydülər” – Nərmin Şahmarzadə

“Mübariz İbrahimov barədə statusuma görə mənə qarşı kampaniya başladılandan sonra təhsil aldığım Bakı Dövlət Universitetində …