Çərşənbə , Fevral 28 2024
Ana səhifə / Aktual / Şəhid Xudayar Yusifzadənin əziz xatirəsinə həsr olunmuş “Dastana dönən səs” adlı mahnı müsabiqəsi keçirildi-Foto

Şəhid Xudayar Yusifzadənin əziz xatirəsinə həsr olunmuş “Dastana dönən səs” adlı mahnı müsabiqəsi keçirildi-Foto

Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin tabeliyində fəaliyyət göstərən Bakı Gənclər Mərkəzinin təşkilatçılığı ilə 2 fevral – Azərbaycan Gəncləri Günü münasibətilə Vətən müharibəsi qəhrəmanı şəhid Xudayar Yusifzadənin əziz xatirəsinə həsr olunmuş “Dastana dönən səs” adlı mahnı müsabiqəsi keçirildi.
Tədbir şəhidlərimizin ruhunu 1 dəqiqəlik sükutla yad edilməklə və Azərbaycan Respublikasının Dövlət himnini səsləndirməklə başladı.

Daha sonra Ulu Öndər Heydər Əliyevin gənclərə verdiyi tövsiyələrlə bağlı videoçarx nümayiş olundu.

Tədbir seçim turundan müvəffəqiyyətlə keçən 14 gəncin ifa etdiyi mahnılarla davam etdi. Hər ifadan sonra münsiflər heyəti müsabiqə iştirakçılarına öz məsləhət və tövsiyələrini verdilər.

Münsif heyəti qismində Azərbaycan Respublikasının xalq artisti – Sabir Məmmədov, Azərbaycan Respublikasının əməkdar artisti – Teymur Əmrah, Azərbaycan və Özbəkistan Respublikasının xalq artisti – Gülyanaq Məmmədova və bəstəkar, vokalist – Qasım Xəlilov dəvət olunmuşdur.

Tədbirdə şəhid ailələri, qəhrəman qazilər, millət vəkilləri Aydın Mirzəzadə, Elman Nəsirov, Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin Gənclərlə iş şöbəsinin müdiri Ramil Cabbarov, Azərbaycan Respublikasının Gənclər Fondunun icraçı direktor vəzifəsini icra edən Qədir Xəlilov, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Dənyar Teymurlu, Azərbaycan Yazıçılar Birliyinin üzvü Zöhrə Ələsgərova, Qara Qarayev adına Mərkəzi İncəsənət məktəbinin direktoru, əməkdar müəllim Əziz Qarayusifli,əməkdar artist Səlim Abbasov, xeyriyyəçi Hacı Nuran və digər ictimai mədəniyyət xadimləri, mətbuat işçiləri və gənclər iştirak etmişdir.
14 iştirakçıdan ibarət olan mahnı müsabiqəsində 1-ci yerə Günay Məmmədova, 2-ci yerə Elşən Məmmədov, 3-cü yerə İslam Qasımov layiq görüldü. İlk üçlüyə daxil olan ifaçılar Bakı Gənclər Mərkəzinin rəhbərliyi tərəfindən fəxri diplomla və qiymətli hədiyyələrlə mükafatlandırıldılar. Digər iştirakçılar isə sertifikatlarla təltif olundular. Sonda fəxri qonaqlarımız, münsiflər heyəti müsabiqə ilə bağlı müsbət rəylərini, təşəkkürlərini, ürək sözlərini bildirərək, gənclər arasında belə müsabiqələrin daha çox keçirilməsini təqdirəlayiq hesab etdilər. Tədbirə ev sahibliyi edən Bakı Gənclər Mərkəzinin direktoru Nərgiz xanım Babayevə çıxış nitqində gənclərə hər zaman öz diqqət və qayğısını göstərən, onların rifahı yolunda, istedad və bacarıqlarının üzə çıxarılması istiqamətində mütəmadi tədbirlər, maraqlı layihələr həyata keçirən Gənclər və İdman Nazirliyinə, gənclərə hər zaman dəstək olan Cənab Fərid Qayıbova öz dərin minnətdarlığını bildirdi. Tədbir müsabiqə iştirakçılarının ifasında cəmi şəhidlərimizin əziz xatirəsinə həsr olunan “Xudayar” təsnifi ilə tamamlandı.

Həmçinin oxuyun

Gəncənin icra başçısı oğluna 6 bahalı maşın alıb – Araşdırma/Video

Gəncənin icra başçısı Niyazi Bayramovun oğlu Bəhram Bayramov bahalı avtomobilini ictimaiyyətdən gizlətmək üçün dövlət nömrə …