Çərşənbə axşamı , Noyabr 29 2022
Ana səhifə / Aktual / Şəhid oğlunun tabutu gəldi, ayağa dura bilmədi… – Videoreportaj

Şəhid oğlunun tabutu gəldi, ayağa dura bilmədi… – Videoreportaj

Məmmədovlar ailəsinin ağır keçən həyatına bir də ötən ay erməni təxribatının qarşısını alarkən Səfiyarın şəhid olması zərbə vurur. Şəhidimizin üçrəngli bayrağa bükülmüş tabutu Goranboya, Qızılhacılı kəndinə göndərilir. Səfiyarın anası oğlunun cənazəsini qarşılamaq üçün yataqdan ayağa dura, onu son mənzilə yola sala bilmir. Narıngül xanımın sağlamlıq durumu ailənin vəziyyətindən də ağırdır, onkoloji xəstədir.

“Qafqazinfo” olaraq Səfiyar Məmmədovun ailəsinə yollanırıq. Hər nə qədər çətin də olsa, kəndin ən kasıb evində, birotaqlı daxmada Narıngül xanımla söhbətləşirik. Məlum olur ki, Səfiyar Məmmədov ailənin maddi sıxıntılardan xilas olması üçün MAXE kimi hərbi xidmətini davam etdirirmiş. Şəhid olmamışdan öncə anası ilə danışıb, deyib, əməliyyatdan sağ-salamat gəl, qurban kəsəcəm.

“İki gün sonra oğlum özü qurban gəldi” deyir Narıngül ana…

Xüsusi Təyinatlı Qüvvələrin qəhrəman mənsubu Səfiyarın heç də böyük arzuları olmayıb. Yeganə istəyi o olub ki, ailənin maddi sıxıntılardan xilas etsin, heç kimə möhtac qalmasınlar. Onun arzularını düşmən snayperindən çıxan güllə ürəyində qoyub…

Səfiyarın qardaşı Orxanla, daha sonra Şəhriyarla da söhbətləşirik. Orxan kamera qarşısında danışmaqda çətinlik çəkir. Onun deyəcəyi sözləri, duyğuları, hissləri göz yaşları əvəzləyir. Şəhriyar da onun kimi…

“Bizim 20 qəpiyə möhtac qaldığımız günlər olub. Amma qardaşım şəhid olandan sonra 15 il görmədiyim əmilərim, nənəm qapıdan içəri girdi” deyir Şəhriyar.

Şəhriyarın ürəyindəki üsyan təkcə uzun müddət ata himayəsindən məhrum qalmasına görə deyil. O da yaxşı fərqindədir və bunu da təsdiqləyir ki, maddi imkanları yaxşı olsaydı, anasının müalicəsinin üzərinə vaxtında düşə bilərdilər. Düzdür, indi dövlət Narıngül xanımın müalicəsi ilə məşğul olur. Ümid də bunadır ki, ana ayağa qalxıb heç olmasa, oğlunun məzarını ziyarət edə biləcək…

Həmçinin oxuyun

AZƏRTAC-ın İdarə Heyətinin yeni sədri kollektivə təqdim olundu

“Qafqazinfo” xəbər verir ki, təqdimatda Hikmət Hacıyev çıxış edərək Prezident İlham Əliyevin tapşırıq və tövsiyələrini …