Ana səhifə / Aktual / Şəhid ailəsi ilə “Şərurlu İsfəndiyar” arasında ev qalmaqalı sona çatdı – təfərrüat

Şəhid ailəsi ilə “Şərurlu İsfəndiyar” arasında ev qalmaqalı sona çatdı – təfərrüat

Nəcibə Axundova: “Dövlət tərəfindən həll olunan bir məsələni müzakirə etməyə dəyməz”; İsfəndiyar Axundov:“Bu məsələdə mənim heç bir günahım olmayıb”

Şəhid Sənan Axundovun ailəsinin evinin tikinti maqnatı, “Şərurlu İsfəndiyar” kimi tanınan İsfəndiyar Axundovun şirkəti tərəfindən mənimsənilməsi iddiası cəmiyyətdə böyük rezonans doğurdu. Məsələyə dərhal birinci vitse-prezident Mehriban Əliyeva müdaxilə etdi və şəhidin ailəsi yeni mənzillə təmin olundu.

Buna rəğmən, sosial şəbəkələrdə hələ də hadisədə adı hallanan İsfəndiyar Axundov haqqında tənqid dolu statuslar yazılır.

Xatırladaq ki, jurnalist Aida Eyvazlının sosial şəbəkədə paylaşdığı status əsasında hazırlanan materiallarda bildirilirdi ki,  İsfəndiyar Axundovun şikayəti ilə aprel şəhidi Sənan Axundovun ailəsinə məxsus ev əlindən alınıb. Jurnalist yazırdı ki, Ali Məhkəməyə kasasiya şikayəti verən aprel şəhidimiz polkovnik-leytenant Sənan Axundovun ailəsinə qarşı qanunsuz qərar çıxarılıb: “Qanunsuz qərarın çıxarılmasını isə ”Şərurlu İsfəndiyar” sifariş verib. Belə ki, Sənan Axundov vəfat etməmişdən bir neçə il əvvəl “Kamran MMC”nin tikdiyi binadan 50 kvadratmetr yer götürüb, sonra “Kamran MMC”nin işçiləri haqqında fırıldaq etdiklərinə görə cinayət işi başlanılıb və binanın 11 mərtəbəsini “Şərurlu İsfəndiyar” alıb. Həmin binada əlavə 5 mərtəbə də tikib. “Şərurlu İsfəndiyar”ın sakinlərlə şərti belə olub ki, binadakı mənzillər üçün yenidən onun istədiyi qiymət ödənilməlidir. Sənan Axundov sağ olanda öz hüququnu qoruyub və məhkəmələrin birində qanuni qərar çıxarılıb ki, binadakı 50 kvadratmetrlik yerin sahibi onun özüdür”.

İsfəndiyar Axundov isə “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, o, hər zaman şəhid ailəsinə sayğı ilə yanaşıb. Bu məsələdə isə heç bir iştirakı yoxdur:

“Bu məsələnin əslində mənə heç bir aidiyyəti yoxdur. Həmin adamları da aldadan ”Kamran MMC”nin işçiləri olublar. Hazırda qeyd edilən MMC-nin sahibi həbsdədir. Məsələni daha dəqiq formada izah etsək, proses aşağıdakı kimi olub. Belə ki, 11 il bundan öncə  şikayətçilər ev alıblar. Elə həmin zaman da məhkəmə qərar çıxarıb ki, verilən sənədlərin hamısı saxtadır. Sənədi verən insanlar həbs edilib, hazırda da türmədə yatırlar. 11 ildən sonra zərərçəkən ailə müraciət edir ki, mənim saxta sənədimi hakimlər düzgün sənəd kimi bərpa etsinlər. Hələ 11 il bundan öncə rayon məhkəməsi, Apelyasiya Məhkəməsi və Ali Məhkəmə qərar qəbul ediblər ki, sənədlər saxtadır. Qanunu geriyə qaytarmaq olarmı? Deyim ki, həmin zaman aprel döyüşləri olmamışdı. İndi aprel döyüşlərində şəhid olan qardaşımızın qayınatası deyir ki, kürəkənim aprel ayında şəhid olub. Şəhidlər bizim inanc yerimizdir, ümidimizdir. İnsanların hər zaman and içdiyi qibləmizdir şəhidlər. Ancaq eyni zamanda bu dövlətin qanunu var. Qanunla mənim sənədlərimin hamısı qaydasındadır. Sadəcə olaraq, burada yanaşma fərqlidir. Haradasa məsələdə sui-istifadə, başqa məqsədlər var”.

Martın 29-da bu material geniş formada Musavat.com saytında dərc edildikdən sonra məlumat yayıldı ki,  ölkənin birinci vitse-prezidenti Mehriban xanım Əliyeva şəhid zabitin ailəsinə ev verib. Yeni iki otaqlı mənzil Bakının Nərimanov rayonu ərazisində yerləşir.

Bəs hazırda məsələ ilə bağlı son vəziyyət  necədir?

Nəcibə Axundova ile ilgili görsel sonucu

“Yeni Müsavat”a danışan şəhidin xanımı Nəcibə Axundova bildirdi ki, Heydər Əliyev Fondu tərəfindən müqavilələr onlara aprelin 2-də təqdim olunacaq: “Mehriban xanıma təşəkkür edirəm ki, bizə yardım etdi. Eyni zamanda mətbuat da sağ olsun ki, bu məsələni gündəmdə saxladı. Evlə bağlı Heydər Əliyev Fondu detallı məlumatı açıqlayacaq. Ona görə də hər hansı bir fikir bildirmirəm. Düşünürəm ki, məsələ yüksək səviyyədə öz həllini tapdı. Burada nəyisə müzakirə etməyə ehtiyac yoxdur”.

“Məsələ nə üçün 11 il sonra yenidən gündəmə gətirildi” sualına isə N. Axundova aşağıdakı cavabı verdi:

“Birincisi, qeyd edilən müddətdən sonra deyil. İkincisi də dövlət tərəfindən həll olunan bir məsələni müzakirə etməyə dəyməz. Sağ olsun dövlətimiz ki, bizə sahib çıxdı. Bir daha sübut etdi ki, bizim kimi ailələrə arxa olurlar. Buna görə də təşəkkürümü bildirirəm. Başqa fikrə də ehtiyac yoxdur. Xahiş edirəm ki,  bizi istəyirsinizsə, əlavə şərhdən uzaq durun”.

Məsələ ilə bağlı təkrar olaraq “Şərurlu İsfəndiyar”la da əlaqə saxladıq. İ. Axundov yenə də bildirdi ki, onun “Kamran MMC”  ilə heç bir əlaqəsi olmayıb: “İnanın ki, o adamların heç üzlərini də görməmişdim. Bu insanları aldadan şirkət ”Kamran MMC”dir. Həmin şirkətin mənimlə heç bir əlaqəsi yoxdur. Bu şirkətin rəhbərləri camaatı aldadıb, indi də bunun cəzasını çəkirlər, həbsdədirlər. Ötən günlər ərzində mənim adımı çox hallandırdılar. Televiziyalardan biri də yanıma gəldi. Bütün sənədlərimi göstərdim ki, həmin hadisə ilə mənim heç bir əlaqəm yoxdur. Mən qanuni qaydada işimi görürəm. İndiyə qədər də onlarla şəhid ailəsinə, məcburi köçkün ailəsinə yardım etmişəm. Bu kimi məsələləri dilə gətirməyi xoşlamıram. Ancaq indi kimlərsə ki, məni şəhid ailəsini küçəyə atmaqda qınayırsa, sözüm onlaradır. Mənim şəhidlərimizə hörmətim sonsuzdur. Onlar bizim qibləgahımızdır. Hər zaman da şəhid ailəsinə dəstək oluram. Ancaq bu məsələdə mənim heç bir günahım olmayıb”.

Həmçinin oxuyun

II dünya müharibəsi zamanı jurnalist kimi çalışan agent qadın – FOTOLAR

1940-cı ildə fransızların almanlara məğlub olması 6 həftə davam etmişdi. Protez ayaqlı agent qadın Virciniya …