Bazar , Oktyabr 25 2020
Ana səhifə / Aktual / Səfər Mehdiyev bacısı oğlunu niyə işdən qovub? – İDDİA

Səfər Mehdiyev bacısı oğlunu niyə işdən qovub? – İDDİA

Bu ilin aprel ayının 23-də Prezident İlham Əliyev “Azərbaycan Respublikası Nazirlər Kabinetinin yeni tərkibi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 21 aprel tarixli sərəncamına əlavələr edilməsi barədə sərəncam imzaladı. Həmin sərəncamla 2006-cı ilin fevral ayından Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini vəzifəsində çalışan Səfər Mehdiyev Dövlət Gömrük Komitəsinin sədri təyin edildi.

Səfər Mehdiyevin Dövlət Gömrük Komitəsinin sədri vəzifəsinə təyin olunmasına ictimaiyyət arasında, müxtəlif media qurumlarında fərqli yanaşmalar oldu. Bəziləri onun islahatçı kadr olacağını düşünərək gömrük sisteminə yeni nəfəs gətirəcəyini desələr də, digərləri uzun illərdən bəri gömrük sistemində kök atmış korrupsiyanın daha da dərinləşəcəyini, bürokratik əngəllərin daha da çoxalacağını qeyd edirdi.

Səfər Mehdiyevin Dövlət Gömrük Komitəsinə sədr təyin edilməsindən altı ay ötməsinə baxmayaraq hələ də yeni sədr haqqında olan düşüncələr öz fərqliliyini saxlamaqdadır. S.Mehdiyevin ötən aylar ərzində Gömrük Komitəsində etdiyi kadr dəyişiklikləri ictimaiyyətə Komitədə aparılan islahatın əsas hissəsi kimi təqdim olunsa da, bəzi iqtisadi ekspertlər və iş adamları bunu qəbul etmir, əksinə gömrük sistemində aparılan kadr dəyişikliklərində əsas məqsədin yüksək və strateji vəzifələrin müəyyən bir qrupun əlində cəmləşdirilməsinə hesablandığını qeyd edirlər.

Qlobal.az olaraq qeyd edək ki, Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev kimisə vəzifədən azad etməsi və yaxud vəzifəyə təyin etməsi barədə olan rəsmi qərarı əksər media qurumları tərəfindən də operativ olaraq işıqlandırılır. Dövlət Gömrük Komitəsinin sədrinin altı aylıq fəaliyyətinə diqqət yetirəndə də hiss olunur ki, o, mediayla çalışmaq istəyindədir.

Yuxarıda da qeyd etdiyimiz kimi, S.Mehdiyev qəbul etdiyi hər bir qərara görə Dövlət Gömrük Komitəsinin sədri kimi ictimaiyyət arasında, mediada və eləcə də sosial şəbəkələrdə ciddi müzakirə olunmaqdadır.

S.Mehdiyev haqqında sosial şəbəkələrdə aparılan bir müzakirə isə maraqlı olduğu üçün Qlobal.az-ın diqqətini çəkib.

Oktyabrın 19-da Dövlət Gömrük Komitəsində iş adamları ilə “Gömrük prosedurlarının sadələşdirilməsi üzrə təşəbbüslər” mövzusunda keçirilən görüş sosial şəbəkədə müzakirə olunarkən forum iştirakçılarından biri ilginc məqama toxunub. Həmin şəxsin yazdığına görə Səfər Mehdiyev Dövlət Gömrük Komitəsinin sədri təyin olunandan sonra gömrük sistemindəki korrupsiyaya uğramış şəxsləri vəzifədən uzaqlaşdırmağa başlayıb. Korrupsiyaya uğramış gömrük işçilərini vəzifədən uzaqlaşdıran Səfər Mehdiyev hətta bacısı oğlu Sahib Əmrəliyevi də işdən azad edib.

Maraqlıdır ki, 12 il Dövlət Gömrük Komitəsinin sədrinin birinci müavini işləyən Səfər Mehdiyev bu illər ərzində bacısı oğlu Sahib Əmrəliyevin korrupsioner fəaliyyətlə məşğul olduğunu görə bilməyib…

Xəbərə Dövlət Gömrük Komitəsindən münasibət öyrənməyə çalışsaq da, qurumdan münasibət bildirilmədi.

Həmçinin oxuyun

Qubadlı rayonu Ermənistan ərazisindən artilleriya atəşinə tutulur – Müdafiə Nazirliyi

Döyüş mövqelərini itirərək geri çəkilməyə məcbur edilən düşmən Ermənistanın Gorus rayonu istiqamətindən Azərbaycanın Qubadlı rayonunun …