Çərşənbə , Oktyabr 21 2020
Ana səhifə / Aktual / Səbailin icra başçısı mədəniyyət naziri gətirilir?

Səbailin icra başçısı mədəniyyət naziri gətirilir?

Ölkədə aparılan kadr islahatları fonunda daha bir gənc kadrın yüksək vəzifəyə təyin olunacağı ilə bağlı məlumatlar yayılıb. Konkret.az saytı belə bir iddia ilə çıxış edib ki, Səbail Rayon İcra Hakimiyyətinin başçısı Vüqar Zeynalovun mədəniyyət naziri təyin olunacağı gözlənilir. Hazırkı mədəniyyət naziri Əbülfəs Qarayev isə vəzifəsindən kənarlaşdırılacağı bildirilir.

Sayt məsələni dəqiqləşdirmək üçün Mədəniyyət Nazirliyi ilə əlaqə saxlayıb. Nazirliyin mətbuat xidmətinin rəhbəri İntiqam Hümbətov onlarda belə bir məlumatın olmadığını bildirib. İ.Hümbətov vurğulayıb ki, ümumiyyətlə, kimin işdən azad edilib-edilməyəcəyi ilə bağlı məsələ Prezidentin səlahiyyətindədir və belə bir informasiya yalnız dövlət başçısının rəsmi qərarından sonra cəmiyyətdə yayıla bilər.

Səbail Rayon İcra Hakimiyyəti başçısının köməkçisi isə saytın zənglərinə cavab verməyib.

Qeyd edək ki, Vüqar Teyyub oğlu Zeynalov 1976-cı ildə Bakı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin və Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Dövlət və Bələdiyyə idarəetməsi fakültəsinin məzunudur.

Müxtəlif dövrlər ərzində özəl şirkətdə hüquqşünas, Azərbaycan Milli Elmlər Akademiyasının Nizami Gəncəvi adına Azərbaycan Ədəbiyyat Muzeyində baş mütəxəssis, Azərbaycan Milli Elmlər Akademiyasının “Akademiya” kitab mərkəzində direktor, Azərbaycan Dövlət İncəsənət Muzeyində Muzey işində innovasiyaların tətbiqi şöbəsinin müdiri, muzeyin direktor müavini, Azərbaycan Diplomatik Akademiyasının (ADA) Kitab Mərkəzində direktor, 2012-ci ildən Nizami Kino Mərkəzinin direktoru, 2015-2018-ci illərdə isə Bakı şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin rəisi vəzifələrində çalışıb.

Azərbaycan Respublikası Prezidentinin 30 oktyabr 2018-ci il tarixli Sərəncamı ilə Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.

KONKRET.az

Həmçinin oxuyun

Bakıda pul qazanıb, ermənilərə 50 min dollar göndərir

Paytaxtda fəaliyyət göstərən iaşə obyekti sahibəsinin ermənilərə dəstək fonduna külli miqdarda vəsait köçürüldüyü bildirilir. Bu …