Cümə , Oktyabr 30 2020
Ana səhifə / Aktual / “Səbəb nə olursa-olsun, radikallıq doğru deyil” – partiya sədri

“Səbəb nə olursa-olsun, radikallıq doğru deyil” – partiya sədri

Tural Abbaslı: “Təhqir olunmaq istəməyən insan təhqir də etməməlidir”; Natiq Miri: “Onlar sözdə radikaldır, təhlükə görmürəm”

Müxalif kəsimi təmsil edənlər arasında illər ötdükcə radikallıq elementləri sezilir. Bu da bir sıra suallar doğurur. İllər öncə müxalifət belə deyildi. Amma indi sosial şəbəkələrdə müxalifətçilərin statuslarına diqqət yetirəndə görürük ki, vəziyyət təhlükəli istiqamətə doğru gedir. Demokratik düşərgə daxilində qisasçılıq ruhu baş alıb gedir. Xüsusilə xaricə mühacirətə gedənlər arasında bu, daha qabarıq şəkildə özünü büruzə verir.

Müxalifət təmsilçiləri hakimiyyətə gələcəyi təqdirdə qisas alacağını gizlətmir, rəqiblərini həbsxana, ən ağır cəza ilə hədələyir. Bu da bütün iqtidarlar kimi, Azərbaycan hakimiyyəti daxilində birliyi daha da gücləndirir…

Siyasi şərhçilər hesab edirlər ki, müxalifətin bir əsrin 4/1-ni müxalifətçi olaraq yaşaması bu cür situasiya yaradıb. Yəni kin-küdurət, nifrət hər şeyə üstün gəlir. Müxalifətin tutduğu bu xətlə uğur qazanmaq şansları sıfırın üzərində dəyərləndirilir. Çünki tək ölkə daxilində deyil, dünyada radikallığın qəbul edilmədiyi hər kəsə məlumdur.

AĞ Partiya başqanı Tural Abbaslı hesab edir ki, müxalifətin bu radikallığının da bir sıra səbəbləri var: “Hakimiyyət insanların hüquq və azadlıqlarını məhdudlaşdırdıqca, insanlar bunu aradan qaldıra bilmədikdə radikal olurlar. Amma səbəb nə olursa-olsun, təhqiri, radikallığı doğru hesab etmirəm, hədəfin, rəqibin kim olmasından asılı olmayaraq. Heç bir halda insanların radikal olmalarına şərait yaratmaq da olmaz.  Təhqir olunmaq istəməyən insan təhqir də etməməlidir, bu, həm hakimiyyətə, həm də müxalifətə aiddir. Biz bu məsələlərdə çox həssasıq. Milli mentalitet bizim üçün hər zaman öndədir. Kişi başqalarını təhqir etməz. Bunlar milli dəyərlərdir, bizlər milli dəyərlərin qorunmasının tərəfdarıyıq. Bu məsələlərdə qarşılıqlı güzəştlər olmalıdır. Əks təqdirdə, bu, sonu bilinməyən uçuruma doğru aparır. Cəmiyyət onsuz da paramparçadır. İstər hakimiyyət, istərsə də müxalifət tərəfindən belə gedişlər aradakı uçurumu daha da dərinləşdirir, cəmiyyətdə milli barışıq mühitinin formalaşmasının ziyanına işləyir. Unutmayaq ki, bizim Qarabağ kimi milli problemimiz var. Bu problemin birinci həlli də dövlətdaxili milli barışıq mühitinin olmasından keçir. Bütün bu məsələlər mütləq nəzərə alınmalıdır”.

Natiq Miri ile ilgili görsel sonucu

Politoloq Natiq Miri Azərbaycan  müxalifətində əməli olaraq ciddi bir radikallıq görmür: “Bunlar, sadəcə olaraq, sözdə, deyimlərdə mövcuddur. Amma praktiki olaraq, bunun fəaliyyətdə həyata keçirilməsi demək olar sıfıra bərabərdir. Ümumiyyətlə, Azərbaycanda müxalifətin fəaliyyəti ilə bağlı danışmaq istəsək, bu barədə bir və ya iki cümlə ilə bu prosesi başa çatdırmaq mümkündür. Fəaliyyət olmadığına görə düşünmürəm ki, müxalifətdə elə bir radikallıq mövcuddur. Avropaya qaçıb oradan radikallıq edən bəzi müxalifətçilərə gəlincə, onların istəkləri həyata keçmədiyi üçün sözdə radikallıq nümayiş etdirirlər. Bu imkanları sosial media onlara verir. ”Əllərində imkanlar olarsa bu radikallığı praktiki də edərlərmi” sualına gəlincə, burada söhbət siyasi fəaliyyəti olan təşkilatdan gedir. Belə bir təşkilat isə faktiki olaraq yoxdur. Burada tək siyasi deyil, praktiki fəaliyyətdən də söhbət gedəcək ki, bu da müəyyən şüurlarla qərarların qəbulunu məcburi edəcək. Bilirsiniz ki, siyasi partiyalarda qərarlar tək bir şəxs tərəfindən qəbul olunmur. Ən azından bu, nizamnamədə belədir. Hər bir siyasi güc mərkəzi, partiyada idarə heyəti, məclis, siyasi şura deyilən orqanlar var. Qərarları da bilavasitə bu orqanlar həyata keçirir. Ona görə də düşünürəm ki, belə bir təhlükə yoxdur. Buna görə narahat olmağa dəyməz”.

Həmçinin oxuyun

Paşinyan məmurları əvəzləməklə vaxt udmağa çalışır

Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycan Ordusu qarşısındakı ardıcıl məğlubiyyətlərini cəmiyyətə heç cür izah edə …