Şənbə , Aprel 20 2024
Ana səhifə / Rüstəm İbrahimbəyovun yaşadığı evi sökürlər – REPORTAJ, FOTOLAR

Rüstəm İbrahimbəyovun yaşadığı evi sökürlər – REPORTAJ, FOTOLAR

Məlum olduğu kimi, “Sovetski” adlanan ərazi yavaş-yavaş keçmişdə qalır. Sakinlər köçürülür, evlər sökülür. Yerli sakinlər verilən kompensasiyanın məbləği ilə razılaşmasalar da, bəziləri artıq evlərini sataraq, köçüblər. Geridə qalanlar isə mənzillərini satmaq fikrində deyillər.
2014-cü ilin fevralında aksiya keçirən “Sovetski” camaatı etirazları marta qədər davam etdirdi. Mart aksiyalarındakı həbslərdən və təzyiqlərdən sonra məhəllə “susdu”.
Sakinlərin etirazlarına səbəb çox idi. Bəziləri ata-baba yurdlarını tərk edib, getmək istəmirdilər. Digərləri verilən kompensasiya ilə razılaşmırdılar. Bəziləri də var idi ki, “Sovetski”nin bir tarix olduğunu və buranın “silinməsini” istəmirdilər.
Sonuncuların dediklərində böyük həqiqət var. Çünki artıq “Sovetski” yaddaşlardan silinmək üzrədir. Belə ki, Murtuza Muxtarov küçəsindəki evlərin sökülmə xəbəri, orada yaşayan sakinləri narahat edir. Çünki onların yaşadıqları evlərin qədim xatirələri var.
Həmin ikimərtəbəli yaşayış evlərindən birində vaxtı ilə Azərbaycanda ən tanınmış iki qardaş yaşayıb. Yazıçı, kinossenarist, prodüser, kinorejissor, ssenarist, kinodramaturq, Azərbaycanın xalq yazıçısı, Azərbaycanın və Rusiyanın əməkdar incəsənət xadimi, Azərbaycan Kinematoqrafçılar İttifaqının rəhbəri Rüstəm İbrahimbəyov və onun qardaşı nasir, kinodramaturq, rejissor, 1964-cü ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan Dövlət mükafatı laureatı (1976), Azərbaycan Əməkdar İncəsənət xadimi (1979), Azərbaycan Respublikasının xalq yazıçısı, Azərbaycan Respublikası Sülh Komitəsinin sədri, Azərbaycan Respublikası Milli Məclisinin deputatı (1995, 2000, 2005), Azərbaycan Respublikası Əsilzadələr Məclisinin sədri, Luiziana (ABŞ) ştatının Fəxri senatoru, Minneapolis şəhərinin (ABŞ) Fəxri vətəndaşı, Azərbaycan Respublikası PEN klubunun prezidenti Maqsud İbrahimbəyov yaşayıb.
Bundan əlavə, həmin yaşayış binasında görkəmli jurnalist, publisist, naşir, Bibliyanın tərcüməçisi Mirzə Xəzər yaşayıb. İndi isə həmin evlərin söküləcəyi xəbəri sakinləri ikiqat narahat edib.
Onların sözlərinə görə, yaşadıqları binalar ərəblərə satılıb: “Biz də dəqiq bilmirik. Amma deyilənlərə görə, buranı ərəblərə 7 milyon dollara satıblar. Yerində çoxmərtəbəli bina tikiləcək. Bu evlər tarixdir, tarix… Belə evləri sökmək olar? Təmir etsinlər, abadlaşdırsınlar. Buna biz də razıyıq. Amma sökməsinlər. Bu evlərin hər birində xatirələr var. İbrahimbəyov qardaşları, Mirzə Xəzər kimi adamlar yaşayıb, burada… Bu evləri sökməyə necə ürəkləri gələcək?”
Sakinlər deyirlər ki, onlara veriləcək olan pul heç nəyi qarşılamır: “Baxın, sağımızda yekə bina tikilib. Həmin ərazi vaxtı ilə açıq yer idi. Uşaqların oynadığı, əyləndiyi bir hissə idi. Oranı ləğv edib, yerinə bu binanın tikdilər (əli ilə çoxmərtəbəli binanı göstərir – red).
Bir az irəlidə də tikinti gedir. Gedin, soruşun, görün! Bir kvadratmetrə sizdən nə qədər pul istəsələr, mən də o qiymətə satacağam. Necə olur ki, bizdən evimizi, dədə-baba yurdumuzu onlara satmağımızı istəyirlər. Üstəlik, bir kvadratmetrə 1500 manat pul verirlər. Amma yaxınlıqda tikilən çoxmərtəbəli yaşayış binalarında qiymətlər 2-3 qat bahadır.
Mənə normal evə ala biləcəyim qiymət versələr, sataram. Olmasa, əsla… Şəhərin mərkəzidir. Metroya 5 dəqiqəlik məsafədə yaşayıram. Xırdalana gedəsi deyiləm ki, normal pul versinlər, halallıqla satım, gedim”.
Musavat.com


Özəl təsvir


Həmçinin oxuyun

Vidadi Zeynalov 43 milyonluq əmlakını geri istəyir

“MTN işi”nə görə həbs edilən, sonradan isə azadlığa buraxılan Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin sabiq …

Bir cavab yazın