Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Aktual / Rusiyadakı soydaşlarımızdan İİLGİNC AÇIQLAMALAR: – “Marketlər boşalır, qıtlıq yaranıb, əhali ümidsizdir”

Rusiyadakı soydaşlarımızdan İİLGİNC AÇIQLAMALAR: – “Marketlər boşalır, qıtlıq yaranıb, əhali ümidsizdir”

Rusiyanın Ukraynaya qarşı hərbi təcavüzündən sonra Avropa İttifaqı (Aİ) Rusiyaya qarşı sərt sanksiyalar tətbiq etməyə başladı. Uzun müddətdir gözlənilən son iki qərarın isə daha təsirli olacağı iddia olunur. Bunlardan biri Aİ-nin Rusiya banklarını SWIFT-dən ayırması, digəri isə Rusiya Mərkəzi Bankının 643 milyard dollarlıq ehtiyatının bloklanmasıdır.

“VTB”, “Promsvyazbank”, “Sovkombank”, “Otkritie”, “Novimbank”, “Sberbank”, “Qazprombank”, “Rossiya”, “İS Bank”, “General Bank” və “Qara Dəniz Bankı” sanksiyaların təsir dairəsinə düşüb. Bu, o deməkdir ki, adıçəkilən banklar beynəxlalq heablaşmalarını yalnız telefon və faks üzərindən apara biləcək. Bunun nə demək olduğunu isə maliyyə sektorundan məlumatlı olanlar yaxşı anlayırlar.

Bu arada, rus rublu kəskin ucuzlaşır və son 10 ilin ən aşağı həddində qərarlaşıb. Dünya birjalarında Rusiya valyutası 50 faizə qədər dəyər itirib. Qarşıdakı dövrlərdə rublun daha da enəcəyi, şimal qonuşumuzun ağır sosial-iqtisadi problemlər yaşayacağı ehtimal olunur.

Hətta bəzi ekspertlər Rusiyanın bir neçə aya İranın, bir ilə isə Venesuelanın gününə düşəcəyini ehtimal edirlər. Onların qənaətinə görə, bundan sonra Rusiyanın Ukraynaya qarşı hücumları dayansa belə, Moskvaya yönəlik sanksiyalar qüvvədən düşməyəcək.

Bu isə, öz növbəsində milyonlarla vətəndaşı Rusiyada yaşayan və fəaliyyət göstərən Azərbaycanda da narahatlıqla qarşılanır. DİA.AZ xəbər verir ki, AYNA mövzunun aktuallığını nəzərə alaraq, Rusiyada yaşayan soydaşlarımızla və ekspertlərlə həmsöhbət olub.

Rusiyanın Norilsk şəhərində yaşayan İlham Əhmədovun sözlərinə görə, yaşadığı şəhər ucqar ərazidə yerləşdiyinə görə, hələlik orada ciddi iqtisadi böhran müşahidə edilmir: “Əsas problem dollarla bağlıdır. Dollar ciddi şəkildə bahalaşıb və deyilənə görə, kurs daha da artacaq. Bu səbəbdən əhali, xüsusən soydaşlarımız dollar almağa çalışırlar. Lakin Rusiya hökuməti buna qadağa qoyub. Daha dəqiq desəm, konkret limit qoyulub. Qabaqlar 100 min rublu rahat şəkildə banklarda dollara çevirmək mümkün idisə, hazırda yalnız 5-10 min rubl civarında dollar almaq mümkündür. Bu isə qəpik-quruş deməkdir. Bankların qabağında ciddi izdihamlar yaşanır. Əhali təlaş içərisində olsa da, ciddi iqtisadi böhran hələki müşahidə edilmir”.

“Azərbaycanda yaşayan qohumlarımıza pul göndərməkdə çətinlik çəkirik. Faktiki olaraq Rusiyanın maliyyə sektoru çöküş ərəfəsindədir. Bankda ən kiçik əməliyyat aparmaq belə, saatlarla vaxt alır. Digər yandan ölkədən pul çıxışı ilə bağlı da limit müəyyən edilib. Məlumdur ki, bizlər burada əldə etdiyimiz gəlirdən Azərbaycanda yaşayan doğmalarımıza da göndəririk. İndiki halda isə bu, faktiki olaraq mümkün deyil. Ərzaq və qeyri-ərzaq məhsullarının qiymətlərinə gəldikdə, qiymətlər sabitdir. Lakin deyilənlərə görə, bir müddət sonra artacaq. Bu səbəbdən əhali – istər ruslar olsun, istərsə də gəlmələr – marketlərdə ehtiyat bazarlıq edirlər. Marketlərin vitrinləri sürətlə boşalır”, – deyə Əhmədov bildirib.

Rusiyanın Tver vilayətində yaşayan Nizami Aslanov deyib ki, paytaxt Moskvaya yaxın ərazilərdə panika yaşanır: “Məlumdur ki, Rusiyada yaşayan azərbaycanlıların əksəriyyəti ticarətlə məşğul olur. Baxmayaraq ki, onların çoxu Rusiya vətəndaşlarıdır, elit işlərə onları irəli çəkmirlər. Avropanın Rusiyaya qarşı sanksiyaları ilk növbədə sahibkarların belini qırır. Təsəvvür edin ki, “məhsulun maya dəyəri” deyilən anlayış itib. Hər gün bir qiymətə mal alırıq. Qiymətləri tənzimləmək olmur. Deyilənə görə, bu, hələ başlanğıcdır. Qarşıda vəziyyət daha gərgin olacaq. Bankların qarşısında dəhşətli izdihamlar yaşanır. Hökumət çıxış yolunu dollar alışına limit qoymaqda görür. Marketlərdə uzun növbələr yaranıb. Hər kəs qiymətlərin artacağını düşünür və ərzaq toplamağa çalışır. Ümidsiz və qeyri-müəyyən vəziyətdəyik”.

Həmyerlimiz qeyd edib ki, bu gedişlə Rusiyadakı ticarətlərini buraxıb, ölkəyə dönmək məcburiyyətində qalacaqlar: “Hər kəs istəyər ki, öz ölkəsində yaşasın. Kim arzu edər ki, ailəsini və doğmalarını vətənində qoyub, özü qərib çöllərə düşsün. Onsuz da özümüz burada olsaq da, ürəyimiz hər zaman ailəmizin, övladlarımızın yanında olub. Sadəcə orada iş tapa bilmədik deyə Rusiyaya üz tutduq. Belə getsə, yenidən Azərbaycana qayıtmalı olacağıq. Necə deyirlər, iqtisadi və siyasi təlatümlərdən həmişə kasıblar əziyyət çəkir. Əlimiz göydə, Allaha dua edirik ki, bu bəla uzaqlaşsın və biz də normal həyatımıza geri dönək”.

Rusiyanın Sankt-Peterburq şəhərində yaşayan və ictimai-siyasi fəaliyyətlə məşğul olan Teymur Yəhyayev isə fərqli düşünür. Onun dediyinə görə, vəziyyət iddia edildiyi kimi kritik deyil: “Təbii ki, bu gün Rusiya bütün dünya ilə döyüşür. ABŞ, Avropa Moskvanı təhdid edir. Müxtəlif sanksiyalar tətbiq edilir, münasibətlər kifayət qədər gərgindir. Belə bir şəraitdə Rusiya iqtisadiyyatının bundan təsirlənəcəyi, müəyyən böhran yaşayacağı gözləniləndir. Lakin unutmaq lazım deyil ki, Rusiya bu qərarı verərkən bütün bu riskləri nəzərə almışdı. Yəqin ki, Putin administrasiyasının bununla bağlı konkret planları mövcuddur. Düşünmürəm ki, Rusiyaya qarşı sanksiyalar davamlı olacaq. Sadəcə Qərb müəyyən bazarlıq etmək istəyir ki, buna nail olandan sonra geri çəkiləcək. O zaman sanksiyalar da geri götürüləcək. Ukrayna isə bu məsələdə sadəcə vasitədir”.

“İdarəetmə təcrübəsi olanlar bu cür situasiyaların nəticələrini daha aydın görürlər. Uzun müddət Masallı Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışmışam. Eyni zamanda, Rusiyanın məşhur “TASS” agentliyində şöbə müdiri olmuşam. Həm idarəetmə təcrübəm var, həm də rus elitasına yaxından bələdəm. Xüsusi əndişəyə ehtiyac görmürəm. Sadəcə hazırkı şəraitdə soydaşlarımız iqtisadi biliklərini artırmalı, şəraitə uyğun qərarlar qəbul etməlidirlər. Artıq o dövr bitib və hətta Rusiya-Ukrayna böhranı olmasaydı belə, biznesə fərqli yanaşmağın məqamı çatıb. Bundan sonra kor-koranə, dünyada və regionda baş verənləri nəzərə almadan yürüdülən sahibkarlıq fəaliyyəti uğurlu ola bilməz. Panika kütləyə xasdır və həm rus, həm də gəlmələr arasında təşvişin qısa müddət sonra aradan qalxacağına əminəm”.

Böyük Britaniyada yaşayan iqtisadçı alim, ADR Partiyasının sədri Qubad İbadoğlu isə Rusiyanın iqtisadi vəziyyətinin getdikcə ağırlaşacağını söyləyib: “Rus rublu beynəlxalq ödəniş vasitəsi kimi sıradan çıxıb. Rusiya iqtisadiyyatının qaranlıq günləri hələ qabaqdadır. Bilirsiniz ki, Rusiyaya qarşı sanksiyalar çoxvektorludur. Bir çox dövlətlər Rusiya üçün hava məkanını bağlayıb. Rusiyanın nüfuzlu bankları SWIFT-dən çıxarılıb, Rusiya Mərkəzi Bankının rezervi bloklanıb, bir çox nəhəng korporasiyalar Rusiya ilə əməkdaşlığı dayandırıb. Sanksiyalar paketi sürətlə yenilənir və bütün bunların fonunda Rusiya iqtisadiyyatı çökür. Hazırda Qrəbin bu istiqamətdə səyləri davam edir və şimal qonşumuzda vəziyyətin daha da pisləşəcəyini proqnozlaşdırmaq olar”.

İbadoğlu Rusiyada yaşanan iqtisadi böhranın Azərbaycana, əsasən iki istiqamətdən təsir göstərəcəyini düşünür: “Bu gün Rusiyada milyonlarla azərbaycanlı yaşayır və orada fəaliyyət göstərirlər. Onların buradakı qohumlarına göndərdikləri pullar Azərbaycana külli miqdarda vəsait axınını şərtləndirir. Bu sanksiyalardan sonra bu məbləğin manat və dollar ekvivalentində kəskin azalacağı gözlənilir. Digər bir problem isə Azərbaycandan Rusiyaya ixrac olunan məhsulların manat və dollar ifadəsində kəskin azalacağı fonunda meydana çıxacaq. Nəzərə alanda ki, Rusiya qeyri-neft sektoru üzrə Azərbaycanın ən böyük ixrac ölkəsidir, Moskvaya yönəlik sanksiyaların ölkəmizə də ciddi təsirləri qaçılmazdır”.

Həmçinin oxuyun

Şəhid Nurəddin Mirzəzadə yad edildi – FOTOLAR

Bu gün sıravi əsgər şəhid Nurəddin Mirzəzadənin anadan olmasından bir il ötür. Mirzəzadə Nürəddin Burhan …