Şənbə , Oktyabr 31 2020
Ana səhifə / Aktual / Rusiyadakı azərbaycanlıların köçü – rus mediasından miqrantları deportasiya tələbləri

Rusiyadakı azərbaycanlıların köçü – rus mediasından miqrantları deportasiya tələbləri

Şimal qonşumuzda pandemiya səbəbindən 8 milyona yaxın adamın işsiz qalacağı ilə bağlı proqnozlar miqrantların ölkədən çıxarılması kimi təhlükəli tələbləri gündəmə gətirib 

ABŞ prezidenti Donald Tramp iki gün əvvəl ölkəyə immiqrasiyanın dayandırılması ilə bağlı fərman imzalayıb.  

“İmmiqrasiyanın dayandırılması işsiz amerikalılara növbədə ilk sırada olmağa imkan verəcək. Məncə, virusun yayılmasına görə boş qalan iş yerlərini xaricilər tərəfindən tutulması ədalətsiz olar”, – deyə Tramp bildirib.

Qanun ilkin olaraq 60 gün qüvvədə olacaq, amma heç şübhə yoxdur ki, bu müddət bəlkə də bir neçə ay və ya il uzadıla da bilər. Çünki pandemiya təkcə ABŞ da deyil, bütün dünya ölkələrində işsizliyin sayına ciddi təsir edib. Bu sırada azərbaycanlıların ən çox üz tutduğu Rusiya da var. 

Düzdür, iki gün əvvəl Rusiya prezidenti Vladimir Putin əmək miqrantlarına birbaşa dəxli olan sərəncam imzalayıb. Sərəncama görə işəgötürənlər iş icazəsi almadan xarici vətəndaşları işə götürə biləcəklər. Bu, şübhəsiz ki,  öncə pandemiyadan ziyan çəkən sahibkarların maraqlarını qorumaq məqsədi ilə qəbul edilib və müvəqqəti  (15 mart – 15 iyun) qüvvədədir. 

Son günlər Rusiya mediasında da  əmək miqrantları ilə bağlı qanunların sərtləşməsi barədə təkliflər səslənməkdədir. Bu da təəccüblü deyil. Məsələn, Hesablama Palatasının rəhbəri Aleksey Kudrinin proqnozlarına görə, Rusiyada karantin rejimi bitdikdən sonra ölkədə 8 milyona yaxın adam işsiz qalacaq.

Kudrin deyib ki, Rusiyada iqtisadi  böhranın nəticələrinin aradan qaldırılması üçün  2-4 il müddət lazım gələ bilər. 

Bu arada Strateji Təşəbbüslər üzrə Dövlət Agentliyi  hökumət başçısı Mixail  Mişustinə “COVID-19 koronavirusunun yayılması ilə əlaqədar əmək bazarı və məşğulluğun tənzimlənməsi üçün təkliflər siyahısını” göndərib ki, bu da miqrantlarla bağlı mövzuya diqqəti daha da artırıb və heç də birmənalı qarşılanmayıb. Çünki təkliflərdən biri miqrantların Rusiya vətəndaşları ilə müvəqqəti bərabərləşdirilməsidir ki, onlar da işsizlik müavinəti ala bilsinlər. 

“Amerika üçün açıq olan həqiqət, nədənsə, Rusiya üçün tamamilə aydın deyil”deyə, “Komsomolskaya Pravda” bu mövzuda yazır.  

“Bu təklif  istər Rusiya, istərsə də dünyada görünməmiş bir iqtisadi fırtına vəziyyətində edilir. Dövlət bütün iqtisadi strategiyasına yenidən baxır. Hökumət ən böyük iqtisadi sektorları dəstəkləməli, büdcə itkilərini minimuma endirməli, eyni zamanda  işsizliyin və sosial gərginliyin qarşısını almaq kimi problemləri həll etməlidir. Amma bu sırada yalnız “gəlmə” işçilərlə bağlı strategiya dəyişməz olaraq qalır. Heç kim artan işsizlik fonunda əcnəbi işçilərin  Rusiya vətəndaşlarının  maaşını almalarına əhəmiyyət vermir. Əmək miqrasiya heç vaxt düşünülmüş strategiya olmayıb, miqrantlar Rusiyaya  yalnız sosial ərazi kimi baxıblar, yalnız öz qazanclarını düşünüblər. Hər il miqrantlar ölkədən on milyardlarla dollar çıxarırlar. Əmək bazarının deformasiyası süni olaraq ucuz işçi qüvvəsinə tələbatı artırır”. Müəllif qeyd edir ki, bütün bu problemlər indi həmişəkindən daha kəskin və aktualdır: “Rusiyada müxtəlif hesablamalara görə, 6- 8 milyon arasında əmək miqrantı var. Bu insanların koronavirusun yayılması baxımından ən həssas sosial qrup olmaqla yanaşı, istənilən vaxt ölkənin sabitliyinə ciddi daxili təhdid ola bilər. 

“Miqrantlar koronavirusun yayılması baxımından ən həssas sosial qrup olmaqla yanaşı, istənilən vaxt ölkənin sabitliyinə ciddi daxili təhdid ola bilər”

Təhdidləri ciddi şəkildə qiymətləndirmək və onları aradan qaldırmaq əvəzinə,  vəziyyəti elə bir istiqamətə yönəltməyə çalışırlar ki, Rusiya dövləti milyonlarla miqrant işçini də dolandırmaq öhdəliyi götürsün. Bir ay və ya altı ayda onlar üçün heç bir iş olmayacağı məlumsa, niyə biz onları öz ərazimizdə saxlamalıyıq?”. 

Məqalədə daha sonra bildirilir ki, yalnız o miqrantlar  Rusiyada qalmalıdır ki, onların  məsuliyyətinin işəgötürən(sahibkar)üzərinə götürsün. Bu kateqoriyaya  düşməyənlərin hamısı Rusiyadan deportasiya olunmalıdırlar. 

Hökümət bu gün, uzun illər həllə edə bilmədiyi əmək miqrasiyası problemini qətiyyətlə və minimum xərclərlə həll etmək üçün unikal  fürsətə sahibdir. Hökumətin  “ofşor aristokratiyasını” deyil, ilk növbədə öz  vətəndaşlarının mənafelərini qorumalıdır.

Qeyd edək ki, ötən ilin 9 ayı ərzində (3 rüb) Rusiyada yaşayan əmək miqrantları hər ay öz ölkələrinə köçürmə sistemi vasitəsilə, təxminən, 442 dollar göndəriblər.

“Finexpertiza” şirkətinin apardığı araşdırmada  azərbaycanlı əmək miqrantları ilə bağlı məlumat da yer alıb. Şirkət əmək miqrantları arasında “Western Union”, “Zolotaya Korona”, “Unistream”, Rusiya Poçtu kimi ən populyar köçürmə sistemləri nəzərdən keçirib. Öz ölkəsinə ən çox vəsait göndərən çinli əmək miqrantları (2012 dollar) olublar. İkinci yerdə isə türkiyəli miqrantlar (1160 dollar) qərarlaşıb. 

Ümumən Rusiyada yaşayan əmək miqrantları ortalama öz ölkələrinə 422 dollar göndərdiyi halda, MDB ölkələrindən gələn əmək miqrantları 377 dollar köçürüblər.

Məlumata görə, MDB ölkələri arasında ən çox vəsait göndərən qazaxıstanlı (850 dollar), gürcüstanlı (580 dollar), qırğızıstanlı (561 dollar) və azərbaycanlı (482 dollar) əmək miqrantlarıdır. Ermənistanlı əmək miqrantları isə hər ay ortalama 350 dollar vəsait göndəriblər.

Musavat.com

Həmçinin oxuyun

Təmkinli Əliyev, özgüvənsiz Paşinyan… – Kimin əlləri daha etibarlı görünür?

İngiltərəli təlimçi və bədən dili mütəxəssisi Martin Nyuman Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan baş naziri …