Şənbə , Noyabr 28 2020
Ana səhifə / Aktual / RUSİYA-TÜRKİYƏ QARŞIDURMASI CƏNUBİ QAFQAZA NƏ VƏD EDİR? – Moskva regiondakı münaqişələri yenidən alovlandıra bilər

RUSİYA-TÜRKİYƏ QARŞIDURMASI CƏNUBİ QAFQAZA NƏ VƏD EDİR? – Moskva regiondakı münaqişələri yenidən alovlandıra bilər

Suriyada Türkiyə-Rusiya qarşıdurmasının davam edəcəyi gözlənilir. Başqa alternativ hələ ki, görünmür. Ərdoğan və Putin görüş üçün vədələşsələr də, geri çəkilmək, uzlaşmaq üçün hər hansı bəyanat səsləndirməyiblər.

İndiki şərtlərdə tərəflərin geri çəkilməsi mümkün deyil. Xüsusən, Türkiyə qarşısına qoyduğu məqsədə nail olmaqda qərarlıdır. Suriya sərhədləri boyu tampon bölgə yaradılmalı, qaçqınlar geri qaytarılmalıdır. Prezident Ərdoğan bugünki çıxışında bu hədəfin altını dönə-dönə cızdı. Bu günə qədər miyardlarla dollarla ölçülən hərbi xərclər, canlı qüvvə və hərbi itkilər Türkiyə hakimiyyəti üçün geridönülməz vəziyyət yaradıb.

Həmçinin PKK dəstələri bölgədən çıxarılmayıb, Rusiyanın tam dəstəklədiyi Əsəd ordusu üsyançı qüvvələri məhv etməyə çalışır. Türkiyənin azacıq tərəddüdü rejimin tam qəlbəsini şərtləndirə bilər ki, bu da Astana prosesini tamamilə sual altına alar. Türkiyənin nəzarət altına almağa çalışdığı sərhəd boyu zolaq da əldən çıxa bilər.

Qərb də ikili oyununu davam etdirir, sözdə Türkiyəyə dəstək verir, amma bölgədə gedən gərgin hadisələrə müşahidəçi kimi yanaşır. Bununla bir neçə məqsədinə nail olmaq istəyir.

Birinci məqsəd son aylar xeyli yaxınlaşan Rusiya-Türkiyə münasibətlərinin tamamilə düşmənçilik rejiminə girməsidir.

İkincisi “sözəbaxmaz” Ərdoğan hakimiyyətini real itkilərə məruz qalmaqla daxildə və xarici siyasətdə mövqelərinin zəiflədilməsidir.

Qərb gözləyir ki, biri-birini taqətdən salan münaqişə tərəfləri sonrakı mərhələdə ABŞ və Avropa İttifaqının müdaxilələrinə müqavimət göstərə bilməsin.

Beləliklə, aydın olur ki, Qərb Suriyadakı planlarından vaz keçməyib. Onları reallaşdırmaq üçün daha yaxşı məqam gözləyir. İndiki halda nə Türkiyə sərhədlərində dövlət səlahiyyətli oyuncaq kürd muxtariyyatını yaratmaq, nə də Aralıq dənizinə, Suriyanın enerji qaynaqlarına Rusiyanın çıxışını məhdudlaşdırmaq mümkündür. Belə bir şəraitdə Əsəd rejimin devrilməsi, Suriyada humanitar missiyanın gerçəkləşməsi də müşkül məsələdir.

Doğrdur, Qərb bir sıra hədəflərinə artıq nail olub. Qasım Süleymaninin ölldürülməsindən sonra İranın bölgədə təsirinin zəiflədilməsi aşkar hiss olunur. İranın daxili problemlərinin artması, ölkədə yayılan koronavirusun yeni böhran yaratması, iqtisadi sanksiyaların şiddətlənməsi, neftin ucuzlaşması, etirazların yüksəlməsi Tehranın manevr imkanlarını xeyli daraldıb.

Növbəti rəqiblər – Rusiya və Türkiyənin biri-biri ilə savaşaraq təxminən İranın vəziyyətinə düşməsi Qərb üçün arzuolunan ssenaridir. Ona görə, Vaşintonda hələ gözləməyi məsləhət bilirlər.

Rusiya-Türkiyə münasibətlərinin gərginləşməsi iki ölkə arasında, hərbi, siyasi, iqtisadi anlaşmaların taleyini sual altına alır. Şübhəsiz ki, gələcəkdə qarşılıqlı sanksiyalar yenidən əsas təzyiq vasitəsi kimi işə salına bilər. Paralel olaraq hər iki ölkə digər regionlarda indiki əməkdaşlıqdan müdafiə, rəqabət rejiminə keçə bilərlər.

Bu rəqabətdən daha çox Cənubi Qafqaz ölkələri təsirlənəcək. Rusiya artıq bölgədəki planlarına aydınlıq gətirib. İrəvandakı Rusiya səfiri bəyan edib ki, Ermənistanın sərhədlərinə Kollektiv Müdafiə Təşkilatının (KTMT) ordu hissələri yeridilə bilər. Bu o deməkdir ki, Ermənistanın Azərbaycan, Türkiyə və Gürcüstan sərhədlərinə Rusiya ordusu yeridiləcək.

Moskva-İrəvan arasında hərbi müqaviləyə görə, Ermənistanın dövlət sərhədləri Rusiya tərəfindən qorunur. İndi sərhədçiləri iri qoşun qruplaşmaları ilə əvəzləmək niyyəti açıqlanır. Bu, hər şeydən əvvəl Türkiyəyə qarşı yönələcək təzyiq aktıdır. KTMT bu niyyəti pərdələyən formal qurumdur.

Əlbəttə, bu təşkilatın üzvləri olan Qazaxıstan və Belarus kampaniyaya əsgəri dəstək verməyəcək. Söhbət Rusiyanın Cənub Ordu Qruplaşmasının əlavə qüvvələrlə gücləndirib regionu tam hərbi nəzarətə götürməkdən gedir. Bununla yanaşı Dağıstanda dislokasiya olan ordu hissələri, eyni zamanda Xəzərdəki hərbi donanma da tam döyüş hazırlığı vəziyyətinə gətiriləcək.

Mümkündür ki, Qarabağ, Abxaziya, Cənubi Osetiyadakı dondurulmuş münaqişələr də yeni fazaya keçirilsin. Daha doğrusu, Moskva münaqişələri yenidən alovlandıra bilər. Bununla da Rusiya Cənubi Osetiyada öz hərbi varlığını artırmaq imkanı əldə edə bilər.

Türkiyənin bu prosesə adekvat reaksiya vermək imkanları zəifdir. Çünki bölgədə Ankaranın hərbi iştirakı yoxdur, yalnız Azərbaycanla ikitərəfli strateji hərbi əlaqələrə malikdir. Gürcüstana da ciddi siyasi dəstək verilir və Rusiyanın təcavüzü zamanı bu dəstək ortaya qoyulub. Amma Türkiyə əlindəki zəif imkanlarla regionda hərbi-siyasi balans yaratmaq imkanlarına malik deyil. Nəzərə alsaq ki, Türkiyə ilə münasibətlərində xeyli problemlər olan Qərb də bölgədə Rusiyanın patronajlıq hüququnu de-fakto tanıyır, deməli Ankaranın imkanları kifayət qədər məhduddur.

Beləliklə, Suriyada Rusiya-Türkiyə münasibətlərinin gərgin olaraq qalması Cənubi Qafqazda hərbi-siyasi mənzərəni də müəyyən qədər dəyişə bilər. Hazıki şərtlərdə Kremli çəkindirəcək real faktor yoxdur. Onun nə qədər irəli gedəcəyini isə zaman göstərəcək.

Həmçinin oxuyun

Şuşa ətrafında əsgərlərimiz, yoldan keçən ermənilər, yüksək səslə Azərbaycan milli musiqisi…

Noyabrın 25-də Kəlbəcər işğaldan azad edildi və Azərbaycanın nəzarətiə qaytarıldı. Beləliklə, Dağlıq Qarabağ ermənilərini Ermənistanla …