Ana səhifə / Aktual / “Rusiya Azərbaycan vasitəsilə Paşinyanı cəzalandırmaq niyyətindədir”

“Rusiya Azərbaycan vasitəsilə Paşinyanı cəzalandırmaq niyyətindədir”

Siyasi Menecment İnstitutunun direktoru Azər Qasımlı Meydan TV-yə deyir ki, Rusiya sülhməramlılarının Azərbaycanı vaxtından əvvəl tərk etməsinin səbəbləri hələ tam bəlli deyil.

Onun sözlərinə görə, Prezidentin köməkçisi Hikmət Hacıyev Əliyevlə Putin arasında razılığın olduğunu söyləyir, amma bu razılaşmanın detallarından xəbərdar deyilik:

“Ona görə bu məsələdə proseslərin necə cərayan etməsini gözləməliyik. Sözsüz ki, mən də daxil hamı Azərbaycan ərazisində başqa bir ölkənin əsgərinin olmasını istəmirik. Xüsusən də Rusiyanın hərbi bazası, yaxud hərbi kontingentinin olmasına qarşıyıq. Bu baxımdan sülhməramlılar gedəcəklərsə, müsbət haldır. Lakin biz hələ tam təfərrüatları bilmirik”.

Azər Qasımlı hesab edir ki, həm Rusiya sülhməramlılarının ölkəni tərk etməsi, həm Ermənistanın Qərbə yaxınlaşması, həm də Fransanın Bakıdakı səfirini məsləhətləşmələr üçün geri çağırması və Azərbaycan-ABŞ münasibətlərinin pis olması suallar doğurur:

Paralel olaraq Azərbaycan və Rusiya mətbuatında Ermənistanla bağlı eyni tezislər tirajlanır. Məncə, baş verənlər son 2-3 ilin proseslərinin tərkib hissəsidir və böyük savaşa doğru gedir. Rusiya Azərbaycan vasitəsilə Paşinyanı cəzalandırmaq niyyətindədir, yəni Kremlin təhriki ilə Zəngəzur dəhlizində belə arzuolunmaz vəziyyət yarana bilər. Bilirsiniz, Kreml heç vaxt Ermənistandan belə asan şəkildə əl çəkməz, ona görə bütün vasitələrini işə salacaq”.

Azər Qasımlı
Azər Qasımlı, Foto: Meydan Tv

Qasımlı Belarusu misal çəkərək bildirib ki, ölkəsində Rusiya ordusu olmayan Lukaşenko bütün siyasətini Putinlə məsləhətləşir:

“Yaxud Suriyada Rusiya kontingenti sonradan olub. Yəni Rusiya hərbi kontingentinin olub-olmaması hazırda o qədər də önəmli deyil. Çünki dünya iki yerə bölünüb: demokratiya və diktatura rejimlərinə. Azərbaycan artıq Belarusdakı kimi bir rejim formalaşdırır, hər ikisi də Rusiyanın müttəfiqləridir. Məqsəd də Qərbi bölgəyə buraxmamaqdır. Onsuz da Rusiya sülhməramlıları Qarabağda simvolik xarakter daşıdığından regionda müharibə aparası deyildi. Hətta Gümrüdə olan Rusiya hərbi bazası da simvolik xarakter daşıyır”.

Azərbaycanın sabiq Xarici İşlər naziri Tofiq Zülfüqarov Rusiya sülhməramlılarının Azərbaycanı tərk etməsində qeyri-adi heç nə görmür:

“Sual verirlər ki, Moskva buna görə Bakının üzərinə hansısa öhdəliklər qoyub və qoşunlarını çıxarır. Yaxşı olardı, bu barədə sualları belə iddia səsləndirənlər cavablandırsınlar. Rusiya sülhməramlıları Qarabağa 2020-ci ilin noyabr bəyanatı əsasında gəliblər, hansısa funksiyanı yerinə yetiriblər, indi də gedirlər”.

Zülfüqarovun fikrincə, Rusiya sülhməramlıları Zəngəzur dəhlizində yerləşdirilməlidir:

Çünki məlum bəyanatın 9-cu bəndi hələ təmin olunmayıb, Yerevan bu bəndə əsasən öhdəlik götürüb. İndi ortalığa çıxıb ki, Ermənistan razı deyil. Halbuki Paşinyan 2020-ci ildə bəyanat imzalayıb. Bir daha deyirəm, bənddə Mehri kommunikasiyasının açılması öhdəliyi götürülüb. Gec-tez kommunikasiyaların istifadəsi dəhlizin açılmasına imkan yaradacaq, çünki hüquqi əsaslar var”.

Tofiq Zülfüqarov. Foto: Meydan TV

O, Azərbaycanın Rusiyanın təhrikilə Zəngəzur dəhlizinə girməsi barədə Azər Qasımlının iddiasını belə qiymətləndirib:

“Əvvəla, hələ sərhəd məfhumu yoxdur, Ermənistan 1989-cu ildə Qarabağı özlərinə birləşdirməklə sərhədi ləğv ediblər, hətta 1991-ci ildə qanun da qəbul ediblər. İndi Qarabağda münaqişə olmadığından sülhməramlılar bölgəni tərk edirlər. Belə olanda, biz niyə Zəngəzura girməliyik? Rusiya sülhməramlıları girsinlər də. Bəzi şərhçilər istər-istəməz ermənilərin terminologiyasını istifadə edirlər. Deyirlər ki, Azərbaycan Göyçə mahalına iddialıdır. Bəli, iddialıdır, amma fərdlərin iddiasıdır. Biz bunu mübahisəli mövzu hesab edirik, danışıqlar yoluyla məsələnin həllini istəyirik”.

Aprelin 16-dan Rusiya sülhməramlılarının Qarabağdan çıxarılmasına start verilib.

Bu gün isə Rusiya Prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskov rus sülhməramlılarının Qarabağdan çıxarılmasının başlandığını təsdiqləyib.

O cümlədən, Azərbaycan Prezidentinin köməkçisi – Azərbaycan Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev də deyib ki, Rusiya sülhməramlılarının Azərbaycan ərazisindən vaxtından əvvəl çıxarılması barədə hər iki ölkənin ali rəhbərliyi qərar qəbul edib.

2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanata əsasən, Azərbaycan Respublikasının ərazisində müvəqqəti olaraq yerləşdirilmiş Rusiya Federasiyası sülhməramlılarının ölkəmizin ərazisindən vaxtından əvvəl çıxarılması barədə hər iki ölkənin ali rəhbərliyi tərəfindən qərar qəbul edilib. Artıq proses başlanılıb, Azərbaycan və Rusiya müdafiə nazirlikləri həmin qərarın icrası ilə bağlı müvafiq tədbirləri həyata keçirirlər”, – deyə Hacıyev qeyd edib.

10 noyabr 2020-ci il bəyanatına əsasən, Rusiyanın sülhməramlı kontingentinin Azərbaycanda qalma müddəti 2025-ci ildə yekunlaşır.

Ermənistanla Azərbaycan arasında münaqişə 1988-ci ildə başlayıb.

2020-ci ilin sentyabrında isə uzunmüddətli atəşkəsdən sonra Azərbaycan və Ermənistan arasında 44 günlük İkinci Qarabağ müharibəsi baş verib.

Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib.

2023-cü ilin sentyabrın 19-da Azərbaycan Qarabağda lokal hərbi əməliyyat keçirib.

Sentyabrın 28-də separatçı “Dağlıq Qarabağın (Artsax) Prezidenti” Samvel Şahramanyan “respublika”nın buraxılması barədə fərman imzalayıb.

O, fərmanı 19 sentyabr 2023-cü ildən sonra yaranmış vəziyyətlə əlaqələndirib.

Oktyabrın 15-də isə Prezident İlham Əliyev Xankəndi şəhərinə səfər edib.

Prezident Xankəndidə Azərbaycan bayrağını qaldırıb və çıxış edib.

Çıxışında Azərbaycanın öz suverenliyini tam bərpa etdiyini, Qarabağ probleminin bitdiyini, münaqişənin sona çatdığını deyib.

Azərbaycan və Ermənistan arasında hələ də sülh müqaviləsi imzalanmayıb.

Həmçinin oxuyun

Sosial şəbəkələrdə çılpaq videosunu yayan müəssisə direktoru saxlanıldı

Nərimanov Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin əməkdaşlarının rayon polis idarəsinə müraciəti əsasında sosial şəbəkələrdə onları təhqir …