Şənbə , Oktyabr 24 2020
Ana səhifə / Aktual / Rus dilinin tədrisi qərarına reaksiya: “Bu, gələcək nəslin beyninin işğalıdır”

Rus dilinin tədrisi qərarına reaksiya: “Bu, gələcək nəslin beyninin işğalıdır”

Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyev özünün “Facebook” səhifəsində təhsil nazirinin ölkənin orta məktəblərində rus dilinin tədrisinə dair əmrinə kəskin münasibət bildirib:
“Putinin son səfərindən sonra, təhsil nazirimiz rus dilinin 50 orta məktəbdə intensiv tədrisi ilə bağlı əmr imzalayıb. Orta təhsil məktəblərimizdə rus dilinin tədrisi bəzi siniflərdə hətta 1 saatdan 3 saata qaldırılıb, yəni 3 dəfə artırılıb. Nədir bu əməl?
Bu o deməkdir ki, iqtidar Azərbaycan vətəndaşlarının, gələcək nəsillərin beyninin işğalına razılıq verib. YAP, iqtidarını qorumaq üçün, Azərbaycanın məxməri zəbtini sanksiyalaşdırır.
İnsanlarımızın dil bilməsi, öyrənməsi ilə, dövlət büdcəsi hesabına qonşu dövlətin əsas humanitar silahının cəmiyyətə yeridilməsini qarışdırmaq lazım deyil.
Dil bilmək insanın savad səviyyəsinin göstəricisidir. Müasir insanın bir neçə dil bilməsi zəruridir. Ancaq dövlət vətəndaşlarını yönləndirən zaman, büdcə pullarını xərclədikdə, cəmiyyət gələcəyinin inkişafında prioritetləri müəyyən etdikdə düzgün qərarlar verməli, qrup maraqlarından çıxış etməməlidir.
Mənə görə, insan Ana dilində mükəmməl təhsil almalıdır. Onun dünyagörüşü milli zəmində formalaşmalı, fikir və baxışları Azərbaycanın təməl dəyərləri üzərində təşəkkül tapmalıdır.
Müasir dünyanın tələblərinə görə ikinci dil kimi mütləq ingilis dili öyrənilməlidir. Çünki dünyada elmi ədəbiyyat, yeniliklər, kəşflər, sənədləşmə, ünsiyyət bu dildə icra edilir. Dünya əhalisindən 4 milyarda qədəri bu dildə fikrini izah edə bilir. Dünyanın aparıcı məkanları bu dildən ikinci dövlət dili kimi istifadə edir. Rus dilində ünsiyyət 300 milyon insan tərəfindən həyata keçirilir. Aparıcı elm və biznes dili çoxdan rus dili deyil. Belə olduğu təqdirdə Azərbaycan uşaqlarına daha intensiv rus dili, yoxsa ingilis dili tədris edilməlidir? Dövlətin pulu 4 milyardla ünsiyyətə, elmi nailiyyələrə çıxış üçün xərclənməlidir, yoxsa Jirinovskinin təhqirlərini başa düşmək üçün?
YAP-ın iqtidardan uzaqlaşdırılması, bəlkə də ilk növbədə beyin işğalına son vermək üçün zəruridir. Qarabağı işğal etmiş Şimal qonşumuzun xəfif işğalını durdurmağın yeganə yolu budur”.

Həmçinin oxuyun

Qubadlı rayonu Ermənistan ərazisindən artilleriya atəşinə tutulur – Müdafiə Nazirliyi

Döyüş mövqelərini itirərək geri çəkilməyə məcbur edilən düşmən Ermənistanın Gorus rayonu istiqamətindən Azərbaycanın Qubadlı rayonunun …