Çərşənbə axşamı , Mart 26 2019
Ana səhifə / Aktual / Rüfət Aslanlının ölkədən çıxışının yasaqlanmasının ilginc detalları

Rüfət Aslanlının ölkədən çıxışının yasaqlanmasının ilginc detalları

Əkrəm Həsənov: “Onun tam sağlam bankı müflis elan etməsi bankçılıq tarixində görünməmiş haldır”

Ötən ilin son günlərində məlum oldu ki, Maliyyə Bazarlarına Nəzarət Palatası Direktorlar Şurasının keçmiş sədri Rüfət Aslanlının Azərbaycanın hüdudlarını tərk etməsinə qadağa qoyulub.

Etibarlı mənbələrə istinadən bununla bağlı məlumat yayan virtualaz.org bildirir ki, keçmiş məmur Bakı aeroportunda sənədlərin yoxlanılması üçün saxlanılıb. Rüfət Aslanlı Yaponiyaya uçmağa hazırlaşırmış.  Aslanlıya xəbərdarlıq edilib ki, onun Azərbaycanın hüdudlarından kənara çıxmasına qadağa qoyulub.

Xatırladaq ki, Rüfət Aslanlı dəbdəbəyə meylli məmurlardan biri hesab olunur. Onun adı dəfələrlə müxtəlif korrupsiya qalmaqallarında iştirakda hallanıb. Onun bahalı saat və avtomobil kolleksiyaları haqda mətbuatda geniş materiallar dərc olunub. Həmin materiallardan aydın olur ki, sabiq Palata rəhbəri çox dəbdəbəli həyat tərzi keçirib, bahalı aksesuarlara, əyləncə və gəzintilərə külli miqdarda pullar xərcləyib. Məsələn, R.Aslanlının Londonda bir hoteldə qalmağa minlərlə funtsterlinq xərclədiyi ortaya çıxıb. Belə ki, 2016-cı ilin avqust-oktyabr aylarında Palata rəhbəri olaraq o, Londonun “Windzor Suite” hotelində qalmağa bir dəfə 3600, ikinci dəfə isə 4300 funtsterlinq pul xərcləyib. Ödənişləri isə özünün “Lloyds Bank PLC”dəki hesabından icra edib. Bundan əlavə, R.Aslanlı Beynəlxalq Bankın sabiq direktoru Cahangir Hacıyevin xanımı Zamirə Hacıyevanın bazarlıq etdiyi “Harrods” adlı ticarət mərkəzindən böyük məbləğdə alver edib. Belə ki, 2016-cı ilin 2 sentyabr tarixində onun kart hesabından həmin ticarət mərkəzi üçün 31 min 435,15 dollar çıxılıb. Elə həmin gün həmin ticarət mərkəzində R.Aslanlı daha 40 min 561 dollar xərcləyib.

Habelə, 2017-ci ilin yanvarında o, İsveçrədəki “Michaud Verbier SA” cəvahirat mağazasından bir gündə 104 min 545,44 dollarlıq alış-veriş edib.

Bu qədər bahalı alış-verişin keçmiş Palata rəhbərinin aylıq vəzifə maaşı hesabına reallaşdırılması qeyri-mümkündür. Buna görə də cəmiyyətdə onun korrupsiya əməlinə görə cinayət məsuliyyətinə cəlb olunacağına dair gözləntilər fromalaşıb. R.Aslanlının Azərbaycandan çıxışına qoyulan qadağa bu gözləntilərin reallaşması demək ola bilərmi? Hansı səbəblərdən onun ölkəni tərk etməsinin qarşısı alına bilər?

Sualları cavablandıran hüquqşünas Əkrəm Həsənov bildirir ki, ölkədən çıxışa qadağa qoyulması müxtəlif səbəblərdən mümkündür: “Burada banka, dövlətə borclu olmaqdan tutmuş, hansısa cinayət işində şahid, yaxud cəlb olunan kimi iştiraka qədər çoxsaylı səbəblər ola bilər. Amma indiki halda daha çox ehtimal budur ki, hansısa cinayət işi üzrə R.Aslanlının çıxışı qadağan olunub. Sadəcə, bu qadağa elə də uzun müddət əvvəl qoyulmayıb – heç özünü də məlumatlandırmayıblar. Çünki qanunla belə qadağalar barədə şəxsin özü məlumatlandırılmalıdır. Görünür, R.Aslanlının xəbəri olmayıb ki, təyyarə bileti alaraq ölkəni tərk etməyə çalışıb”.

Hüquqşünas bildirir ki, bu fakt əsasında R.Aslanlı barədə cinayət işinin qaldırıldığını söyləmək mümkün deyil: “Ola bilsin, hansısa araşdırmalar başlanıb. Bu araşdırma vacib deyil ki, Maliyyə Bazarlarına Nəzarət Palatasında işlədiyi dövrlə bağlı olsun. Ondan əvvəl R.Aslanlı on ilə yaxın Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin sədri olub. Yəni ehtimallar çoxdur. Bununla bağlı hüquq-mühafizə orqanları məlumat verməlidir. Onlar da bəlkə istintaq sirri olduğu üçün hələlik açıqlama vermirlər. Düşünürəm ki, ən böyük ehtimal R.Aslanlının Palataya rəhbərlik etdiyi dövrlə bağlıdır. Mən özüm ”Bank Standard”ın Kreditorlar Komitəsinin sədri kimi dəfələrlə demişəm ki, ən azı həmin bankın müflisləşmədən əvvəlki altı aylıq fəaliyyətinə görə Palata məsuliyyət daşıyır. Həmin dövrdə banka irihəcmli vəsaitlər ayrılıb, onların taleyindən məlumat verən yoxdur. O dövrdə də Palataya Rüfət Aslanlı rəhbərlik edirdi. Yəni ən azı bir epizodu mən deyirəm. Rüfət Aslanlının rəhbərliyi ilə ondan çox bankın müflisləşməsi prosesi aparılıb, tam sağlam olan “ParaBank” bağlanıb. Bu, bankçılıq tarixində görünməmiş haldır ki, tam sağlam olan bankı müflis elan edəsən”.

Ä°lgili resim

Onu da qeyd edək ki, bir müddət əvvəl Əmanətlərin Sığortalanması Fondunun əvvəlki rəhbərliyinin fəaliyyətinin araşdırılması və ciddi qanun pozuntularının aşkarlanmasına dair məlumat yayılmışdı. R.Aslanlı bu iş üzrə prosesə cəlb oluna bilərmi? Ə.Həsənov bunu istisna etmir: “Bilirik ki, Azad Cavadovun dövründə fondun fəaliyyətində böyük problemlər olub, araşdırmalar zamanı ciddi faktlar aşkarlanıb. Düzdür, bununla bağlı da rəsmi açıqlama verilməyib, amma araşdırmaların gedişində R.Aslanlının da işlə bağlı cəlb olunması mümkündür. Çünki Əmanətlərin Sığortalanması Fondu faktiki olaraq R.Aslanlının rəhbərlik etdiyi Palataya tabe idi”…

Həmçinin oxuyun

Sabah hava necə olacaq? – Proqnoz

Azərbaycanda martın 27-ə gözlənilən hava şəraiti açıqlanıb Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hidrometeoroloji Proqnozlar Bürosundan …