Şənbə , Aprel 20 2024
Ana səhifə / Aktual / “Rövşən Əkbərovun həbsi, Nəcməddin Sadıkovun “vurulması” Ordudakı təmizləmənin tərkib hissəsidir”

“Rövşən Əkbərovun həbsi, Nəcməddin Sadıkovun “vurulması” Ordudakı təmizləmənin tərkib hissəsidir”

“Ehtiyatda olan general-leytenant Rövşən Əkbərovun həbsi həm də Azərbaycan ordusundakı təmizləmə əməliyyatının tərkib hissəsidir”.

Bunu Modern.az-a açıqlamasında Qarabağ Azadlıq Təşkilatının (QAT) sədri Akif Nağı Rövşən Əkbərovun Baş Prokurorluğun İstintaq İdarəsi tərəfindən aparılan cinayət işi üzrə həbs edilməsindən danışarkən bildirib.

A.Nağı deyib ki, Rövşən Əkbərovun hazırda ittiham olunduğu cinayətlə bağlı illər əvvəl mətbuatda yazılıb:


“Amma illər əvvəl yazılanlar hüquqi əks-səda doğurmadı və hansısa reaksiya verilmədi. Bizim bildiyimiz də indi mətbuatda yazılanlar qədərdir. Yəni onun illər əvvəlki cinayətə görə saxlanıldığı bildirilir”.

QAT sədrinin sözlərinə görə, II Qarabağ müharibəsinin gedişində baş verən bəzi hadisələrin bu həbsin tərkib hissələri olması istisna edilmir:


“Rövşən Əkbərov tanınmış korpus komandiri olub. Müharibənin gedişində bəzi rəsmi və qeyri-rəsmi məlumatlar yayıldı. Kompleks şəkildə yanaşsaq, deyə bilərik ki, II Qarabağ müharibəsi zamanı orduda təmizləmə prosesi getdi. Nəcməddin Sadıkovun ordudan uzaqlaşdırılması ən vacib məsələlərdən biri idi. Azərbaycan cəmiyyətində onun mənfi rolu ilə bağlı dəfələrlə müzakirələr aparılmış, fikirlər səsləndirilmişdi. Nəcməddin Sadıkovun Azərbaycanın ordu rəhbərliyindən uzaqlaşdırılması ilə bağlı Qarabağ Azadlıq Təşkilatı dəfələrlə müraciətlər ünvanlamışdı. Gedişat onu göstərir ki, ordunun daxlində müəyyən proseslər gedir. Bunu təmziləmə kimi də dəyərləndirmək olar. Məsələ burasındadır ki, müharibənin gedişində Rövşən Əkbərov da korpus komandirliyindən uzaqlaşdırılmışdı. Ona görə də Rövşən Əkbərovun həbsini təmizləmənin tərkib hissəsi saymaq olar.

Baş Prokurorluğun rəsmi məlumatlarına görə, o, Kiyevdəki cinayətə görə saxlanılıb. Biz çox istəyirik ki, ədalətli qərar verilsin. Azərbaycan ordusunun xeyrinə olan proseslərə yönəlik qərar verilsin. Biz ədalətin bərqərar olacağına, işin obyektiv araşdırılacağına inanırıq”.

Baş Prokurorluğun yaydığı məlumata görə, Azərbaycan Respublikası vətəndaşı, 1965-ci il təvəllüdlü, Əkbərov Rövşən Telman oğlunun 31 may 2001-ci il tarixdən 1 iyun 2001-ci il tarixə keçən gecə Kiyev şəhəri, Deqtyaryov küçəsi 7 ünvanda yerləşən “Sikora” kafesində yeyib-içdikdən sonra, saat təxminən 2-3 radələrində həmin kafenin yaxınlığında Əliyev Elçin Fəday oğlu ilə aralarında yaranmış cüzi münaqişə səbəbindən xuliqanlıq niyyəti ilə Elçin Əliyevin ürək nahiyəsinə kəsici-deşici predmetlə xəsarət yetirərək sonuncunun qəsdən öldürməsinə şübhələr üçün əsaslar müəyyən edilib.

“15 mart 2021-ci ildə Rövşən Əkbərov CM-in 12.1, 120.2.2 (qəsdən adam öldürmə) və 12.1, 221.3-cü (xuliqanlıq) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə, ona həmin maddələrlə ittiham elan edilib və Baş Prokurorluğun təqdimatına əsasən Bakı Hərbi Məhkəməsinin həmin tarixli qərarı ilə barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib”.


Azərbaycan Müdafiə Nazirliyi bu il yanvarın 28-də yaydığı məlumata görə, general-polkovnik Nəcməddin Sadıkov müdafiə nazirinin birinci müavini – Silahlı Qüvvələrin Baş Qərargah rəisi vəzifəsindən uzaqlaşdırılaraq, ordu sıralarından ehtiyata buraxılıb.

N.Sadıkov 2 noyabr 1993-cü ildə müdafiə nazirinin birinci müavini – Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Baş Qərargahının rəisi vəzifəsinə təyin edilmişdi.

Həmçinin oxuyun

Xocalı aeroportu Azərbaycanın nəzarətinə keçir – VİDEO

İşğaldan azad edilmiş ərazilərdə daha bir mühüm strateji obyekt tam Azərbaycanın nəzarətinə keçəcək. Bunu açıqlamasında …