Cümə axşamı , Aprel 18 2024
Ana səhifə / Aktual / “REAL FİASKO”… – Belə kampaniya ilə mandatı almaq olar, amma qazanmaq çətin…

“REAL FİASKO”… – Belə kampaniya ilə mandatı almaq olar, amma qazanmaq çətin…

ReAL Partiyası növbədənkənar parlament seçkilərində 30-a yaxın namizədlə iştirak etsə də, onların əksəriyyəti seçki dairələrində hərəkətlilik yarada bilmirlər. Tanınmış simalar da medianın, sosial şəbəkələrin gündəminə apardıqları effektli seçki kampaniyasının təsiri ilə deyil, müxtəlif diskusiyalarla, çəkişmələrlə gəlirlər.

Məsələn, 12 saylı Qaradağ-Binəqədi-Yasamal Seçki Dairəsindən ReAl Partiyasının icraçı katibi Natiq Cəfərli, 16 sayl Yasamal Seçki Dairəsindən isə partiyanın qurucu üzvü Erkin Qədirlinin deputat mandatı alacaqları barədə müzakirələr gedir. Bu ehtimallar isə hələ seçkidən xeyli əvvəl gündəmə gəlmişdi. Hakim Yeni Azərbaycan Partiyasının (YAP) hər iki dairədən formal namizədlər irəli sürməsi isə sözügedən 2 ReAL təmsilçisinə mandat veriləcəyi ehtimalını daha da qüvvətləndirdi. Bu alternativsizliyi bir “Feysbuk” statusunda Erkin Qədirlinin özü belə ifadə etmişdi:

“16 saylı Yasamal ikinci Seçki Dairəsinin indiki durumu çox mənasızdır. Orada udmaq belə ayıbdır. Çox urvatsız qələbə olacaq. O da olacaqsa. Bu dairədən 25 namizəd var, özümdən başqa heç kimi tanımıram. Heç özümü tanıdığıma da əmin deyiləm…”

Milli Şuranın sədri Cəmil Həsənlinin açıqladığı deputat siyahısında N.Cəfərlinin və E.Qədirlinin də adlarının olması isə, sanki, odun üzərinə yağ tökdü. Xatırladaq ki, C.Həsənli 125 dairə üzrə hakimiyyətin hansı namizədə mandat verəcəyini əks etdirən siyahı yaymışdı. ReAl-ın hər iki namizədi C.Həsənliyə açıq narazılıqlarını bildirdilər. Natiq Cəfərli Milli Şuranın sədrini ağır ifadələrlə ittiham etməkdən də çəkinmədi.

Erkin Qədirli isə, incikliyini həmkarından bir qədər “yumşaq formada belə ifadə etmişdi: “Cəmil Həsənli o boyda siyahını yazmaq yerinə, bir kəlmə yazaydı ki, Milli Məclisi Natiq Cəfərliyə və Erkin Qədirliyə görə buraxıblar”.

“ReAL”çıların, deputat olub-olmayacaqları məlum olmasa da, onların apardıqları seçki kampaniyasını kifayət qədər uğursuz saymaq olar. Məsələn, Natiq Cəfərli sosial şəbəkədə seçki dairəsi ərazisində guya aktiv kampaniya apardığını əks etdirən fotolar yayımlayır. Amma fevralın 2-də onun Lökbatan Mədəniyyət Evində seçicilərlə keçirdiyi görüşdən yayılan fotolar, reallığın əslində nədən ibarət olduğunu göstərdi. 360 nəfərlik zalın bir küncündə 40-50 nəfərlə bir aya gələn namizədin piar menecerləri fotodakı boş yerləri gizlətmək üçün xeyli əziyyət çəkiblər. Buna baxmayaraq N.Cəfərlinin partiyadaşları və dostları sosial şəbəkələrdə “möhtəşəm görüş”lə bağlı postlar paylaşıb, onu təbrik ediblər.

Maraqlı məqamlardan biri də odur ki, əgər, hakimiyyət ReAL üzvünün deputat seçilməsində maraqlıdırsa, lazım olan görüntünü niyə təmin etmədi?

Görünür, ya Natiq Cəfərlinin deputat olacağı barədə ehtimallar bir qədər şişirdilib, ya da hakimiyyət ReAL namizədlərini urvatsız edərək mandat vermək istəyir.

Erkin Qədirli isə ümumiyyətlə seçkiyə könülsüz qoşulub. O, əvvəldən qeyd edib ki, seçkidə hər hansı saxtakarlıq olacaqsa, parlamentdə oturmayacaq və deputat mandatından imtina edəcək. Digər tərəfdən isə demək olar ki, təbliğat-təşviqat kampaniyası aparmır. Seçki kampaniyasının bitməsinə 4 gün qalsa da, ReAL-ın namizədi ancaq təşviqat materiallarını paylayıb, bir neçə məhəllə və binada sakinlərlə söhbət edib. Onun “Facebook” səhifəsində bir dənə də olsun seçki kampaniyasını əks etdirən foto paylaşılmayıb.

Bundan sonrakı seçki təşviqatını isə E.Qədirli evindən idarə etmək niyyətindədir. Bunu dünən özü bəyan edib. Sitat: “Söz verdiyim kimi, bu gündən başlayaraq, hər axşam saat 21:00-da səhifəmdə canlı yayım olacaq, seçki təşviqatı kontekstində danışacağam”.

Əlbəttə, Erkin Qədirli tanınmış şəxsdir, sosial şəbəkələrdə kifayət qədər izləyicisi var. O, bir namizəd kimi seçki platformasını internet üzərindən, müasir kommunikasiya vasitələri ilə seçicilərə çatdıra bilər.

Amma bu üsullar, ReAL partiyasının parlament seçkilərinə qatılmaq qərarında göstərilən hədəflərlə üst-üstə düşmür. Partiya bəyan edib ki, əsas məqsədi əhalini fəallaşdırıb seçkiyə gətirmək, seçkiyə inandırmaq və səsləri ictimai təzyiqlə qorumaqdır. Şübhəsiz ki, bu hədəfə çatmağın birinci şərti namizədlərin qızğın seçki kampaniyası aparması, seçicilərlə intensiv işləməsidir. Amma ReAL-ın ən parlaq iki funksioneri bu istiqamətdə nə edirlər? Natiq Cəfərli görüntü yaratmağa çalışırdı, alınmadı. Erkin Qədirli isə evə qapanmağa üstünlük verdi.

Yeni yaradılmış siyasi partiyanın vətəndaşlarla ciddi iş aparmasına, dəstəyini artırmasına, proqramını yaymasına, cəmiyyətdə özünə inam yaratmasına ehtiyac var. Seçki prosesi bu fəaliyyət üçün ən uğurlu zaman sayılır. Amma ReAL-ın namizədləri buna çalışırlarmı? Göründüyü kimi, namizədlər partiya maraqlarını açıq şəkildə görməzdən gəlirlər.

Başqa tərəfdən, namizədlərin seçicilərlə birbaşa ünsiyyəti, seçki texnologiyalarının ən vacib şərtidir. Bu zaman seçiciyə ehtiram göstərilir, onların arzuları, problemləri özlərindən eşidilir. Vətəndaşa göstərilən bu sayğı və diqqət, əlbəttə, cavabsız qalmır. Hakimiyyəti daim seçiciyə hörmətsizlik etdiyinə görə tənqid edən müxalifət partiyasının özü iqtidar nümayəndələri ilə eyni dairədə fırlanır. Bu paralellik, sinxron yanaşma, əlbəttə, cəmiyyətin diqqətindən yayınmır. Yəqin ki, hakimiyyətin də nəzərindən qaçmayacaq…
AzPolitika.info

Həmçinin oxuyun

“Rusiya Azərbaycan vasitəsilə Paşinyanı cəzalandırmaq niyyətindədir”

Siyasi Menecment İnstitutunun direktoru Azər Qasımlı Meydan TV-yə deyir ki, Rusiya sülhməramlılarının Azərbaycanı vaxtından əvvəl …