Bazar , Sentyabr 22 2019
Ana səhifə / Aktual / Razi Nurullayevin tərəfdarları polis zorakılığına məruz qalıblar

Razi Nurullayevin tərəfdarları polis zorakılığına məruz qalıblar

Narazı cəbhəçilər Ağstafada konfrans keçirmək istəyərkən onlara əngəllər yaradılıb

Razi Nurullayev: “Sizi daha çox utandırmağa çalışacağıq”
Əli Kərimliyə qarşı çıxaraq, Razi Nurullayevi dəstəkləyən cəbhəçilərə Ağstafa polisi hücum edib. Nəticədə konfrans keçirmək istəyən sabiq cəbhəçilərlə polislər arasında qarşıdurma yaranıb. 
Bu barədə məlumatı sosial şəbəkədə AXCP Etimad Qurultayının Təşkilat Komitəsinin rəhbəri Razi Nurullayev verib: “Bir neçə gün hazırlıq edib, Ağstafada konfrans keçirmək istədik. İstədik ki, hər şey mədəni, kübar və səliqəli olsun. Qoy cəbhəçilər döyülməsin, söyülməsin və aşağılanmasın. Amma, yenə də siyasi iqtidar iç üzünü göstərdi. 80-100 nəfərlik cəbhəçilərin üzərinə Ağstafa polisi 4 avtobus silahlanmış polislə gəldi. Onları peşə və adətlərinə uyğun kobudluqla avtobuslara doldurub, polis idarəsinə salıb, damladılar. Şükür ki, hamısı azad edilib, artıq… Amma, onların ürəyinə düşən xiffət və qorxu qalacaq. İnsan şəxsiyyətini aşağılamaq, insanı təhqir demək, onu əzmək çox böyük ədalətsizlik və qanunsuzluq olmaqla bərabər, həm də böyük günahdır”.
R.Nurullayev qeyd edib ki, hər bir insan azad doğulub və hər bir insanın şəxsiyyətinə hörmət olunmalıdır:“Ağstafa polisinin, Ağstafa İcra Hakimiyyətinin bu hərəkəti heç bir ölçüyə sığmır. Sən necə rəva görə bilərsən ki, insanın şəxsiyyətini aşağılayaraq, onları bir otağa salıb, insanlıqdan kənar rəftar edəsən? Məsələ döyülmək və söyülməkdə deyil. İnsan şəxsiyyətini alçaltmaq, ona əl qaldırmaqdan daha betərdir. Biz AXCP olaraq, yeni yol və format müəyyən edirik. Yenilənmiş və intriqalardan uzaq, xalqın maraqları ilə uyuşan bir AXCP qururuq. Əbülfəz Elçibəy sevgisi ilə qurulan bir AXCP… Dinc mübarizə üsulu ilə sizi daha çox utandırmağa çalışacağıq. Bizim topumuz və topxanamız olmasa da, insan və insanlığa, dövlət və dövlətçiliyə ehtiramımız və sayqımız var. Dövlət YAP demək deyil. Dövlət bizim babalarımızın ruhunun gücü və dəstəyi ilə bizə çatmış, kökü tükənib-bitməyən, sonsuzluğa qədər gedən bir qayadır. O qayanı tərpətmək olmaz”.
R.Nurullayev hakimiyyəti polis rejiminə son qoymağa çağırıb: “Corc Oruelin “1984” romanında təsvir edilmiş polis rejimini yaratmağa nə lüzum var, nə də ehtiyac… Əgər müxalifəti aşağılamaq və silmək istəyirsinizsə, o zaman bunu da bilin. Müxalifəti silmək istəsəniz, bu zəncirvari reaksiyaya səbəb olaraq, sizi də süpürüb, atacaq. Biz dözürük və dözəcəyik. Öz dözümlülük və səbrimizlə sizi utandıracaq və sonunda da qalib biz olacağıq. Biz şəxsimizlə yox, dövlət sevgimiz və dövlətçilik marağımızla sizə qalib gələcəyik. Qoy, Aqstafa İcra Hakimiyyəti, onun polis rejimi və onlara göstəriş verən yuxarı çinli vəzifəlilər papağını qarşısına qoyub, düşünsün. Düşünmək və doğruları ayırd etmək üçün…”

Həmçinin oxuyun

“O adamlar harınlayıb, hədlərini aşıblar…” – Misir Mərdanov

Keçmiş təhsil naziri, hazırda AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Misir Mərdanov …

Bir cavab yazın