Şənbə , Avqust 15 2020
Ana səhifə / Aktual / “Rayonlarda koronavirusa yoluxanlar daha çoxdur, camaatın xəbəri yoxdur” – NARAZILIQ

“Rayonlarda koronavirusa yoluxanlar daha çoxdur, camaatın xəbəri yoxdur” – NARAZILIQ

Sərt karantin rejiminin yumşaldılması ilə bağlı müzakirələr səngimək bilmir. İstər mütəxəssislər, istərsə də tanınmış ictimaiyyət nümayəndələri Bakıdakı sıxlığın azaldılmasını, rayonlara giriş-çıxış zamanı tətbiq edilən məhdudiyyətlərin aradan qaldırılmasını istəyirlər. Virusun bölgələrdə çox yayılmaması üçün çıxış yolu göstərənlər də var. Təklif edilir ki, Türkiyəyə gedənlər kimi rayonlara gedənlər də koronavirus testindən keçsinlər və test nəticəsi neqativ çıxan şəxslər arayışlarını təqdim edərək rahatlıqla bölgələrə daxil ola bilsinlər.

Əməkdar jurnalist Azər Həsrət Yenisabah.az-a açıqlamasında bildirib ki, hətta mart ayından insanların rayonlara getməsinə şərait yaradılmalı idi:

“Mən hələ o zaman belə bir təklif vermişdim ki, mümkün qədər Bakını boşaltmaq lazımdır. Özü də onda yoluxma indiki həddə deyildi. Təklifim bu idi ki, rayonda öz evində, yaxud kirayə götürə biləcəyi bir mənzildə qalma imkanı olan şəxs istəmirsə, Bakıda qalmamalıdır. Hətta mən özümü də misal çəkmişdim. Xaçmazın Dədəli kəndində bizim ata yurdumuz var, burada heç kim olmur. Mən ailəmi götürüb burada rahat qala bilərdim. Amma təəssüflər olsun ki, bizim təkliflərimiz eşidilmədi. O vaxt biz başqa bir təhlükəni də görürdük. Qeyd edirdik ki, əgər insanlar evlərində sıxışdırılıb saxlanılacaqsa, bu, əlavə xəstəliklərin yaranmasına səbəb olacaq. Eyni zamanda Bakının su və ərzaq probleminin də yavaş-yavaş özünü göstərməyə başlayacağını vurğulayırdıq. Lakin bizi dinləmədilər. Sonra biz vəziyyəti görüb yenə bir qədər fərqli şəkildə təklifimizi səsləndirdik ki, heç olmasa adamları yoxlayıb rayonlara buraxsınlar. Yəni postlarda temperatur ölçən aparatla hər adamı yoxlayıb buraxa bilərlər. Çünki təbiət insanların sağlamlığına müsbət təsir edir. Amma bunu da nəzərə almadılar. İndi isə nəticə olaraq Bakıda həddən artıq sıxlıq var. Dediyimiz olub, yəni su problemi yaşanır. Digər tərəfdən də xüsusilə, şəraitsiz evlərə qapanıb qalmış insanlar əlavə xəstəliklər tapmaqdadır”. 

Jurnalist qeyd edib ki, Operativ Qərargah bu məsələni bir daha müzakirə etməli və insanların rayonlara paylanması üçün tədbir görməlidir:

“İndi mənim olduğum Xaçmaz rayonunda da karantin elan olunub. Düzü, mən bunu anlamaqda bir qədər çətinlik çəkirəm. Yoluxanların faizinə görə Xaçmaz aşağı yerdədir. Xaçmazdan daha yüksək yerdə olan rayonlarımız var, lakin onlarda sərtləşdirilmiş karantin rejimi yoxdur. Bunun özü də anlaşılan deyil. Görülür, Operativ Qərargahda bu problemlərlə yetərincə səriştəli şəkildə məşğul olacaq adamların ya sayı azdır, ya da ümumiyyətlə, yoxdur. Çünki bu adamlar elə bir vəziyyətə gətirib çıxarıblar ki, ha çalışırıq ki, maarifləndirmə işlərində kömək edək, alınmır ki, alınmır. Elə qərar verirlər ki, bu, yoluxmanın artmasına səbəb olur. Necə olur ki, adamlar həkimdən arayış alaraq hava limanında təyyarəyə minib İstanbula uça bilirlər, dünya dağılmır, amma burda öz rayonlarına gedə bilmirlər. Bunu Bakıda saxlamağın mənası nədir? Operativ Qərargah bu məsələ ilə bağlı çıxış yolu tətbiq etməlidir”. 

Məsələyə münasibət bildirən terapevt Rasif Bağırov isə vurğulayıb ki, rayonlarda da kifayət qədər virusa yoluxanlar var:

“Bəziləri deyir ki, guya rayonda virus yoxdur. Bunların hamısı yalan-yalan sözlərdir. Nə qədər olmasa, rayonlarla da əlaqəmiz var.Vəziyyətin necə olduğunu bilirik. Rayonlarda Bakının özündən də çoxdur. Məsələn, xəstələr var ki, zəng edib danışırlar, bildirirlər ki, doktor, kəndin hamısının temperaturu yüksəkdir, evdə yatırlar. Heç çoxu təcili yardıma müraciət eləmir, müalicələrini yerli həkimlərin köməyi ilə alırlar. Yəni rayonlarda da kifayət qədər yoluxan şəxslər var. Bakıda bu sıxlığı yaratmağın mənası yoxdur. Rayonla Bakının arasında əlaqəni kəsirlər. Nəticədə Bakıda insan sıxlığı yaşanır. Digər tərəfdən isə effektiv mübarizə apara bilmirlər. Əslində, apara bilməmək üçün kifayət qədər əsas var. Belə ki, onlar həkimlərin ordusunun potensialından istifadə etmirlər. Poliklinika həkimləri bu xəstəliyi sanki təzə-təzə dərk edirlər. Ona görə də mübarizə yarıtmaz bir formada həyata keçirilir. Nəticədə yoluxma sayı artır. Məsələn, dünənədək yoluxma sayını 500-600 arası oxuyurduq, dünən isə televizorda “subtitle”da oxuyuruq ki, artıq 732 nəfər yoluxub. Bu, ölkəmiz üçün kifayət qədər böyük rəqəmdir. Rayonlardan Bakının mərkəzinə informasiya çox zəif gəlib çatır. Çünki kəndlərdən demək olar ki, informasiyaları toplayıb Bakıya ötürmək hazırda çətindir. Proses axsayır, normal şəkildə həyata keçirilmir. Buna görə də insanlar elə bilir ki, rayonlarda koronavirus yoxdur və rahat gedib gəzə biləcəklər. Əslində, Bakıdan rayona gedən insan özünü qorumalıdır ki, birdən virusa yoluxar. Amma Bakıdan rayona gedən insanların sayəsində mərkəzdə biraz seyrəklik yaranar, sıxlıq azalar. Bu baxımdan tədbir görülməlidir”. 

Həkim diqqətə çatdırıb ki, hazırda görülən tədbirlər yoluxmanı artırmaqdan başqa bir şey etmir:

“Çünki bir tərəfdən rayona gediş-gəliş dayandırılıb, digər tərəfdən metro fəaliyyət göstərmir, əvvəl avtobusda 5-6 nəfər gedirdisə, indi adam əlindən yer yoxdur. Hamı bir-birinin üzünə öskürür. Belə virus qarşısı alınar? Əksinə nəqliyyat vasitələrinin sayı çoxaldılmalı, metro fəaliyyət başlamalı və interval azaldılmalı idi. Bakı əhalisinin 60 faizi metro istifadəcisidir. İndi isə hamı avtobus və taksilərə üz tutub. Nəticədə həm də tıxac yaranır, iki saatlıq icazə müddəti elə tıxacda başa çatır. Taksilər 5-6 kilometrlik yolu 10 manatdan aşağı aparmırlar. Belə olmaz axı… Vətəndaş nəzərə alınmalıdır. Operativ Qərargahın hansı ağılla, hansı səviyyə ilə qərar verdiyini adam təsəvvürünə gətirə bilmir. Yəni bunlar necə başa düşə bilməz ki, metronu bağlamaqla sıxlıq artacaq? Demək istədiyim odur ki, səmərəli tədbirlər effekt verə bilər, amma hazırkı tədbirlərin hamısı səmərəsizdir”. 

Həmçinin oxuyun

Ramiz Mehdiyev Əli Abbasovu işdən çıxardı

AMEA Rəyasət Heyətinin qərarı ilə Əməkdar mühəndis Vasif Bilal oğlu Abbasov AMEA “Yüksək Texnologiyalar Parkı” MMC-nin direktoru …