Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Aktual / RAMİZ ZEYNALOV, NİGAR CAMALI BAĞIŞLAMAQ OLAR, ELNUR MƏHƏRRƏMLİNİ YOX?!- Məhəmmədəli Qəribli yazır

RAMİZ ZEYNALOV, NİGAR CAMALI BAĞIŞLAMAQ OLAR, ELNUR MƏHƏRRƏMLİNİ YOX?!- Məhəmmədəli Qəribli yazır

Nigar Camalın DYP işçiləri haqqında işlətdiyi tərbiyyəsiz ifadə məni həddindən artıq əsəbləşdirdi. KİV-ləri yaxından izləməyənlər üçün bildirim ki, Nigar Camal “Evrovizion” mahnı yarışmasında Azərbaycanı təmsil edib və orada hansısa nailiyyət qazanıb. Yəni sadə dillə desək, çalıb – oxuyan adam olduğu üçün, onu ölkədə çox adam tanıyır . Vaxtilə ölkəni mötəbər tədbirdə təmsil edən bu müğənni dövlətdən öz mükafatını artıqlaması ilə alıb və hələ də həmin uğurun orbitində xoş-xürrəm fırlanmaqdadır. İndi bu xanımın açıqlamasından belə anlaşıldı ki, DYP işçilərinin onun avtomobilini  tez-tez saxlaması müğənini bərk əsəbləşdirir. Nigarın bir ifadəsini oxuyan kimi həmin dəqiqə onun nə demək istədiyini anladım. Müğənni deyir ki, polislər saxlayan kimi ona “ilişirlər” və “kəmər niyə taxmırsan?”-  sualı ilə müraciət edirlər… Deməli, belə başa düşdüm ki, bu xanım kəmər taxmır və bu qayda pozuntusuna görə məsuliyyətdən kənar qalmaq istəyir.

 

Mən 40 manat cərimə olunmamağım və ən başlıcası isə təhlükəsizliyim üçün kəmər taxıramsa, Nigar Camal niyə bunu etməməlidir? Sonra yazır ki, maşının cəriməsini ödəməyi tələb edirlər və buna görə vaxt itirməli olur. Burada qanunsuz nə var ki? Əcaba, bu xanım etdiyi cərimələri də ödəmək istəmir və yəqin ki, kiminsə bunu onun əvəzindən etməsini arzulayır. Bəyəm, bu ölkədə qanunun hamı üçün deyil? Yox, müğənni narahat olmağını istəmirsə, onda zəhmət çəkib cəriməsini  vaxtında ödəsin. Tərbiyəsiz formada etiraz nəyə lazım? Nigar Camal öz işi ilə məşğul olan DYP işçilərinin ünvanına “qudurublar” ifadəsini işlətdiyi üçün onun davranışını məhz tərbiyədən kənar kimi dəyərləndirmək olar. Çünki  həmin söz leksikonumuzda  normal ifadə kimi qəbul edilmir. Bir dəfə də buna bənzər etirazı millət vəkili Eldar İbrahimov etmişdi. O, da DYP işçilərini təhqir edib onlara “dana” demişdi. Eldar müəllimin isə deməyindən bu çıxırdı ki, onun avtomobilini ümumiyyətlə saxlamasınlar. Əsaslandırması da belə idi, axı, o deputat və komissiya sədridi. Səhv etmirəmsə, hətta özünə “cest” verilməsini də tələb edirdi.

 

Onda da Eldar İbrahimovun parlamentdə səsləndirdiyi fikirə yazdığım müəllif yazısı ilə ən sərt formada etiraz etdim. Hesab edirəm ki, hər iki hal Azərbaycan üçün xarakterikdi. Çünki biz populiyarlığa meyilli və bunun fonunda özümüzə xüsusi imtiyaz tələb etməyi xoşlayan toplumuq. Düşncəmiz belədir ki, tanınmış olduqsa bizə hətta qaydanı pozmaq, öz işini vicdanla həyata keçirən polisi təhqir etmək kimi səlahiyyət də parallel verilməlidir. Bunun əksini görəndə isə özümüzdən çıxırıq. Bəziləri isə belə əsəbin fonunda əsl tərbiyyəsini ortaya qoymuş olur. Mənim özüm də sürücüyəm. Bəzi istisnaları çıxmaq şərtilə, DYP işçiləri qaydanı pozmayan adamı nadir halda saxladığının şahidi oluram. Elə olub ki, mən də DYP əməkdaşlarının əməlindən narazı qalmışam, bəlkə də onların fəaliyyətini məndən çox tənqid edən belə olmayıb.

 

Ancaq heç vaxt öz vəzifə borcunu həyata keçirən sadə polis əməkdaşlarını təhqir etməmişəm. DYP-nin Nigar Camal hadisəsilə bağlı verdiyi rəsmi reaksiyanı oxudum və açığını deyim ki, təəssüfləndim. Sitat: “Nigar Camal polis haqqında müəyyən kobud ifadələr işlədib. Sözsüz ki, o rusdilli xanımdır, bir az da ingilis dili təhsili var. Özü də etiraf edir ki, o sözü təhqir etmək məqsədi ilə deməyib. Həmin söz Nigar xanımın tərcüməni düzgün etməməsi səbəbindən yazılıb”. Sanki Nigar Camalın onları təhqir etməsini malalamaq, hətta müğənniyə haqq qazandırmaq istəyillər. Hesab edirəm ki, bu vəziyyətdə Ramiz Zeynalovun reaksiyası belə yox, fərqli olmalıydı. Ən azından, Nigarın onun tabeçiliyində olanları qudurğan adlandırmasına sərt reaksiya verilməsini tapşırmalıydı. Əfsus ki, əksini gördük. Sonda hörmətli Ramiz Zeynalovun diqqətinə bir iradımı çatdırmaq istəyirəm. Axı o, bir general olaraq daima qarda, yağışda, küləkdə, istidə xidmət aparan və buna görə də bəzən populyar, “daydaylı” insanlar tərəfindən təhqir olunan sadə DYP əməkdaşlarının hüququnu daha ciddi şəkildə qorumağa borclu olmalıdır. Onda isə niyə bir müğənnidən bu qədər çəkinir və onunla bağlı lazım olmayan loyallıq nümayiş etirmiş olur? 

 

Hörmətli Ramiz müəllim elə düşünməsin ki, mən DYP rəhbərliyinin öz şərəf və ləyaqətini qorumaqla  bağlı öz hüquqlarını zəif bildiklərini iddia edirəm. Çünki jurnalistlərlə bağlı yaranmış konkret situasiyada bunun əksini görmüşük. Xatırladım ki, “Azpolitika” saytının rəhbəri Elnur Məhərrəmli ilə bağlı Bakının baş DYP-çisi Nuşirəvan Səfərovun xüsusi ittiham qaydasında qaldırdığı məhkəmə iddiasının sonu jurnalistin cəzaya məhkum edilməsilə nəticələnib. Bilirsinizmi, ittihamda əsas kimi nəyi  götürüblər? Jurnalistin  Nuşirəvan müəllimin ünvanına: savadsız, kobud, qaba kimi ifadələr işlətməsi  təhqir kimi qəbul  edilərək, onun 1 il 6 ay icbari cəzaya məhkum edilməsilə nəticələnib. Sizcə, bu hal president yaratmırmı? Hər halda, “qudurublar” ifadəsi  Elnur Məhərrəmlinin yazıda işlətdiyi ifadələrlə müqayisədə daha sərt və təhqiredicidir. Belə çıxır ki, müğənini bağışlamaq olar, jurnalisti yox?! Və ya sadə DYP işçilərinə ünvanlanan xoşagəlməz ifadələrə göz yummaq olar, rəhbərliyə tuşlanan tənqidə belə yox?!

Məhəmmədəli QƏRİBİLİ
Azinforum.az

Həmçinin oxuyun

“Deyirlər ki, təzə rəhbərlik xətrinə dəyib” – VİDEO

Vəfat edən ölkənin sabiq baş pediatrı, tibb elmləri doktoru, professor Nəsib Quliyevin iş yoldaşı hadisə …

Bir cavab yazın