Cümə , Aprel 19 2024
Ana səhifə / Aktual / RAMİZ TAĞIYEVDƏN MTN HAQDA SƏRT YAZI – “Bütün bunlara dözmək çətin deyildi”

RAMİZ TAĞIYEVDƏN MTN HAQDA SƏRT YAZI – “Bütün bunlara dözmək çətin deyildi”

Milli Təhlükəsizlik Nazirliyi (MTN) dövlətimiz üçün ən önəmli strukturlardan biridir. Orada baş verənlərdən sonra hamını bir sual düşündürür; MTN itirilmiş nüfuzunu bərpa edə biləcəkmi? Şübhəsiz bərpa edəcək və mütləq etməlidir. Bu, Dövlətimizin, Millətimizin təhlükəsizliyi üçün hədsiz önəmlidir. Bir zamanlar tərkibində yaşadığımız SSRİ imperiyasında həmin imperiyanın birmənalı onurğa sütunu sayılan “KQB”-nin qılıncı dal-qabaq kəsən rəhbəri Lavrenti Beriya və əlaltıları həbs edildi, güllələnməyə məhkum edildi. Təbii ki, “KQB”-nin nüfuzuna zərrə qədər təsir etmədi. Bir çox ölkələrdə də təhlükəsizlik strukturlarında analoji hadisələr baş verib.
Düşünürəm ki, narahatlığa heç bir əsas yoxdur və ölkə prezidenti cənab İlham Əliyev ən təqdirəlayiq addımı atıb. Elə bir uğurlu addımdır ki, bəhrəsini hər bir Azərbaycan vətəndaşı mütləq görəcək.

İlqar Əliyev pislik üçün dünyaya gələnlərdəndir…

Təəccübləndirici bir məqama toxunmasam olmaz. Belə ki, bəzi müxalifət partiyaları yenə xislətlərinə uyğun mövqe sərgiləməkdədir. AXCP sədri Əli Kərimli müxtəlif manevrlər etsə də, sonunda sabiq nazir Eldar Mahmudova dəstək verdiyini gizləyə bilmir. Onun ruporu sayılan “Azadlığ”a nəzər yetirmək kifayət edir ki, belə qənaətə gələsən. Nədənsə, AXCP sədri bir çox “silahdaşı”nın, xüsusilə jurnalist Pərviz Həşimlinin MTN tərəfindən açıq-aşkar şərlənərək, sərt cəzaya məruz qaldığını xatırlamaq istəmir. Ə.Kərimlinin mövqeyinə bənzər çağırışlar edənlər də az deyil. Guya, belələri MTN-nin nüfuzunu itirməsindən narahatdı. Əslində isə, dövlətçilikdən azacıq anlayışı olanlar, qəlbində Vətən, Millət sevgisi daşıyanlar MTN-də aparılan təmizləmə prosesindən məmnun qalmalı və ölkə prezidentinə dəstək nümayiş etdirməlidirlər. Belə bir həssas məqamda kimsə şəxsi və ya mənsub olduğu qurumun mənafeyini əks etdirmək baxımından pafoslu bəyanatlara imza atmamalıdır. Çünki sıradan bir problem yox, dövlətçiliyimiz üçün mühüm sayılan qlobal məsələnin həlli gündəmdədir.
AXCP sədri Ə.Kərimli ötən günlərdə Gəncədə dindarların etiraz aksiyasına icazə verilməməsindən guya narahatlıq keçiribmiş. Adam orada nə baş verdiyini, məramının nədən ibarət olduğunu müəyyən etmədən müdafiə səsini ucaltmağa çalışır. Əslində isə, “bulanıq suda balıq tutmaq” istəyini ortaya qoyur.
Mənim Gəncədə-“Şah Abbas” məscidindəki etiraza münasibətim tam fərqli oldu. İndi ölkədə heç bir aksiyaya ehtiyac duyulmur. Əgər, həmin məscidin axundu Seyid Tahir Qarabağı adlanan birisidirsə, onda həmin aksiyanın qarşısı mütləq alınmalıydı. Hər halda Azərbaycan adlı məmləkətdə yaşayırıq və “Şah Abbas” məscidinin axundunun hara, kimlərə xidmət göstərdiyindən də müəyyən qədər məlumatımız var. Yəqin ki, aksiyanın baş tutmamasından Ə.Kərimli kimi, Bakı İstintaq Təcridxanasına “ezam” edilmiş MTN-nin Antiterror Mərkəzinin sabiq müavini İlqar Əliyev də narazı qalıb…

ramiz

 

Çəkdiklərimi unutmaq istəsəm də…

Kinli deyiləm. Uca Tanrı bağışlayandır deyə, bəndələrin də bağışlamasını alqışlayanlardanam. Ancaq həyatın elə anları olur ki, istəsən də, unutmaq, yaddaşından birdəfəlik silmək asan olmur.
Təvazökarlıqdan uzaq olsa da, şərəfli bir ömür yaşadığımı söyləməyi haqq edənlərdən olduğumu məni tanıyan hər kəs bilir. Çalışdığım, mübarizə apardığım bölgədə başımı dik tutub, insanların təbəssümlü baxışından qürurlanmaqdan gözəl hiss tanımıram.
Dünya malının, pul-paranın ardınca yürüyənlərdən olmadım və bu gün də millətin qanını sorub, lənət toplayanlara rəğbətim yoxdur. Rəhbər vəzifələrdə çalışsam da ömrüm kirayə mənzilləri sıralamaqla keçdi. Yaxınlarım incidi, bizə bir gün ağlamadın, dedilər. Bilmədilər ki, bütün el-oba yığışıb mənim günümə ağlasa, yenə yolumdan dönən, vicdanımı, Millət, Vətən sevgimi pula, paraya satan deyiləm.
Satdım… Atamdan miras qalmış yurd evimizi satdım ki, şərəfimi, ləyaqətimi satmayım. İçimdə ağlaya-ağlaya yaşadım. Sınmadım və kimsənin qarşısında əyilmədən yoluma davam dedim…
Bütün bunlara dözmək çətin deyildi. Qaçqın, köçkün həyatı yaşayanlara baxıb, onlar dözür, yaşayır, biz də dözməliyik, deyirdim. Ancaq nə etmək olar, həyatda İlqar Əliyev kimləri ilə də rastlaşmalı oluruq. Ömürlərini fitnə-fəsad törətməklə quranlarla… İllər öncə yazmışdıq, İlqara nəinki MTN-də məsul vəzifə həvalə etmək, üç uzunqulaq belə tapşırmaq günahdı. Bu başabəla “çekist”in səhvi üzündən hələ 2003-cü ildə 5 il həbs cəzasına məhkum edildim.

“İşləyirik”, ölkənin təhlükəsizliyini “qoruyuruq” və bu minvalla vəzifə nərdivanında yüksəlmək naminə, onun qurduğu “uğurlu əməliyyat”ın qurbanı oldum. Müstəqilliyimiz uğrunda apardığım mübarizənin, müqəddəs torpaqlarımızın müdafiəsində vuruşmağımın “mükafatı”nı İlqar Əliyevin natamam insanlığı, naşılığı sayəsində aldım. O, İlqarın ki, indi bəzi dələduz, iyrənc əməllərin sahibi olan, məşhur “Dronqo”nun çirkli pullarıyla “qəzet”lər ərsəyə gətirən, insanların ləyaqətini, şərəfini alver predmetinə çevirən zurnalistlər onu Vətənin, Dövlətin ən sədaqətlisi, cəfakeşi kimi təqdim etməyə çalışırlar. Yaxşı deyiblər, “utanmasan oynamağa nə var”.
İlqar az qala şərəfsizlər, ləyaqətsizlər, işverənlər, uzəduranlar “ordu”su yaratmışdı. Mən, artıq 10 ildir ki, yazır, fakt ortaya qoyur, MTN-də gündən-günə baş alıb gedən qanunsuz əməllərin dövlətçiliyimizin imicinə zərbə vurmasını bəyan edirdim. İlqarın əlaltıları, boşqab dibi yalayanlar rəy yaratmağa çalışırdılar ki, guya, məni bu işə təhrik edənlər var. Susmalıydımmı?! Keçdiyim əzablı-əziyyətli, şərəfli ömür yoluna İlqar kimisinin cinayətkar damğası vurmasıyla razılaşmalıydımmı?! Və taleyimlə barışıb, azadlığa qovuşduqdan sonra İlqarın mənə təklif etdiyi çirkli pullara aldanaraq çuğulluğa razılıq verməliydim?!

SSRİ imperiyasının məşhur marşal və generallarının qorxuda bilmədiyi şəxsi sındırmaq istəyənlərin adı nə?

Bu bir qismət idi. Bir zamanlar nəslimi uzaq Sibir və Qazaxıstan çöllərinə sürgün etmiş SSRİ imperiyasının yüksək çinli nümayəndələri ilə qarşı-qarşıya gəlmək taleyimə yazılıbmış. SSRİ-ni lərzəyə salmış dəmiryolçuların ilk tətillərinə rəhbərlik etdiyimə görə, tez-tez Moskvadan hikkəylə Culfaya təşrif buyurmuş nazirlər, generallar, kommunist partiyasının ali rəhbərləriylə danışıqlar masası arxasında oturmalı olurdum. Həmin dövrü xatırlayanlar Girenkonun, Nişanovun, Varennikovun, Şatalinin, Şironinin, Eqorovun, Barannikovun, Konarevin, Fadeyevin, Polyaniçkonun kimlər və hansı səlahiyyətlərin sahibləri olduqlarını bilməmiş deyillər. Əvvəlcə asıb-kəsir, bir addım belə olsun çəkilmədiyimi görüncə, müxtəlif şirnikləndirici vədlərlə ələ almağa cəhd göstərirdilər. Arxamda mənə inanan, güvənən Millətim dayanmışdı, bundan böyük güc, dayaq ola bilərmi?!
Tale mənə Vəzirov maymaqlığı, Mütəllibov hiyləgərliyilə də üzləşməyi nəsib etdi. Üç il Heydər Əliyevlə birgə addımladım və bu illər, sözün əsil mənasında həyatım üçün ən önəmli sayıla biləcək təcrübəni qazandım. Əlbəttə, Əbülfəz Elçibəy qədər Millət sevgisiylə yaşamaq istədiyimi heç bir zaman gizlətmədim. İndi özünüz söyləyin, bütün bu olub-keçənlərdən sonra, Ramiz Tağıyev İlqar Əliyev və ondan heç bir keyfiyyətləri ilə fərqlənməyən Eldar Mahmudov, Hilal Əsədov kimilərin əlində oyuncağa çevrilə bilərdimi? Təbii ki, onların etdikləri təklif Azərbaycanımızın təhlükəsizliyinə xidmət etsəydi, düşünmədən həyatımı qurban verərdim. Yanılmışdılar… Hamını özləri kimi yalnız pula, mala, sərvətə alındığını sandıqlarında tamamilə yanılmışdılar.
Eldar Mahmudov bir zamanlar Heydər Əliyevin əsasını qoyduğu şərəfli Azərbaycan “çekist”lik məktəbini açıq-aşkar çirkaba, şər, oğurluq, quldurluq yuvasına çevirmişdi. Təxminən 6 il əvvəl yazılarımdan birində məhz həmin səbəbdən E.Mahmudovu istefaya çağırmışdım. Çağırışım səbəbsiz deyildi. Təhlükəsizliyimizdən sorumlu olan MTN-də demə təkcə təhlükəsizliyimiz barədə düşünülmürmüş…

 

mtn

 

İyrənc oyunların iştirakçısı ola bilməzdim!

2005-ci ilin yayında İlqarla yenidən qarşılaşmalı olduq. Özünü müxalifət lideri adlandıran birinin vasitəsilə… O, yeni planla gəlmişdi. Bu dəfə imicini dəyişmiş, özünü iş adamı kimi təqdim etmək istəmişdi. İlk baxışdan tanıdım və içimdəki sevinci büruzə verməməyi bacardım.
Antiterror Mərkəzinin “ATM” rəis müavini vəzifəsinə yüksəlməyi başarmış növbəti planları daha “rəngarəng” idi. Ətrafında pulgir siyasilər və “reket” jurnalistlər şəbəkəsi qura bilmişdi. Oyunlar o qədər açıq gedirdi ki, bu “iş”lərin başında MTN polkovnikinin dayanmağına inanmaq istəmirdim. Görüləcək işlər toplusuna təhlükəsizliyimizlə bağlı heç nə yox idi. İlqar açıq-aşkar pul silirdi. Onun şəbəkəsinə aid olan QHT-lərin, qəzetlərin ofisində “işverənlər” pul üstündə bir-birini hədələyir, İlqara məlumat ötürəcəklərini bəyan etməkdən çəkinmirdilər. Cəmi bir həftə İlqarla əlaqə saxladıqdan sonra, onun oynadığı bütün çirkin oyunlar barədə ətraflı məlumat toplaya bilmişdim. Bircə o qalırdı ki, etdiyi pisliklərin cavabını alsın. Həmin bir həftəni necə dözdüyümə inana bilmirəm. İnanın ki, İlqar kimi yeriyən pisliklə üzbəüz dayanmaq belə qəbahətdir. Onun kimliyinə, hansı xislətin daşıyıcı olduğunu bilmədən söylədiklərimi təsəvvür etmək çətindir.
İ.Əliyev birbaşa MTN-nin nazir müavini Hilal Əsədovun göstərişiylə hərəkət etdiyini gizlətmirdi. Əlləri hər yerə çatırdı. Onun bir telefon zəngiylə böyük işlər aşırdığını hiss etmək çətin deyildi.
İstənilən vicdanlı insanı bir andaca Vətənə “xəyanət”də suçlamaq İlqar üçün bir qurtum su içmək kimi bir iş idi. Ən təəccüblüsü o idi ki, ölkə iqtidarına müxalifətlik edənlərin böyük əksəriyyəti H.Əsədovun otur-dur komandasıyla hərəkət edirdi. Bu, müxalifyönümlü qəzetlərə də aiddir. Məhz həmin səbəbdən də MTN-dəki Əsədovçuları ifşa etdikdən sonra, ölkə müxalifəti mənə açıqca düşmən münasibəti bəsləməyə başladı. Belə görünürdü ki, onlara məxsus oyun qaydalarını pozmuşdum. MTN-dən üzərimə edilən basqılar azmış kimi, ölkə müxalifətinin ələbaxan müxalifət “lider”ləri də arxadan zərbələrini sıralamaqdaydı.
İlqarın muzdlu yazarları da hücuma keçmişdilər. Biri guya məndən müsahibə aldığını qeyd etməklə, ömrümdə bir dəfə görüşmədiyimizə rəğmən uydurma müsahibəni rəhbərlik etdiyi qəzetin səhifəsinə çıxarmışdı.
Digəri həbsimə zəmin yaratmaq üçün elə dezinformasiyalar yayımlayırdı ki, sonradan-istintaqa cəlb edildiyimdə sifarişlə hərəkət edən müstəntiq həmin dezinformasiyalardan istifadə edərək məni zərrə qədər həqiqətə uymayan ağır cinayətdə ittiham etməyə çalışırdı. Bu gün həmin zurnalistlərin adını açıqlamaq istəmirəm, “itə sahibinə görə hörmət edərlər” deyiblər. Onlardan biri 50 yaşın astanasında ağıllandığını etiraf etdiyindən, digərinin isə həbsxanada “islah” olunduğunu diqqətə almağı lazım bilirəm.

Davamı olacaq…
Ramiz Tağıyev

Azinforum.az yazıda adları çəkilən şəxslərin də mövqeyini dərc etməyə hazırdı.

Həmçinin oxuyun

İqtisadi və Sosial İnkişaf Mərkəzi (CESD) məktəb turunu yekunlaşdırıb

İqtisadi və Sosial İnkişaf Mərkəzi (CESD) Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi və Naxçıvan Muxtar …

Bir cavab yazın