Çərşənbə axşamı , Noyabr 12 2019
Ana səhifə / Aktual / RAMİZ TAĞIYEV  NAZİM QULİYEV VƏ ŞƏMSİYYƏ BƏYLƏRQIZINA EDİLƏN HAQSIZLIĞA ETİRAZ ETDİ

RAMİZ TAĞIYEV  NAZİM QULİYEV VƏ ŞƏMSİYYƏ BƏYLƏRQIZINA EDİLƏN HAQSIZLIĞA ETİRAZ ETDİ

“BU ŞƏRAİTDƏ ƏHALİNİN TAM ƏKSƏRİYYƏTİ SEÇKİDƏ İŞTİRAK ETMƏYƏCƏK”

“İ.ƏLİYEV TEZ BİR ZAMANDA İNQİLABİ İSLAHATLARA START VERSİN”

Bir müddət öncə Milli Məclisə seçkilərdə iştirak etmək istədiyini açıqlayan Canımız Azərbaycan Naminə Partiyasının (CANP) sədri, “Millətim”in baş məsləhətçisi Ramiz Tağıyevin seçki hazırlıqlarına başlamaması diqqətimizi çəkdi. Bunun səbəbini öyrənmək üçün R.Tağıyevə müraciət etdik.

O, ölkədə demokratik seçki mühitinin olmamasını və ölkə əhalisinin demokratik seçki keçiriləcəyinə inamsızlığının olmasından passiv əhval-ruhiyyədə olmasını önə çəkdi: “Çox istəyirdim ki, Milli Məclisə seçkilərdə gücümü sınayım. Ancaq indidən söyləyə bilərəm ki, bu dəfə də seçkilər əvvəlkilərdən heç nə ilə fərqlənməyəcək. Rəqabət aparmaq üçün normal şərait yaradılması hiss olunmur. Məzahir Pənahovun rəhbərliyi ilə ədalətli seçki keçirmək mümkün olmaz. Bir neçə dairədən namizədliyimi irəli sürüb, qələbə qazanmaq şansım var idi. İnanıram ki, seçicilərimin əsil vəkili ola bilərəm. Millət vəkili olmaq üçün əsas şərtlərdən biri, gərək 5 il ərzində özün və yaxınların üçün deyil, ölkə üçün, millət üçün özünü fəda edə biləsən. Baxın, diqqət yetirin, belə millət vəkillərimiz varmı? Hamısının yaşayış səviyyəsi xalqın yaşayış səviyyəsindən qat-qat yüksəkdir. Millət vəkili, seçildiyi ərazidə hər bir vətəndaşın durumundan məlumatlı olmalı, onların problemlərinin həllinə çalışmalıdır. Ancaq bizim millət vəkillərimiz həftədə iki dəfə Milli Məclisin yığıncaqlarında və ayda bir neçə dəfə isə komissiyaların iclaslarında iştirak etməklə işlərini bitmiş hesab edirlər. Ara-sıra isə müxtəlif tədbirlərə qatılıb, pafoslu çıxışlarıyla milləti aldatmağa çalışırlar. İnanın ki, kimsənin onlara zərrə qədər inamı qalmayıb. Hərəsi də, üç-dörd və hətta bəziləri daha çox vəzifə daşıyır. Belə şəraitdə görülən işin effekti nə qədər olar, özünüz müəyyənləşdirin.”

“Milli Şura”nın seçkiləri boykot etmək qərarına da müasibətini bildirdi:

”Mən dəfələrlə qeyd etmişəm ki, boykot əhəmiyyətsiz və dəfələrlə uğrsuzluğu təsdiq edilmiş üsuldur. Düşünürəm ki, bir neçə partiya birləşib, ölkə iqtidarından seçkilərin vaxtının dəyişdirilməsi tələbini irəli sürməlidir. Proporsional seçki sisteminin bərpası məsələsinə yenidən baxılmalıdır. Bu seçki sistemi siyasi partiyaların fəaliyyətinə xüsusi olaraq stimul verə bilər. Yoxsa partiyaların faəliyyəti yalnız kütləvi tədbirlərlə gündəmdə qalmaqdan ibarət olacaq. Mən başqalarının hüququnun əlindən alınması baxımından boykot taktikasının tərəfdarı deyiləm. Ancaq bir müddət öncə keçirilmiş Bələdiyyə seçkilərindəki əhalinin passivliyini də, yumşaq boykot adlandırmaq mümkündür. Etiraf etmək lazımdır ki, iqtidar partiyası olan YAP-ın istənilən halda qələbə qazanmaq şansı daha yüksəkdir. Belə ki, YAP-ın işlək mexanizmi, maliyyə resursları ona əlavə divident qazandıra bilir. Ancaq təəssüf hissi ilə qeyd etmək istəyirəm ki, digər partiyaların normal fəaliyyəti üçün şərait yoxdur”.

CANP sədri seçkinin ədalətli keçməsini əngəlləyən digər problemlərə də toxundu: ”Bu yaxınlarda “Millətim” seçki ilə bağlı hamını düşündürəcək bir problemə – ölkə əhalisinin əksəriyyətinin yaşadığı ərazidə qeydiyyatda olmamasına toxunmuşdu. Bu, ciddi məsələdir. Belə şəraitdə öncədən söyləmək mümkündür ki, əhalinin 50-60 faizi seçkilərdə iştirak etməyəcək. Bunlar mütləq nəzərə alınmalı, seçkinin vaxtı dəyişdirilməlidir.”

R.Tağıyev bir çox müxalifət partiyalarının seçkiyə qatılmasına da münasibət bildirdi:

”Seçkiyə qoşulmuş müxalifət partiyalarının əksəriyyəti cəmi bir mandat – partiya sədrlərinin qazana biləcəyi mandat uğrunda mübarizə apardığını yaxşı bilirlər. Bu sınaqdan çıxmış təcrübədir. İndi həmin partiya sədrləri seçkilərdə aktiv iştirak etmək əvəzinə, separat danışıqlarda aktiv olmağa çalışırlar. Tutaq ki, onların 4-ü, 5-i mandat qazanıb, millət vəkili oldu, nə dəyişəcək ki? Həmin sırada mənim olmağım da heç nəyi dəyişə bilməzdi. Millət vəkillərini xalq seçməlidir ki, həmin vəkillər 5 il ərzində xalq qarşısında məsuliyyətlərini dərk etsin.”

Ramiz Tağıyev son günlər pisləşən Avropa-Azərbaycan münasibətlərinə də toxundu: “Doğrusu belə münasibətin yaranması məni hədsiz narahat edir. Ölkəmə qarşı belə münasibətdən qətiyyən sevinməmişəm. Azərbaycan bizim Canımızdır, Vətənimizdir. Ölkəmizə qarşı edilən təzyiqər yalnız düşmənlərimizi sevindirə bilər. Ancaq belə şəraitin yaranmasına məsul olan rəsmilərimiz var.

Onlardan izahat tələb edilməlidir. Nə üçün xarici siyasətimiz belə uğursuz olub? Nə üçün diasporaların işi bu qədər zəif təşkil edilib, ölkəmizin tanıtımı düzgün təşkil olunmayıb? Bu sualların cavabına aydınlıq gətirilməlidir. Necə olur ki, az bir müddətdə, bir səfir və bir neçə səfirlik əməkdaşı ölkəyə xəyanət edir? Kimin kadrlarıdır onlar? Kim onlara zəmanət verib? Bu sualların cavabı tapılmalıdır. Diaspor Məsələləri Üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimovun fəaliyyəti tam yoxlanılmalıdır. Nə iş görür, axı bu adam? Zaman-zaman kiçik kompaniya xarakterli tədbirlər hesabına görüntü yaratmaqla Azərbaycanımızı tanıtmaqmı olar? Elmar Məmmədyarova daima hörmətlə yanaşmışam. Onu korrupsiyaya qurşanmış nazirlərimizdən hesab etməmişəm. Ancaq Avropa qurumlarının ölkəmizə mənfi münasibətinin yaranmasında onun da günahı yetərincədir. Və yaxud, millət vəkili Səməd Seyidov… Azərbaycan Milli Məclisində pafoslu çıxış edib, Avropanı “asıb-kəsən” S.Seyidov AŞPA-da Azərbaycan nümayəndə heyətinin rəhbəri kimi fəaliyyətini daha səmərəli qura bilməzdimi? Əlbəttə, burada, yuxarıda qeyd etdiyim, millət vəkillərinin bir-neçə vəzifə daşıması faktoru da önəmli rollardan birini oynayır və onların vəzifə öhdəliklərini tam yerinə yetirə bilməmələrinin əsas səbəblərindən biri sayılmalıdır.”

naz

CANP sədri Milli Məclisin növbədənkənar sessiyasındakı müzakirələrdən də söhbət açdı:

 

”Avropaya qarşı bu cür aqressivliyin əleyhinəyəm. Bu çıxış yolu deyil. Millət vəkilləri nə danışdıqlarının məsuliyyətini dərk etmədən, sanki növbəti dəfə mandat almaq yarışına girişmişdilər. Ortada Rusiya təcrübəsi var. Özünütəcrid siyasəti ilə Rusiyanın hansı böhranı yaşadığını görmürükmü? Və yaxud Avropadan imtina edib, üzümüzü yenidən Şimala döndərəcəyimiz halda, növbəti faciələrdən bizi kim sığortalayacaq? Axı, Zəngəzurdan Qarbağa qədər müqəddəs torpaqlarımızın işğalında əsas rolu Rusiyanın oynaması, ssenarinin məhz şimal qonşumuz tərəfindən yazılması danılmaz faktdır. 20 Yanvarı və yaxud Xocalınımı unudaq? Məsələyə bir az obyektiv yanaşmaq lazımdır. Kim bilmir ki, 2001-ci ildə Avropa Şurasına daxil olduğumuz gündən bir az toxunulmazlıq statusu qazanmışıq. Avropa Şurası qarşısında götürdüyümüz müəyyən öhdəliklər var ki, onları yerinə yetirmək, mənə elə gəlir ki, problem deyil. Yəni, siyasi məhbus problemi birdəfəlik həll edilə bilər. Dəfələrlə təklif etmişəm, azad edin Leyla Yunusu, Xədicə İsmayılı, qoyun danışsınlar. İqtidaryönlü KİV-lər onların cavabını verə bilmirlərsə, “Millətim” buna qadirdir. Digər tərəfdən, həbsxanada olmamalı digər tanınmışlar da var axı. Məsələn, tanınmış hüquq müdafiəçisi, jurnalist Şəmsiyyə Bəylərqızı. Onun belə sərt cəzalandırılmasına nə lüzum vardı ki? Azyaşlı övladı qapılarda qalıb. İranın Azərbaycandakı sabiq səfiri Əfşar Süleymani eləmi önəmli şəxsiyyətdir ki, onun şikayəti ilə Azərbaycan qadını bu qədər sərt cəzalandırılsın? Və yaxud səfir olan şəxs bilmirdi ki, qanunları pozub, ikinci dəfə ölkəsini təmsil etdiyi məmləkətdə ailə qura bilməz? Bax, bu da ürək ağrıdır, xaricilərə xidmət edənlərin azadlığa buraxılmasını tələb edənlər, nədənsə Şəmsiyyə Bəylərqızının və onun azyaşlı övladının taleyinə biganədir. Burada “İdeal” qəzetinin baş redaktoru Nazim Quliyevi də xatırlamaq istərdim. Nazim sərt yazıb, təhqirli ifadələr işlədib, bu ayrı məsələdi. Buna görə cəza verilsin. Yoxsa, psixotrop maddələrin dövriyyəsi və s. kimi qurama ittihamları ona yükləyib, 13 il azadlıqdan məhrum etmənin nə adı var? Bunu kim edir? Sifarişlə hökm çıxarmağı adət etmiş ölkə məhkəmələri… Mən tam əminəm ki, ölkə prezidenti, cənab İlham Əliyevə bunlar lazım deyil. Yenə qeyd edirəm, dəfələrlə bəyan etmişəm ki, İlham Əliyevin prezident kimi hələlik alternativi yoxdur. Ona edilən nə xarici, nədə ki daxili hücumları qəbul etmirəm. Prezident öz layiq olduğu yerindədir. Ancaq nə etmək olar, hələlik öz yerində olmayan çoxlu məmur var, hakim var, prokuror var. Nə narıncı, nədə ki digər inqilabların tərəfdarıyıq. Ancaq çox istəyirəm ki, İ.Əliyev tez bir zamanda ölkədə sözün əsil mənasında “inqilabi” islahatlara start versin. Belə bir işdə ona tam dəstək verməyə hazıram. Əlbəttə onu da qeyd etməliyəm ki, iqtidar komandasında ləyaqətli, öz işini mükəmməl icra edən nazirlər, məmurlar da az deyil.”

shem

R.Tağıyev Avropa ilə münasibətlərin normallaşmasına müsbət yanaşdığını və bunun üçün tərəfimizdən addım atılmağın zəruriliyini də xüsusi olaraq vurğuladı:

”Düşünürəm ki, Vətənsevər, Millətsevər siyasilər, QHT-lər, ictimaiyyət nümayəndələri sırasından bir qrup seçilib, AŞPA rəhbərliyi ilə görüşə göndərilməlidir. Küsüb geri çəkilmək, yaxşı heç nə vəd etmir. Nümayəndə heyətinə bir sıra KİV nümayəndəsini də daxil etmək olar. Yenə qeyd edirəm, seçkilər təxirə salınmaqla, daha qlobal məsələlərin həllinə çalışmaq lazımdır. Əlbəttə, seçkilər ən vacib məsələlərdən sayılsa da, mən belə bir zamanda, indiki durumda seçkilərin uğurlu keçəcəyinə inanmıram. Çalışmaq lazımdır ki, keçirilmiş seçkilərin nəticələri dünya tərəfindən tanınsın. Təbii ki, mənim təklifim, nəyin bahasına olursa-olsun, mandat əldə etmək istəyənlərin məqsədinə uyğun gəlməyəcək. Bununla belə, hadisələrə real yanaşmanın tərəfdarıyam.”

CANP sədri AŞPA-nın siyasi məhbus məsələsinə toxunmasına da münasibət bildirdi:

“Əgər özüm günahsız olaraq dəfələrlə məhbus həyatı yaşamasaydım, bəlkə də, ölkədə siyasi məhbus olmadığını açıq-aşkar bəyan edərdim. Təəssüf ki, mən də, bir çoxları da tam günahsız olaraq uzun illər məhbəs həyatı yaşadıq. Elə ucuz şər-böhtanla həbs edildik ki, yadıma düşdükcə, indinin özündə belə, dəhşətə gəlirəm. Açıq söyləyim, bizlər canımız qədər sevdiyimiz vətənimizdə, onun müstəqilliyi uğrunda əzablı yol keçsək də, müqəddəs torpaqlarımızın qorunması üçün oddan-alovdan keçə bilsək də, nəinki qiymətləndirildik, əksinə hər addımda bizi aşağılamağa çalışdılar.

Günahsız məhkumluq həyatı yaşamağım, övladlarıma yük oldu. Çörəklə imtahana çəkildik. Ancaq onların gözləri qarşısında qohum-əqrəbaları ölkənin miylonlarını dədələrinin malı kimi sağa-sola dağıtlsalar da cəzasız qaldılar. Onların etdiklərinin qarşılığında İntiqam Əliyev, İlqar Məmmədov, Tofiq Yaqublu, Asif Yusifli, Seymur Həzi, Şəmsiyyə Bəylərqızı, Nazim Quliyev hədsiz dərəcədə günahsız görünürlər.

Bax, bu problemlər aradan qaldırılmalıdır. Onların azadlığa buraxılması ölkəmiz üçün heç bir təhlükə törətməsə də, ölkənin Bank sistemini çökdürmüş Beynəlxalq Bankın sabiq rəhbəri Cahangir Hacıyevin azadlıqda qalması, doğrudan-doğruya cəzasızlıq mühiti yarada bilər ki, bunun da fəsadlarını bu mühit davam etdikcə hələ çox hiss etləli olacağıq… Yenə də qeyd edirəm, bütün hallarda ölkə prezidentinə dəstək verməyə hazıram və indiki vəziyyətdə başqa yol görmürəm, təki prezident gerçək islahatlara hazır olduğunu bəyan etməklə ortaya siyasi iradə qoysun. Əks təqdirdə, artıq qapımızı döyən faciənin fəlakətli nəticələrinə qatlaşmaqdan başqa yolumuz qalmayacaq”

(millətim.info)

Həmçinin oxuyun

“Xaliq Faiqoğlu” şirkətindən 199 saylı marşrutun sərnişinlərinə hörmətsilzik – FOTO

199 saylı marşrut xətti Şərq bazarının önündəki dayanacaqdan Masazır dairəsi daxil olmaqla Abşeron Gənclər Şəhərciyinə …

Bir cavab yazın