Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Aktual / Ramiz Mehdiyevin “tənqid”lərinə SƏRT CAVAB: “Nə qədər trollar, adını jurnalist qoyan “qələm fahişələri”…

Ramiz Mehdiyevin “tənqid”lərinə SƏRT CAVAB: “Nə qədər trollar, adını jurnalist qoyan “qələm fahişələri”…

“Onun formalaşdırdığı mətbuat heç bir halda Azərbaycan cəmiyyətinin güzgüsü deyil”.
Bu fikirləri Yenicag.az-a açıqlamasında Prezident Administrasiyasının sabiq rəhbəri, Milli Elmlər Akademiyasının (AMEA) prezidenti Ramiz Mehdiyevin ölkə mediasına yönəlik tənqid və ittihamlarına münasibət bildirən professor Qulu Məhərrəmli deyib.
Qulu Məhərrəmlinin sözlərinə görə, vaxtilə ölkə mediasının fəaliyyətinə dair bütün təlimatları bir başqası yox, məhz Ramiz Mehdiyev verib:
“Ramiz Mehdiyev və onun kimilər ölkədə azad mətbuatı inkişaf etdirmək əvəzinə, təbliğat vasitələri yetişdirdilər, məhdud düşüncənin məhsulu olan və əsas təbliğata yönəldilən media orqanları formalaşdırıblar.
O nəşrlər və saytların hamısı yerli aiditoriyaya istiqamətləniblər. Bu siyasətin nəticəsində gerçək mətbuatın yerini ucuz, bayağı televiziyalar, saytlar, qəzetlər tutub. Halbuki mətbuat başqa yolla getməli, cəmiyyətin həqiqətən, mənəvi dayaqlarından birinə çevrilməli idi.
Ancaq vəzifədə işlədiyi müddətdə Ramiz Mehdiyevə müstəqil mətbuat lazım olmasa da, vəzifədən uzaqlaşdırıldıqdan sonra öz sözünü deməyə yer tapmayan Ramiz Mehdiyevə azad media lazım olub…
Ona görə də, hər kəs bilməlidir ki, bu ölkənin gələcəyi azad və müstəqil mətbuatla bağlıdır. Hazırda vəzifədə olanlar da düşünməlidirlər ki, ölkənin informasiya təhlükəsizliyi üçün sözün həqiqi mənasında azad, müstəqil mətbuatın olması labüddür.
Ötən əsrin 90-cı illərinin ortaları, 2000-ci illərin əvvələrinə qədər Azərbaycanda mövcud olmuş mətbuat Cənubi Qafqazda ən güclü media hesab edilirdi. Bu gün ortada olan media orqanları mənasız partiyaların qəzetcikləridir. Onların fəaliyyəti mənasız ideologiyaları və şəxsləri təbliğ, gerçəkləri isə təhrif etməkdən ibarətdir.
Ramiz Mehdiyevin formalaşdırdığı mətbuat heç bir halda Azərbaycan cəmiyyətinin güzgüsü deyil, cəmiyyətə doğru informasiya verə bilmir. İşin ən pis tərəfi isə budur ki, mətbuatda mənəvi aşınma baş verdi. Görün, indi nə qədər trollar, adını jurnalist qoyan “qələm fahişələri” var”.
Professor qeyd edib ki, ölkə mətbuatının bu qədər mənəvi deqradasiyaya uğramasının, belə acınacaqlı vəziyyətə düşməsinin əsas günahkarlarından biri məhz Ramiz Mehdiyev olub:
“Ramiz Mehdiyevin indi şikayətlənməyinə dəyməz. Artıq düşünmək lazımdır ki, Azərbaycanda normal, müstəqil, azad büdcəyə malik, ölkənin maraqlarını və dövlət intizamnı qoruya bilən, onu ifadə edən, hökümətin üzərində ictimai nəzarəti həyata keçirə bilən mətbuat formalaşsın.
Bu baş verənlərin hamısı bizim üçün ciddi dərsdir. Belə bir vəziyyətin yaranmasında hamımızın müəyyən qədər günahı var. Zaman-zaman tənqid etmişik, əvəzində isə təhqirlərə məruz qalmışıq. Ancaq hər kəs bilməlidir ki, artıq ox yaydan çıxıb. Normal, müstəqil mətbuatın formalaşması üçün hamımız birlikdə çalışmalıyıq”.

Həmçinin oxuyun

Quru sərhədlərin açılmaması ilə bağlı yeni versiyalar: Hökumət nədən çəkinir?

Azərbaycanın quru sərhədlərinin daha üç ay bağlı qalması ilə bağlı qəbul edilən axırıncı qərardan sonra …