Ana səhifə / Aktual / Ramiz Mehdiyevin kadrı AMEA-da narazılıq yaradıb – İnstitut direktoru ilə bağlı araşdırma başlayır

Ramiz Mehdiyevin kadrı AMEA-da narazılıq yaradıb – İnstitut direktoru ilə bağlı araşdırma başlayır

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun elmi işçi Lola Hüseynova Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevaya müraciət edib. Lola Hüseynova müraciətində yazır ki, adıçəkilən insititutun direktoru Abbas Seyidovun qərəzli münasibəti, psixoloji təzyiqləri ilə üzləşib.

AZİNFORUM.AZ Reyting.az-a istinadla AMEA əməkdaşının Birinci vitse-prezidentə müraciətini təqdim edir:

“Hörmətli Mehriban xanım Əliyeva!

Mən, Hüseynova Lola Əkbər qızı 2017-ci ildən AMEA Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunda işləyirəm. Hazırda həmin institutun Dəmir dövrü arxeologiyası şöbəsində elmi işçi, Milli Azərbaycan Tarixi Muzeyində isə arxeologiya ixtisası üzrə dissertantam.

2021-ci ilin payızında Ramiz Mehdiyevin himayədarlığı ilə bizim instituta direktor göndərilən Abbas Seyidovla iki il öncədən problemlərimiz olub. O, vəzifəsini icra etməyə başladığı gündən bu səbəbdən məni işdən azad etməklə hədələyib. Keçən zaman ərzində məni dissertasiya işimlə bağlı abidənin tədqiqatlarından uzaqlaşdırıb. Onun mənə qarşı bitmək bilməyən şəxsi qərəzinin nəticəsidir ki, əsassız olaraq sonuncu xəbərdarlıqla şiddətli töhmət növündə intizam məsuliyyətinə cəlb edilmişəm. Bu intizam tənbehinin ləğv edilməsi ilə bağlı Yasamal Rayon Məhkəməsinə müraciət etmişəm. Barəmdə verilən intizam tənbehi Əmək Məcəlləsinə tam ziddir (izahatım alınmadan, ezamiyyədə olduğum gün mənə şiddətli töhmət verilib). Bunu dərk edən A. Seyidov mənə psixoloji təzyiqlər göstərir, məhkəmənin keçiriləcəyi tarix yaxınlaşdıqca, məndən prokurorluğa şikayət edəcəyi ilə hədələyir. Məni məhkəmədən çəkindirmək cəhdlərinin sayını itirmişəm. Hər gün oturduğum şöbəyə məni yoxlamaq üçün müxtəlif adamlar göndərir. Hətta vəziyyət o həddə çatıb ki, iş yerim olan bina daxilində mənim hansı saatda hansı otaqda oturmağımla bağlı izahatlar istəyir. Akademiya tarixində belə halla rastlaşan olmayıb. Şəxsi qərəzinin olmadığını göstərmək üçün mənə cəza vermək istədiyi günlərdə cəzalandırmağa daha 5-10 nəfər tapır. Beləliklə, işçilərin əksəriyyəti direktorun mənimlə apardığı intriqalardan əziyyət çəkir. A. Seyidovun əməlləri institut əməkdaşları tərəfindən “20-yə yaxın əməkdaşı olan otaqlarda səhərdən axşama kimi oturmaq hansı elmi mühitdən xəbər verir?” kimi narazılıqların səslənməsinə, ümumi narazılığa gətirib çıxarır”.


A. Seyidov

L. Hüseynova müraciətində yazır ki, A. Seyidov direktor vəzifəsinə gələn gündən institutun problemləri bitmək bilmir:

“A. Seyidov elmi işləri yaxşılaşdırmaq, dövlətin siyasəti ilə ayaqlaşıb gənclərə şərait yaratmaq əvəzinə intriqa ilə məşğul olur. Fikirləri ilə razılaşmadığı əməkdaşları təhqir edib, otağından qovur. Hər kəsi arxeoloji qazıntılarla şantaj edir. Görəsən, onun özü rəhbəri olduğu hansı ekspedisiyada 1 ay müddətində ezamiyyə yerində olub? Belə bir adam işçinin inzibati binada otaq dəyişməsini qanunsuzluq hesab edir”.

Lola Hüseynova Mehriban Əliyevadan xahiş edir ki, Abbas Seyidovu daha yaxşı tanımaq üçün onun AMEA-nın sabiq prezidenti Ramiz Mehdiyevi müdafiə edən, yayımlandıqdan dərhal sonra silinən LAF TV-yə verdiyi müsahibəsini dinləsin və bu zaman müraciətinin şəxsi qərəz zəminində olmadığı aydın görünəcək.

L. Hüseynova müraciətində daha sonra yazır:

“Həyat yoldaşım hərbçidir. Mən elə bir müəssisə tanımıram ki, orada hərbçi yoldaşını işdən kənarlaşdırmaq üçün bu qədər oyun qurulsun. Xüsusilə bu gün Qarabağda, onun azadlığı yolunda şəhid olan hərbçilərin hörməti xətrinə bütün dövlət müəssisələri, dövlət qurumları şəhid, qazi, hərbçi ailələrinə həssaslıqla yanaşır. Hamı yaxşı dərk edir ki, biz qadınlar bir gün “atasız uşaq böyüdəcəyimizin ehtimalına” imza atırıq.

Mənim qohumlarım, əzizlərim vətən uğrunda şəhid olanda, Şuşada düşmənlə əlbəyaxa döyüşəndə, Qarabağın azadlığı uğrunda medallarla təltif olunanda, “Vətən Müharibəsi Qəhrəmanı” adı alanda, Abbas Seyidov haqqımda şərəf və ləyaqətimi alçaldan, əməkdaşlar içərisində məni gözdən salan söhbətlər etməklə məşğul idi. Hətta bu gün uşağımın xəstəliyi ilə əlaqədar 2 saat işə gecikməmi üzrlü səbəb kimi qəbul etməyən (sənəd təqdim etməyimə rəğmən) Abbas Seyidov mənim hər gün işə gəlməyimi ələ salıb, bunu utanmadan nələrəsə bağlayırmış. Əlbəttə, Abbas Seyidovun mənə qarşı bu davranışı onun Milli Orduya münasibətinin, “vətənpərvərliyinin” göstəricisidir.

Hörmətli Mehriban xanım, bir qadın, bir ana, elmə həvəsi olan bir gənc, bir hərbçinin həyat yoldaşı kimi Sizə sığınır, Sizdən mənim məhkəmə prosesimi nəzarətə götürməyinizi, A. Seyidovun şəxsi intriqaları üçün vəzifəsindən sui-istifadə etməsinin qarşısının alınmasında köməklik göstərməyinizi xahiş edirəm”.

Qeyd edək ki, A. Seyidov bir müddət əvvəl “Bizim.Media”-ya açıqlamasında L. Hüseynova ilə köklü problemi və ona qarşı hər hansı qərəzinin olmadığını bildirmişdi: “Adi bir işçidir. Elə bir səviyyəli işçi də deyil ki, deyək, bundan yoxdur. İki elmi rəhbər və iki mövzu dəyişib, amma heç bir iş görməyib. O qadın şər-böhtanla məşğuldur”.

Məhkəməyə gəlincə, A. Seyidov deyib ki, L. Hüseynova haqqında müsbət qərar çıxarılarsa, şiddətli töhməti aradan qaldırarıq.

Onu da diqqətə çatdırırıq ki, L. Hüseynovanın A. Seyidova qarş iddiası ilə bağlı ilk məhkəmə iclasının sentyabrın 29-da Yasamal Rayon Məhkəməsində keçiriləcəyi bildirilir.



Həmçinin oxuyun

Quru sərhədlərin açılmaması ilə bağlı yeni versiyalar: Hökumət nədən çəkinir?

Azərbaycanın quru sərhədlərinin daha üç ay bağlı qalması ilə bağlı qəbul edilən axırıncı qərardan sonra …