Ana səhifə / Aktual / Rəsulzadənin 133-cü doğum günü

Rəsulzadənin 133-cü doğum günü

Bu gün AXC-nin banisinin yubileyidir; partiyalar öndərin Novxanıdakı abidəsi önündə toplaşacaq

31 yanvar Azərbaycan Xalq Cümhuriyyətinin banisi Məhəmməd Əmin Rəsulzadənin 133 illik yubileyidir. Xatırladaq ki, Rəsulzadə 31 yanvar 1884-cü ildə Bakının Novxanı kəndində anadan olub. O, Azərbaycan milli istiqlal hərəkatına başçılıq edib.

Rəsulzadənin “Bir kərə yüksələn bayraq, bir daha enməz!” ifadəsi XX əsrdə Azərbaycanda müstəqillik hərəkatının əsas şüarı olub.

1902-ci ildə on yeddi yaşında olan M.Ə.Rəsulzadə “Müsəlman gənclik təşkilatı”nı yaradıb. Bu, XX əsrdə Azərbaycanda rus müstəmləkə üsul-idarəsinə qarşı gizli mübarizə aparan ilk siyasi təşkilat idi.

Sonradan “Müsəlman demokratik ”Müsavat cəmiyyəti” adı ilə gizli fəaliyyət göstərən təşkilatın bir qolu da az sonra İranda qurulub və burada başlamış məşrutə inqilabına istiqamətverici rəhbər qüvvəyə çevrilib.

1917-ci il oktyabrın 26-dan 31-nə qədər 500 nümayəndənin iştirakı ilə Bakıda təntənəli surətdə keçirilən Müsavat Partiyasının birinci qurultayında Məhəmməd Əmin Rəsulzadə Mərkəzi Komitənin sədri seçilib. Bu qurultaydan sonra Bakıda və Azərbaycanın bütün qəzalarında “Azərbaycana muxtariyyət” şüarı altında milli hərəkat başlayıb.

Rəsulzadə ile ilgili görsel sonucu

1917-ci ilin payızında M.Ə.Rəsulzadə Rusiya parlamentinə Azərbaycan və Türküstandan millət vəkili seçilib. 1918-ci il mayın 26-da Zaqafqaziya seymi daxili fraksiyaların çəkişmələri nəticəsində ləğv olunub. Həmin ayın 27-də seymin müsəlman fraksiyasına daxil olan müxtəlif partiyaların üzvlərindən ibarət olan Azərbaycan milli şurası yaranıb. Səs çoxluğu ilə M.Ə.Rəsulzadə milli şuranın sədri seçilib.

1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyəti (Demokratik Respublika) elan olunub və bütün ölkələrin radiostansiyaları və qəzetləri Azərbaycan istiqlaliyyətinin elan olunmasını dünyaya yayıb.

Fətəlixan Xoyskinin başçılığı ilə Azərbaycan Demokratik Respublikası hökuməti təşkil olunub. Beləliklə, Azərbaycan xalqı nəinki türk xalqları arasında, həmçinin bütün islam şərqi aləmində ilk dəfə olaraq respublika qurub.

Rəsulzadə ile ilgili görsel sonucu

1920-ci il aprelin 28-də Azərbaycan Rusiya tərəfindən işğal olunduqdan sonra Məhəmməd Əmin Rəsulzadə Moskvaya, oradan isə Finlandiyaya gedib.

Sonradan Rəsulzadə Türkiyəyə gəlib və ömrünün sonunadək Ankarada yaşayıb. 1955-ci il martın 6-da orada vəfat edib.

Qeyd edək ki, hər il M.Ə.Rəsulzadənin yubiley günü ilə bağlı tədbirlər keçirilir, Novxanıdakı abidəsi ziyarət edilir. Bəs bu il hansı tədbirlər olacaq?

AXP üzvü Pənah Hüseyn partiyanın Rəsulzadə ilə bağlı planını açıqlayıb: “Fikrimiz var ki, Rəsulzadənin abidəsini ziyarət edək. Həmçinin Hacıbaba Əzimova ”Rəsulzadə mükafatı” təqdim olunacaq, həmin tədbirdə iştirak edəcəyik”.

Ümid Partiyasının İcra Aparatının rəhbəri Taleh Əliyev isə qeyd etdi ki, Rəsulzadənin doğum günü ilə bağlı tədbirlər planı işlənib hazırlansa da, müəyyən səbəblərdən reallaşdırılmayıb: “Bu il Cümhuriyyətimizin 100 illiyi ilə əlaqədar silsilə tədbirlər keçirməyi planlaşdırırıq və o tədbirlər çərçivəsində də böyük Məhəmməd Əminin şəxsiyyəti bir daha yad olunacaq. Ona görə də sabah formal, sıradan bir tədbir təşkil etməyi düşünmürük”.

ADP sədri Sərdar Cəlaloğlu da partiyanın idarə heyəti ilə birlikdə Rəsulzadənin abidəsini ziyarət edəcəklərini bildirdi.

VİP sədri Əli Əliyev: “Rəsulzadənin Novxanıdakı abidəsini ziyarət etmək fikrimiz var”.

Həmçinin oxuyun

Quru sərhədlərin açılmaması ilə bağlı yeni versiyalar: Hökumət nədən çəkinir?

Azərbaycanın quru sərhədlərinin daha üç ay bağlı qalması ilə bağlı qəbul edilən axırıncı qərardan sonra …