Ana səhifə / Rəşad Sadıqov: “Son damla qanımıza qədər mübarizə apardıq” – FOTOLAR

Rəşad Sadıqov: “Son damla qanımıza qədər mübarizə apardıq” – FOTOLAR

“Allaha şükürlər olsun ki, qrup mərhələsinə vəsiqə qazanan tərəf biz olduq”

Bu sözləri Çempionlar Liqasında qrup mərhələsinə vəsiqə qazanan “Qarabağ”ın kapitanı Rəşad Sadıqov deyib.

Komanda ilə birlikdə vətənə qayıdan Rəşad, hava limanında jurnalistlərin suallarını cavablandırıb. Müsavat.com xəbər verir ki, kapitan maraqlı fikirlər səsləndirib:

– “Qarabağ” dünən qollar buraxanda hansı hissləri keçirdiniz?

– Bilirdik ki, bizi çətin səfər matçı gözləyir. Rəqibin mərhələ keçmək üçün son dəqiqəyə qədər əlindən gələni edəcəyini anlayırdıq. “Kopenhagen” təcrübəli, hər an təhlükə yarada bilən komandadır. İlk dəqiqədən son dəqiqəyə qədər mübarizə apardıq. Allaha şükürlər olsun ki, qrup mərhələsinə vəsiqə qazanan tərəf biz olduq.

– Azarkeşlərə nə sözünüz var?

– Hamıya təşəkkürümü bildirirəm. Bütün Azərbaycan xalqı olaraq, bu uğuru çox istəyirdik. Neçə illər idi ki, buna doğru gedirdik. Keçən il Çempionlar Liqasını çox üzücü tərk etmişdik. Bu il toplanış dövründə məğlubiyyətlərimiz oldu, hətta insanlarda bizə qarşı inamsızlıq yaranmışdı. Amma birinci gündən bilirdik ki, nəyəsə nail olmaq üçün əziyyət çəkməliyik. Həqiqətən də, komanda şəklində çox əziyyət çəkirdik. Düşündüyümüz transferlər alınmadı. Hamı daha çox transfer gözləyirdi. Qurban müəllimi bir daha təbrik etmək istəyirəm ki, transfersiz, bu qədər çətinliklərə baxmayaraq, zədəli futbolçularımızın olmasına rəğmən, dünən son nöqtəni qoya bildik və Çempionlar Liqasının qrupuna düşdük.
Elə şeylər var ki, bəlkə də, çox adam hiss etmir. Dünən Qurban müəllim oyunun gedişində 2-3 dəfə sistemi dəyişdi. Bu tip matçlarda nəsə dəyişiklik etmək böyük riskdir. Amma baş məşqçi onları etdi. Hətta birinci hissədə məğlub olmağımıza baxmayaraq, fasilədə uşaqlara dedi ki, çox yaxşı futbol oynayırsınız, biz bu mərhələni keçəcəyik, mən sizə inanıram. Yekunda da komanda şəklində buna nail olduq. Bütün xalqımızı təbrik edirəm. Bu, təkcə bizim qələbəmiz deyil. “Qarabağ” xalqın komandasıdır. Biz də hansı komandanı təmsil etdiyimizi yaxşı bilirik. Son damla qanımıza qədər mübarizə apardıq ki, arzumuza çataq.

– Bu gün axşam qrup mərhələsinin püşkatması keçiriləcək. Bakıda görmək istədiyiniz rəqib varmı?

– Biz heç vaxt püşkdə kimisə istəməmişik və ya kimdənsə çəkinməmişik. Allah kimi məsləhət bilirsə, onu da nəsib etsin.

– Hakimin final fitindən, yəni Çempionlar Liqasının qrup mərhələsinə çıxdığınızı biləndən sonra nə düşündünüz?

– Yolda çox şey haqda danışdıq. Xeyli anları yadımıza saldıq. Biz də 5 saat yatmadıq. Yolumuz “Rusenborq”la oyundan başladı. Onlarla səfərdə heç-heçə edəndə hamı bizi təbrik edirdi. Deyirdilər ki, böyük nailiyyət əldə etmisiniz. Həmin uğurun ardını bu gün Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanmaqla davam etdirdik. Sonrası necə olacaq, Allah bilir. Gələn ildən Çempionlar Liqasında uğur qazanmaq çox çətin olacaq, çünki reqlament dəyişib. Biz də başa düşürdük ki, belə fürsət bir də ələ düşməyə bilər. Şəxsən mənim üçün ola bilsin, bir də belə fürsət yaranmasın. Buna görə də, dişimizi dişimizə sıxıb, əlimizdən gələni etdik.

 

Həmçinin oxuyun

Şəki Uşaq İncəsənət Məktəbinin direktorunda topdağıtmaz sərvət haradandır? – Görünəni odur ki…

Sabiq Mədəniyət naziri Əbülfəs Qarayevin vəzifəsindən azad olunmasından sonra mədəniyyət idarələrində və bir sıra rayonlarda …

Bir cavab yazın