Cümə axşamı , Noyabr 26 2020
Ana səhifə / Aktual / Rəsulzadənin ərzaq bahalığından xilas olmaq üçün verdiyi təkliflər – AXC parlamentinin yubiley iclası

Rəsulzadənin ərzaq bahalığından xilas olmaq üçün verdiyi təkliflər – AXC parlamentinin yubiley iclası

Moderator.az Azərbaycan Cümhuriyyətinin 100 illik yubileyi, həmçinin, “Xalq Cümhuriyyəti” ili ilə əlaqədar, bu silsilədən olan yazıları davam etdirir.
Xatırladaq ki, bu il həm də Cümhuriyyət parlamentinin 100 illik yubileyi tamam olacaq. Bu səbəbdən, ADR parlamentində olan tarixi hadisələr və çıxışları da ara-sıra diqqətə çatdırırıq.
Cümhuriyyət parlamentində xeyli tarixi əhəmiyyətli iclaslar keçirilib. Maraqlıdır ki, onların böyük əksəriyyəti demokratik şəraitdə, qızğın mübahisələr fonunda cərəyan edib.
Eynən, 1919-cu ilin sonlarında keçirilən iclasdakı kimi… O zaman ADR parlamentinin sayca 100-cü,  yəni yubiley iclası keçirilirdi. İclasda bir çox məsələlərə toxunulur. Açıq desək, parlament üzvləri qətiyyən yubiley ab-havasında olmurlar. Ən çox da cari iqtisadi məsələlər, büdcə ilə bağlı yaşanan probemlərdən bəhs olunur. Təəssüf ki, bu yerdə də bəzi müxalif partiyalar nala-mıxa vurur; əsas problem bir kənara qoyub, hər şeyi Müsavat və Milli Şuranın üzərinə atırlar.Məhz belə bir məqamda Milli Şuranın sədri, parlamentdə Müsavat fraksiyasının rəhbəri Məhəmməd Əmin Rəsulzadə dözmür və sözə başlayır:
“Burada gəlir məsələsindən bəhs etdilər. Mən nitqimin axırında bu məsələyi mühüm əsaslar ilə yüngülləşdirmək üçün bəzi təkliflər ərz edəcəyəm. Lakin indi “kosvenni naloq” haqqında söyləyəcəyəm. Əgər burda göstərə bilsələr ki, bir hökumət “kosvenni” naloqdan təmamilə qurtara bilmişdir, biz də təcrübə edərik. Bunun əsas etibarilə əleyhinə olmaqla bərabər, kosvenni naloqu biz bir qələm cizgisilə ortadan götürüb, inqilab yapmaq da bir nəticə vermir. Kosvenni naloqun əleyhinə olanlar, bütün demokratik firqələr, xüsusən sosialistlərdir ki, bu gün qəzetə həvadisini təqib edənlər bilirlər ki, şura hökuməti gəlirlərinin ilki kosvenni naloqdan ibarətdir. Bundan görünür ki, həqiqət ayrıdır, arzu ayrı. Burada Ağa Aşurov cənablarının fəhlələr haqqında bir rəyi vardır. Ehtimal ki, bu fikir əsələ olaraq, məsələnin əsasını düşünmədən bila mühakimə söylənilmiş bir fikirdir. Əgər təhlil edilərsə, mənafei milləti təyid edəcək bir tədbir deyildir. Çünki, hökumətimizin və millətimizin mənafei nöqteyi-nəzərindən (promışlennomuzd) mühafizə etmək lazımdır və ingilislərə pul verdiyimiz promışlennosını da texnikamız ilə saxlamaq məcburiyyətindəyik, tainki əmələlər vaxtında pullarını ala bilsin və çalışsın, məmləkət daxilində inqilab baş verməsin. Əfəndilər! Deyirsiniz ki, ingilislərə 170 milyon paranın verilmiş olduğunu biz ilk dəfə eşidirik. Bu yalandır. Böylə kürsüdən xilafi-həqiqət söz söyləmək rəva deyildir. Biz kərrat ilə hökumət nümayəndələrinin ağzından eşitdik ki, ingilislərə pul buraxılıbdır və bunu kimsə inkar etməməlidir. Təəccüb edirəm, o zamanlar ki, bu kürsüdən ingilislərə pulun buraxılması xəbər verilirdi, bəs nə üçün o vaxt buna etiraz etmirdilər. Çünki o vaxt bu adamlar həqiqətə daha yaxın idilər. Bu gün həyatın asılığından uzaq olub, etiraz edən əfəndilər o zaman həyata daha yaxın idilər və bilirdilər ki, bu gün tərəfdarı olduqları fəhlələrin bir qisminin çıxışlarına qarşı hüquqi-milliyyəyi müdafiə edərək haman firqə nümayəndələrinin təhrikinə rəğmən baş tutmamasında ingilis komandanlığı müəyyən bir rol oynayırdı. Bunu unutmaq hər halda şayistə deyildir. Bu gün quldurluq istinad verdiyimiz ingilis komandanlığın o vaxt hüququmuzu müdafiə etməsini, biz yalnız, ingilis hökuməti deyil, bütün ingilis demokratiyasının əzmindən nəşət etmiş bilirik. Həmçinin sair məsələlərdə haman komandanlığının bir tədbiri bizim nəfimizə olmazsa, məsələn, Batuma neft buraxılmırsa, bunun üçün də bütün ingilisləri, ingilis xalqının əleyhinə olmasına istinad vermək olmaz. Bəlkə də bu hərəkət komandanlığın xüdsəranə bir hərəkətidir. Böylə olan surətdə fəzlə hissə qapılmaq lazım deyildir. Dövlət mənafeyi öylə hissi bir şey deyil ki, müzakirəsində də hissə qapılasan.
Nə üçün vaxtilə bunun ətrafından təhdid və təhlükə altında ikən, birinci dəfə Azərbaycan bayrağını yüksəltmək və onun yüksəlməsinə məzahiratda bulunmaq ingilis cəmaətinin müvafiq hal və hissiyyati hesab edilmişkən, şimdi isə müharibə deyil ikən eyni dövlətin haqqında lüzumsuz yerə böylə ədavətkaranə şiddətli sözlər söylənilir. Məncə bu rəva olmayan bir hərəkətdir ki, iki dövlət və iki demokratiya arasında ancaq soyuqluq və nifaq sala bilər. Keçəlim, əsl məsələyə. Mövzun bəhsimiz olan bu məsələyi əvvəlcə ərz etdim ki, nə qədər çalışsaq da istədiyimiz kimi düz yoluna qoymaq və təmamilə həll etmək mümkün deyildir. Fəqət, məsələni bir qədər yüngülləşdirmək mümkündür. Burada məsələnin həlli üçün təklif etdilər ki, nə qədər malımız, əmtəəmiz var, azad bir surətdə xaricə buraxılsın, yun, pambıq, balıq və qeyri şeylərimiz, bilatəhdid əcnəbi məmalikə göndərilib orada satılsın, tainki paraya ehtiyac olmasın. Keçən iclasların birisində. mətləbi ürəyində qalmış olan Malxazyan bu gün guya fürsət tapdılar və fürsətdən bilaistifadəyinə cəvab vermək istədilər. Fəqət o zaman Malxazyanın dərdi ürəyində qaldığından heç olmazsa, bir ay ucuz balıq yedi. Mən öylə zənn edirəm ki, bir ay balıqın ucuzlaşdığını gördükdən sonra, bu gün Malxazyan bəlkə yeni bir şey deyər. Fəqət, yenə demədi. Mən bir növ təsəvvür edirəm, nasıl olur ki, bir möhtəkir Azərbaycanın mallarını aparıb, əcnəbi məmləkətlərdə satır, cibində erməni, kürsü, yaxud başqa bir dövlət bonası gəlir. Bu heç də əqil qəbul edəcək şey deyildir. Biləks böylə satış nəticəsində zənn edirəm ki, Azərbaycan kağızından başqa bir də məmləkətimizə yabançı bonalar gəlir, bunun ilə də yalnız kağız pul artır. Əhməd bəy buyurur ki, ümumi xam mallar inhisar altına alınsın. Bir nəzəriyyə etibarilə müvafiq və doğrudur. Fəqət, nəzəriyyə başqa, təcrübə isə bambaşqadır. Təcrübədə böylə tədbirlər başqa nəticələr verir. Hamıya məlumdur ki, inhisar həmişə mahalında ticarət və sənayeni öldürür. Binaən-ileyh nə təmamilə açıq qapı, nə də təmamilə inhisar tərəfdarıyıq. Məmləkətin əhvalını yaxşılaşdırmaq üçün orta bir çarə lazımdır. O da məncə bundan ibarətdir ki, hökumət əmtəənin yarısınımı, 30 faizinimi, xülasə bir qismini öz inhisarına alıb, yerdə qalanını satışa buraxmalıdır. Böylə olursa, nə malın həpsi yığılıb qalar, yaxud xaricə çəkilər. Həm xariclə əlaqə olar, həm də daxildə ticarət və sənaye ölməz. Digər tərəfdən bu surətlə hökumət əlində qismən mal və valyuta olar ki, bunun vasitəsilə də tənzimedici bir qüvvə olmaq üzrə hökumət bu valyuta ilə bazar satışını tənzim edər. Əgər, bu gün mal inhisarı əlindən alınsa, bütün ixtiyar hökumət idarələrinə keçər. Və kim bilir ki, hökumətin məmurları da bu gün möhtəkirlərin oynadığından daha artıq rollar oynamazlar. Mənim məlumatıma görə bir çox təcrübələrdən sonra bir çox dairələr mənim qərarıma gəlmiş və yavuq haqqında yaxında bir qərar vermək üzrədir. Sonra kursumuzu qaldırmaq üçün xüsusi ciblərdəki bonları azaldıb, hökumət xəzinəsinə doldurmaq lazımdır. Bunu gəlir vasitəsilə də eyləmək mümkündür. Fəqət gəlir nasosu o qədər ağır işləyir ki, həyatımız orada mütəhəmmil deyildir. Bunun üçün başqa yollar da var. Mənə öylə gəlir ki, onu tətbiq etmək lazımdır. Bilməm, hökumət bu tədbirləri düşünüb, ya yox? Mən bu tədbirləri etiraf edirəm. Əgər hökumət daxili bir istiqraz yapıb, hər kəsdə olan bonları beqədri qüvvə xəzinəyə çəkərsə daha müvafiq, daha gözəl olar. Bir də belə şeylər var ki, onun tədbirliyi üçün cəsuranə adamlar lazımdır. Bilmirəm, hökumət bu cür cəsur ola bilərmi? Kosvenni naloqu tam götürmək olmaz. Fəqət, onu bir sistem halına da qoymaq olmaz. Necə ki, papiros kağızlarına, xamır-mayaya tətbiq edilmək istəyənləri papiros kağızına aid layihə ləğv edildi isə əvəzinə bizə bir ərsə naloqu layihəsi gəldi, o papiros kağızı, xəmir-mayadan təhsil eyləmək istədikləri gəlirdən daha çox ola bilərdi. Ərazi və mülk naloqu çox az olaraq, artırılmış ərazi naloqu, çörək qədər artmış isə də, çörək qiymətini bir az artırmışdır. Əvvəl çörəyin qiyməti 2 manat olduğu halda, şimdi on manata qədər çıxmışdırsa, ərazi və mülk 20 min isə, indi iki yüz minə qədər artırmaq olar. Böylə-böylə təşəbbüslərlə biz emissiya miqdarını azalda bilərik. Mən cəsarətlə deyə bilərəm ki, təmamən emissiyadan azad olmağımızı deyə bilmirəm. Əgər bazarlara neftimizi çıxarmaq üçün pul tapa bilər isək, sonra hökumət aparatını layiqlə düzəldə bilərsək, cəmaət pulunu çəkib xəzinəyə doldura bilərsək, ərazi və mülk, ərsə və istiqraz naloqlarını çəkib xəzinələrə doldura bilərsək, əlimizdə də tavarni valyuta olarsa, əminəm ki, Azərbaycana sərvəti-təbiiyyəsi yardımı ilə bu böhran içərisindən çıxarıq. Bütün yeni təşkil etmiş hökumətlər də bu böhran içərisində çapalamaqdadırlar. Fəqət, Azərbaycanın sərvəti-təbiiyyəsi pək çox olduğundan bu böhrandan biz, digərlərindən daha əvvəl çıxarıq”.

Həmçinin oxuyun

«Akkord»un rəhbəri dəyişdi – YENİ TƏYİNAT