Şənbə , Sentyabr 21 2019
Ana səhifə / Aktual / “RƏŞAD DEYİRDİ Kİ, GECƏLƏR QUŞ OLMUR…” – Ailə üzvləri mərhum pilotun danışıqlarını xatırlayır

“RƏŞAD DEYİRDİ Kİ, GECƏLƏR QUŞ OLMUR…” – Ailə üzvləri mərhum pilotun danışıqlarını xatırlayır

Azərbaycan HHQ-nin iyulun 24-də qəzaya uğramış və sahildən 17 km məsafədə dənizə düşmüş MiQ-29 təyyarəsinin pilotu Rəşad Atakişiyevin cəsədi avqustun 20-də tapıldı və səhəri gün mərhum böyük törənlə torpağa tapşırıldı. Bildirək ki, Rəşad Atakişiyev Heydər Əliyev adına Hərbi Akademiyada təhsil alıb. İkinci kursda oxuyanda ilk dəfə ixtisaslaşma tətbiq olunur və aviasiyaya sənəd vermiş 200 nəfər arasında Rəşad da olur. Seçilmiş 35 nəfərlə birgə təhsil alır, ancaq diplom alan cəmi 5 nəfərdən biri olur.

Pilotun dəfnindən sonra əsas diqqət təbii ki, cəsəddən öncə tapılmış “qara qutu”nun oxunmasına yönəlmişdi. Belə iddialar vardı ki, “qara qutu” nun açılması bir müddət zaman apara bilər.

Müdafiə Nazirliyi: “Hadisənin baş vermə səbəbi…”

Müdafiə Nazirliyi avqustun 22-də “qara qutu” ilə bağlı sensasion məlumat yayıb. Məlumatda deyilir ki, iyulun 24-də saat 22.00 radələrində plana uyğun olaraq, gecə vaxtı təlim-məşq uçuşları həyata keçirən zaman qəzaya uğrayan Hərbi Hava Qüvvələrinin MiQ-29 tipli döyüş təyyarəsinin uçuşun bort qeydiyyatçısındakı (“qara qutu”dakı) məlumatlar və uçuşun aparılması ilə bağlı digər texniki sənədlər mütəxəssislər tərəfindən təhlil edilərək öyrənilib.

Qeyd olunub ki, müdafiə nazirinin əmrinə əsasən, qəzanın səbəblərinin müəyyən edilməsi ilə bağlı yaradılan “Aviasiya hadisəsinin araşdırılması komissiyası”nın gəldiyi son rəyə görə təlim-məşq uçuşlarına cəlb edilən təyyarə qəzaya uğrama anına qədər döyüş qabiliyyətli və tam saz vəziyyətdə olub.

qırıcı quş ile ilgili görsel sonucu

“Hadisənin baş vermə səbəblərinin öyrənilməsi onu da göstərib ki, təyyarə Xəzər dənizinə düşməzdən əvvəl havada yad cisimlə (quş və ya quş dəstəsi) toqquşub və pilot xəsarət alıb. ”Qara qutu”dan əldə edilən məlumatlara əsasən, pilot qəzanın qarşısını almaq məqsəd ilə təyyarənin idarəolunmasını bərpa etməyə cəhd göstərib. Lakin pilotun aldığı ağır bədən xəsarəti bunu mümkünsüz edib və nəticədə aviasiya vasitəsinin qəzaya uğramasına gətirib çıxarıb”-deyə, Müdafiə Nazirliyi bildirib.

Məlumatda  o da deyilib ki,  bəzi kütləvi informasiya vasitələrində aviasiya vasitələrinin gövdəsində yerləşən bort qeydiyyatçısında (“qara qutu”sunda) olan məlumatların oxunması üzrə ölkəmizdə mütəxəssislərin və xüsusi avadanlığın olmaması barədə əsassız iddialar yer alıb. “Bildiririk ki, hər uçuşdan sonra ”qara qutu”dakı məlumatlar peşəkar aviasiya mütəxəssislərimiz tərəfindən xüsusi laboratoriyada öyrənilir, təhlil edilir, uçuş barədə informasiya müəyyənləşdirilir və bunun nəticəsində hərbi pilotun qarşıya qoyulan tapşırıqları necə icra etməsi və aviasiya vasitəsinin texniki vəziyyəti barədə tam təsəvvür yaranır. Bütün bunları nəzərə alaraq, məlum məsələyə dair qeyri-peşəkar şərhlərə və əsassız iddialara son qoyulmasını məqsədəuyğun hesab edirik”-deyə, nazirlik bildirib.

İlkin olaraq “quşun  çırpılması” versiyası deyilmişdi…

Rəsmilər qəzanın ilkin səbəbi kimi Atakişiyevlər ailəsinə “quşun təyyarənin kabinasına çırpılması nəticəsində təyyarənin suya düşməsi”ni ehtimal etdiklərini deyiblərmiş. Bu barədə pilotun ailəsi bir neçə gün əvvəl “BBC-Azərbaycan”a açıqlamasında deyib. Lakin ailə üzvləri Rəşad Atakişiyevin danışıqlarından xatırlayıblar ki, o, həmişə gecə baş verən təyyarə qəzalarında quşların çırpılmasını istisna edib.

“Qabil Hüseynli bildirib ki, kürəkəni hər zaman gecə uçmağın yaxşı olduğunu vurğulayıb: ”Deyirdi ki, gecə uçmaq yaxşıdır, çünki gecələr quş uçmur”” deyə, “BBC-Azərbaycan” bildirib.

qırıcı quş ile ilgili görsel sonucu

Təyyarənin nasazlığına  və ya pilotun səhhətinə gəlincə, qayınatası deyib ki, Rəşad Atakişiyev  səhhətindən şikayətlənməyib.  “O, həmişə təyyarə texniklər tərəfindən uçuşa hazırlanarkən azı bir saat əvvəl yoxlama yerinə gedib. Hazırlıq prosesində həmişə iştirak edib, təyyarənin vəziyyətini özü yoxlayıb və hər şeyin qaydasında olub-olmamasına özü nəzarət edib. Dəfələrlə olub ki, texniklərdən sonra təyyarədə texniki nasazlığın olduğunu aşkarlayıb”.

Qabil Hüseynli  deyib ki, qəza baş verən gün kürəkəninin 4 təlim-məşqi olub. “Gündüz uçuşları və sonuncu – dördüncü gecə saat 10 radələrinə təsadüf edən o sirli təlim-məşq uçuşu. Üç təyyarənin qatıldığı təlimin sonuna az qalmış Rəşad Atakişiyevin təyyarəsindən cavab ala bilməyən yoldaşları bunu qərargaha xəbər veriblər. Lakin yanacaqları az olduğu üçün onlar itmiş yoldaşlarının təyyarəsini həmin vaxt axtara bilməyiblər.

Xəbərdarlıqdan sonra yardım gəlsə də, ərazidə axtarış aparılsa da, nə təyyarəni, nə də pilotu gördüm deyən olmayıb”.

Şair Ramaldanov ile ilgili görsel sonucu

Şair Ramaldanov 

Ekspert: “Təyyarənin sürəti elədir ki, əgər quş təyyarənin şüşəsinə çırpılsa…”

Hərbi ekspert, ehtiyatda olan polkovnik Şair Ramaldanov  deyib ki, təyyarənin sürəti elədir ki, əgər quş təyyarənin şüşəsinə çırpılsa, şüşə sına bilər. “Bu zərbə nəticəsində də katapult sisteminin işə düşməməsi mümkündür” – deyə, o Axar.az-a açıqlamasında söyləyib. Yeri gəlmişkən, avqustun 15-də ”Ural Hava Yolları”na məxsus “Airbus A321″ sərnişin təyyarəsi ”Jukovski” hava limanında qəza enişi edib. Buna səbəb təyyarənin “Jukovski” aeroportundan havaya qalxdıqdan sonra quş dəstəsi ilə toqquşması nəticəsində mühərriklərin hər ikisinin sıradan çıxması olub. Yalnız pilotların (onlara sonradan Rusiya Qəhrəmanı adı verilib) peşəkar davranışı sayəsində  təyyarə uçuş-eniş zolağından 1 kilometr aralıdakı qarğıdalı sahəsinə eniş edib. Təyyarənin göyərtəsindəki 227 sərnişin xəsarət almayıb. Hazırda quşla toqquşma hava nəqliyyatı üçün ən böyük təhlükələrdən biri hesab olunur.

On il əvvələdək Beynəlxalq Mülki Aviasiya Təşkilatı hər il dünyada quşlarla təyyarələrin toqquşmasına dair orta hesabla 5400 hal qeydə alırdı. 1988-ci ildən bəri təyyarə mühərriklərinə quş düşməsi üzündən baş verən qəzalarda 200 nəfərdən artıq insan həyatını itirib. Təşkilatın statsitikası göstərir ki, toqquşmaların 75 faizindən çoxu bilavasitə hava limanları ərazisində – ya təyyarə havaya qalxarkən, ya da eniş edərkən baş verir.

Məlumat üçün deyək ki, 2008 və 2010-cu illərdə Azərbaycanın iki hərbi təyyarəsi qəzaya uğrayıb, 2008-ci ildə 2 pilot, 2010-da bir pilot həlak olub.

Həmçinin oxuyun

Deputatın qardaşının da külli miqdarda borcu var: Qalmaqal böyüyür

Millət vəkili Rəfael Cəbrayılov 300 min manat borc qarşılığında deputat vəsiqəsini girov qoyması ilə bağlı …