Cümə , Noyabr 22 2019
Ana səhifə / Aktual / Rəfael Cəbrayılovla borc aldığı xanımın səs yazısı – sələmçini həbs gözləyirmi?

Rəfael Cəbrayılovla borc aldığı xanımın səs yazısı – sələmçini həbs gözləyirmi?

Sabiq deputat Rafael Cəbrayılovla bağlı qalmaqal səngimək bilmir. Borc qalmaqalına görə mandatından məhrum edilən məcbur olan Cəbrayılovun indi də 300 min dollar borclu olduğu Təranə Fətiyeva ilə telefon danışığı yayılıb. Bununla bağlı azpolitika.infoya səs yazısı daxil olub.

Səs yazısı tam ifşadır və orada sabiq deputat həbs təhlükəsinin olduğunun anonslarını verir, qardaşı Elşən Cəbrayılovu günahkar qismində təqdim edir.  Telefon danışığında qardaşına “krışalıq” etməsindən, vergi məsələlərini yoluna qoymasından, lakin sonda qardaşının pulları xaricə daşıyaraq naxələf çıxmasından söhbət açır. Keçmiş deputat hətta qardaşını düşməni kimi belə təqdim edir. 

Xatırladaq ki, səs yazısında yer alan faktlar hələ R.Cəbrayılovun mandatı əlindən alınarkən yayılmışdı. Həmin məlumatlarda bildirilirdi ki, deputatın qardaşı Elşən Cəbrayılovun rəhbərlik etdiyi “Dərhal” MMC-nin külli miqdarda borcu üzə çıxıb. R. Cəbrayılov öz statusundan istifadə edərək həmin borcun ertələnməsinə nail olub.

“Deputatın, qardaşının adına olan şirkəti 30 bina tikib. Onlardan 23-nün heç bir vergisi verilməyib. Rafael Cəbrayılov öz statusundan istifadə edərək həmin verginin ödənilməsinin ləngidilməsinə nail olub. Amma bir də onda ayılıb ki, 1.6 milyon vergi borcu yaranıb. Elşən də həmin pulları götürərək ölkədən gedib”, – deyə məlumatda iddia olunurdu.

O da bildirilirdi ki, qardaşı deputatı hələ uzun müddət əvvəldən aldadırmış. Rafael Cəbrayılov deputat olduğuna görə şirkəti qardaşının adına yazdırıb və bütün səlahiyyəti ona verib: “O da mənzilləri dostlarının, özünə yaxın olan şəxslərin adına keçirib. Hətta Rafaelin indi yaşadığı villa da deputatın adına deyil. Elşən onu Nurəddin adlı dostunun adına keçirib”.

Səs yazısındakı söhbətdən belə anlaşılır ki, hətta Cəbrayılov qardaşları arasında birbaşa ünsiyyət olmadığından, onlar bir-birinə fikirlərini Elşən Cəbrayılovun dostu Nurəddinin vasitəsilə çatdırırlar.

Səs yazısının əsas hissəsi isə, R.Cəbrayılovun həbs təhlükəsindən danışmasıdır. Həbs oluna biləcəyini istisna etməyən sabiq deputat, nə isə geri almaq üçün (yəqin ki, girov qoyduğu deputat vəsiqəsini geri almaq üçün-red.) qardaşının həmin borcluya mənzil müqaviləsi yazmasını istəyir. Bunun üçün T.Fətiyevadan xahiş edir ki, Nurəddinin vasitəsilə qardaşına məsələnin həlli üçün müəyyən addımlar atmağın lazım olduğunu çatdırsın: “Nurəddinə denən ki, mən bunu eləmişəm, Rafael işdən çıxıb. İndi türməyə gedir. İndi gəlin bunu düzəldək. Düzəltmək üçün də, bir yolunu fikirləşin. Görürsünüz ki, bu qadın (borc alınan qadın nəzərdə tutulur-red.) deyir ki, mənim adıma bir şey yazın. Başqasının adına olan bir şeyi yaz da. Onsuzda biz bunun pulunu verəcəyik. Bu pulun 42 min dolları elə Elşənin özündədir. Özü verər. Yerdə qalan 150 mindir, nəsə yazın, bunu Rafael yavaş-yavaş verər…”.

Dediklərinin qəbul olunmadığını görən Cəbrayılov növbəti yola əl atır.  Təklif edir ki, qardaşını onun söylədiyi faktları mətbuata çıxarmaqla hədələsin: “Denən, Elşən, bu olmursa, Rafael haqda yazan adamımız bunları yazıb, hazırlayıb… Onu yazıb ki, sən 23 buna tikmisən, vergi verməmisən. Buna da “krışalığı” Rafael edib. Rafaeli aldatmısan, bütün binaların gəlirini götürüb İstanbulda özünə biznes qurmusan. Həmçinin digər ölkələrdə… Bunu yazıb hazılayıb, sənə bir saat vaxt verirəm. Bir saatdan sonra saytlara buraxacam…. Bunu qoyandaan sonra nə olacaq, daha mən bilmirəm. Amma bunu 100-ə qədər sayt hər gün qoyacaq… Mən istəyirdim səni də, sənin qardaşını da qurtarım. Bundan sonra heç olmasa tutulmaq söhbəti olmasın. Sən də bunu eləmədin, buyur…”

Səs yazısında üzə çıxan daha bir fakt isə ondan ibarətdir ki, sən demə sabiq deputation qardaşı öz pulunu başqasının əli ilə ona sələmə verirmiş. Bunu borc verən xanım deyir. 

Bu sözlərdən əsəbləşən Rafael Cəbrayılov qardaşı barədə ağır ifadələr işlədir: “İndi bunu sən deyirsən. Utanıb, tər töküb, xəcalət çəkib yerə girmirsən? Belə oğraşdan ötrü məni ləkələmək lazım idi?!”

Daha sonra R.Cəbrayılov bunların keçdiyini bildirir, T.Fətiyevaya bir daha qardaşını hədələməyi məsləhət görür: “İndi onlar keçib. Sən denən ki, axşamdan yazılıb bunlar, hazırlanıb. Yazılıb ki, 23 binadan ibarət şəhərcik tikib, vergi verilməyib. Rafael buna “krışalıq” edib, vergi verməyib. Sonra da gedib İstanbulda, digər ölkələrdə biznes qurub. Denən dövlət orqanlarına, Vergilər Nazirliyinə, cənab Prezidentə müraciət olunur ki, bu şirkət niyə vergi vermir?… İlin-günün bu vaxtı, dövlətin belə vəziyyətində… Denən REAL TV də məni çağırıb, efirdən də məlumat verəcəm… Denən mən səni “Şərq bazarını” tikəndən tanıyıram da. Mən bilmirəm kim edirdi bu işləri? Vergi, bütün “krışalığı” Rafael edirdi da… Bunu bilməyən vardı Azərbaycanda? Vergi verməmisiniz. Denən, bəlkə mən səhv edirəm? Qoy yoxlasınlar, məni də cəzalandırarlar…”

T.Fətiyeva Elşəni yoxlayıb-yoxlamayacaqlarını soruşduqda isə Rafael Cəbrayılov yenə bəzi maraqlı faktlar açır: “Qurana and olsun, vergi nə gəzir… Bir dənə dövlətə NDS (ƏDV nəzərdə tutulur) üzrə 130 min borc vardır, onu siliblər…”

Daha sonra T.Fətiyevanın bu məlumatlar ortaya çıxdıqdan sonra Elşən Cəbrayılovun cəzalandırılıb-cəzalandırılmayacağına dair sualını Rafael Cəbrayılov belə cavablandırır: “Bunu ya tutacaqlar, ya da evini-eşiyini satıb vergini ödətdirəcəklər. Bunun başqa yolu yoxdur ki… Saxlayırlar orda, pasportunu alırlar. Deyirlər təcili vergini ödə. Deyirlər adamın var, təcili satsın, ya iki günə satsın. Özü qalır orda. Sata bilmirsə, deyirlər bu əmlakları yaz bura. Məsələn, deyirlər ofisi yaz, bizim adam var, onun adına. Deyir ki, ofisi satmışam. Deyirlər, cəhənnəmə satmısan. Gedərsən satdığın adama pulu qaytararsan, yaz bura! Bunun qaydası budur!”

Telefon danışığının sonunda R.Cəbrayılov T.Fətiyevaya bildirir ki, Nurəddin vasitəsilə qardaşına məsələnin cox ciddi olduğunu çatdırsın: “Denən başa-baş gedirəm… Sizin ikinizi də onsuz tutacaqlar. Denən 100 dənə ikili müqavilə yazmısan. Bir dənə bunun adına, bu qızdan bu şeyi (girov qoyduğu vəsiqəni-red) alaq, bu insan (Rafael-red) heç olmasa özünü bir təhər qurtarsın… Qardaşını qurtarmaq istəmirsən? Onsuz da bilirdim ki, sən istəyirsən onun (Rafaelin-red) başına nəsə gəlsin… Sən bunları desən, Nurəddin mənə zəng edəcək… Mən də deyəcəm ki, o (Elşən-red) mənim düşmənimdir…”.

Bu şok telefon danışığının ardından bir məsələ daha çox müzakirə olunur. Sələm verməyin qanunda cinayət olub-olmadığı barədə suallar yaranıb. Əgər belə olarsa, sələmçi xanımın məsuliyyətə cəlb olunub-olunmayacağı barədə müxtəlif mövqelər səsləndirilir. 

Hüquqşünas Əlövsət Allahverdiyev bunları dedi: ile ilgili görsel sonucu

Hüquqşünas Əlövsət Allahverdiyev bunları dedi: “Qanunvericilikdə konkret olaraq sələmə pul vermək, sələmçiliklə məşğul olmaq ifadəsi yoxdur. Amma cinayət məcəlləsində qanunsuz sahibkarlıqla məşğul olmaq müddəası var. Məhz bu müddəanı sələmçiliklə məşğul olan şəxslərə şamil etmək olar.

Cinayət Məcəlləsinin 192-ci maddəsinə əsasən, Azərbaycan qanunvericiliyi ilə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alınmadan və ya xüsusi razılıq tələb olunduğu halda belə razılıq almadan, həmçinin lisenziyalaşdırılma şərtlərinin pozulması ilə və ya xüsusi icazə olmadan mülki dövriyyəsi məhdudlaşdırılmış əşyalardan istifadə etməklə həyata keçirilən sahibkarlıq fəaliyyəti ilə məşğul olma vətəndaşlara, təşkilatlara və ya dövlətə xeyli miqdarda ziyan vurduqda, habelə xeyli miqdarda gəlir əldə etməklə törədildikdə-cinayət nəticəsində vurulmuş ziyanın (əldə edilmiş gəlirin) iki mislindən dörd mislinədək miqdarda cərimə və ya altı ayadək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Onu da qeyd edim ki, eyni əməllər külli miqdarda ziyan vurduqda; külli miqdarda gəlir əldə etməklə törədildikdə; mütəşəkkil dəstə tərəfindən törədildikdə – cinayət nəticəsində vurulmuş ziyanın (əldə edilmiş gəlirin) üç mislindən beş mislinədək miqdarda cərimə və ya bir ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Maddənin tələbindən də görünür ki, həmin şəxslər qanunsuz fəaliyyət göstərirlər, dövlətə vergi vermirlər, hətta qanunsuz olaraq başqasının əmlakını girov götürürlər, sonra da qaytarmırlar. Bu zaman təbii ki, hüquq mühafizə orqanlarına müraciət etmək lazımdır. Vətəndaşlar bilməlidir ki, sələmə pul vermək kimi hüququ yoxdur. Bəzən sələmçi verdiyi pulun müqabilində girov götürdüyü əmlakı qanunsuz olaraq mənimsəyir. Sələmçilər heç bir sənəd vermədən, qarşı tərəfin maliyyə vəziyyətini dəyərləndirmədən, ona məxsus əmlakını dəyər-dəyməzinə girov götürərək istədiyi faizi də tətbiq edərək, borca pul verir. Bu proses rəsmiləşdirilmədiyindən nəzarət də olmur və hər hansı problem yaranarsa, qanuni yolla həll etmək mürəkkəbləşir. Qeyd etdiyim kimi, sələmçi xeyli faiz götürdükdən sonra girovu mənimsəyə, geri verməyə də bilər.

Həmçinin oxuyun

BDU ölən tələbə ilə bağlı başsağlığı verdi

Bakı Dövlət Universiteti zəhərləndiyi üçün dünyasını dəyişən 4-cü kurs tələbəsi Şəkər Xasmətovanın ailəsinə başsağlığı verib. …