Şənbə , Aprel 20 2024
Ana səhifə / Aktual / Rəbiyyət Aslanova ilə Xoşqədəm Hidayətqızı xanım jurnalistə nə təklif ediblər? – “Ətin-qanın yerində, rəngin-ruhun üstündə get həyatını yaşa”

Rəbiyyət Aslanova ilə Xoşqədəm Hidayətqızı xanım jurnalistə nə təklif ediblər? – “Ətin-qanın yerində, rəngin-ruhun üstündə get həyatını yaşa”

Məni sevən bəzi dostlara söz verdim ki, illər öncə yaşadığım həsrət dolu acı həyat hekayəm haqqında bir daha yazıb ictimailəşdirməyəcəm. Çünki, ürəyimi parçalayan bu iztirabı mənimlə bərabər çəksələr də, məni qınayırlar.
“Sən ictimai fəaliyyətlə məşğul olduğun halda niyə şəxsi problemini gündəmə gətirib qabardırsan? Axı səni istəyənlərlə bərabər istəməyənlər də var. Mətbuatda göz yaşı tökmək sənə yaraşmır, sən güclü qadın olduqun halda niyə özünü bu qədər aciz duruma salırsan?”-deyirlər.
Mən onlara haqq verərək tənqidləri ilə razılaşıram. Ancaq onu da əlavə etmək istəyirəm ki, mən bir qadın kimi çox güclü olsam da, ana kimi təsəvvür etməyəcəyiniz qədər çox zəif və acizəm. Aciz olmasaydım əlimdən qanunsuz şəkildə alınan övladlarıma sahib çıxardım.
Müraciət etdiyim bütün dövlət rəsmiləri “Rusiya hegomon dövlətdir, biz onlarla bacarmırıq” deyirsə, mətbuatda yazmaqdan başqa əlacım qalmayıb. Düşünürəm ki, bəlkə arxivləşdirdiyim bu ədalətsizliklər nə vaxtsa diqqət çəkəcək, imdadıma çatacaq.
Əziz oxucular, sizlər üçün yorucu olsa da haqqında bəhs etdiyim həyat hekayəmin bəzi məqamlarını bölüşüb, xatirlatmaq istəyirəm. Keçmiş həyat yoldaşımla faktiki ayrılsaq da uşaqlarımın ataları ilə əlaqələrini kəsməmişdim ki, onlara pis təsiri az olsun. Mənim bu xoş niyyətimdən suistifadə edən keçmiş həyat yoldaşım isə uşaqları qanunsuz yolla ölkədən qaçıraraq Rusiyaya apardı.

rebiyet
Rəsmən etibarnamə vermədiyim halda uşaqların qaçırıldığı xəbərini alan kimi 102 xidmətinə məlumat verdim və dərhal gecə ikən onların arxasınca yola düşdüm. Övladlarımın pasportları məndə olduğu üçün sərhəddən keçə bilməyəcəklərinə ümid edirdim. Lakin Dağıstanda “sərhəd qaynar xətti”nə zəng edəndə artıq uşaqların sərhəddi keçdiyini dedilər. Yenə də aldıgım xəbərə inanmayıb, dəli kimi sərhəd yaxınlığında olan otel, kafeleri gəzməyə başladım. Xarici pasportumun müddəti bitdiyi üçün pərişan halda Bakıya dönməli oldum.

Kömək üçün ilk ağlıma gələn çoxlarımızın sevimlisi, ömrünə duaçı olduğumuz Xoşqədəm Hidayətqızı oldu. Jurnalist dostlardan telefon nömrəsini alıb dərhal ona zəng etdim. Hıçqırtı içərisində boğularaq baş vermiş olayı qısa ifadə edərək, “bu məsələ ilə bağlı sizinlə görüşmək istəyirəm”-dedim.
Xoşqədəm xanım telefonda istehzalı gülüşlə, “bu əmrdir?”-dedi.  Mən də “yaşadığım bu acının həyəcanından ola bilsin ki, səs tonum bu cür səsləndi” deyib bir üzrxahliq etdim və bir daha “nə zaman görüşə biləcəyimi” soruşdum. O da mənə “gəlin ATV-yə kontaktlarınızı qoyun, lazım olanda mən sizinlə əlaqə saxlayacam” deyib telefonu söndürdü.
Bir az sonra iş yerimdən zəng gəldi ki, təcili işdə olmalıyam. O zaman Ümid partiyasının sədri İqbal Ağazadə millət vəkili olduğu üçün düşündüm ki, bəlkə də gedib onunla məsləhətləşməyim daha doğru olar. Partiyaya gəlib ona məlumat verdim ki, bütün dövlət qurumlarına müraciətlə yanaşı, efirə də çıxmağı düşünürəm. O isə mənə dövlət səviyyəsində yardımçı olacağına söz verib, verilişə çıxmağın gələcəkdə çox böyük peşimançılıq verəcəyini dedi.
Onun mənə nə zamansa yardımçı olacağını gözləmədən bütün aidiyyatı dövlət qurumlarına məktublar ünvanladım. Xeyli müddət sonra Milli Məclisin sabiq deputatı, İnsan Hüquqları Komitəsinin sədri Rəbiyyət Aslanovanın qəbulunda oldum və sənədlərlə faktları təqdim etdim.
Hadisədən halı olan xanım deputatın reaksiyası məni ildırım kimi vurdu. “Ətin-qanın yerində, rəngin-ruhun üstündə get həyatını yaşa. Neynirsən uşaqları, qoy atası baxıb saxlasın”. Duruxduğumu görüb burda qeyd etməyi uyğun bilmədiyim “məsləhətlərini” davam etdirdi. Hüquq müstəvisində kömək istədiyim bu qadın deputatdan aldığım cavab bədənimdə qanımı dondurdu. Özümdən necə çıxdımsa bədənim titrədi. Hönkürtü ilə, qırıq səslərlə, sərt ifadələr işlədərək belə bir məsləhətə ehtiyacım olmadığını, övladlarımın geri qaytarılması üçün dövlətdən kömək tələb etdiyimi dedim.

xosh
Hövsələdən çıxdığımı hiss edən deputat xanım söhbəti başqa istiqamətə yönləndirməyə başladı. Qəbulda üç nəfər kişinin də oturmasına baxmayaraq, guya qadın təəssübkeşliyi çəkirmiş kimi kişiləri ümumi şəkildə aşağılayacaq ifadələr işlətməklə məni sakitləşdirməyə çalışdı. Qəbulda iştirak edən kişilərdən biri də o zaman MM Aparatından İnsan Huquqlari Komitəsinə təhkim olunmuş baş məsləhətçi Ayxan Kazımov idi.
Hazırda MM Aparatının Dovlət Quruculuğu üzrə qanunvericilik şöbəsinin baş məsləhətçisi vəzifəsində çalışan Ayxan müəllimi də bu qəbuldan bir neçə gün öncə tanımışdım. Parlamentə daxil olan məktubuma görə mənə zəng edib qəbul vaxtını demişdi. Ayxan müəllim nəzakətli danışığı və peşəkar yanaşmaları ilə vətəndaşın dövlətə rəğbətini artırdığı halda, daha böyük status daşıyan deputat dövləti gözdən salacaq davranış sərgiləyirdi.

İşinin məsuliyyətini hiss edən bu vicdanlı insan həmin gün qəbuldan ümidsiz halda çıxdığıma üzülərək mənə digər şəxslərin qəbuluna getməyi məsləhət gördü. İmkanları daxilində yardımçı olmağa çalışdı. Hətta xarici səfərdə ola biləcəyini nəzərə alıb “rominq nömrəsini” yazmağı xahiş etdi ki, digər qəbullarla bağlı hər hansı bir problem yaranarsa ona məlumat verim. R.Aslanovadan fərqli olaraq mənə kömək etmək iqtidarında olmasa belə göstərdiyi cəhdi, narahatçılığı, yaşadığım acılara həssas yanaşması ilə hər zaman xatirəmdə xeyirxah bir insan kimi qaldı.
Çoxsaylı cəhdlərimə baxmayaraq ölkəmizdə heç bir dövlət qurumundan dəstək ala bilmədim. Hətta ölkəmizin Rusiyadakı səfiri Polad Bülbüloğluna da çox geniş şəkildə müraciət ünvanladım. Aldığım cavab o oldu ki, “biz Rusiya dövlətinin verdiyi qərarlara müdaxilə edə bilmirik”. Rusiyada keçirilən məhkəməni də uduzub çarəsiz durumda ölkəyə qayıtdım. Dövlət rəsmilərindən əlimi üzdüyüm üçün Xoşqədəm xanıma ümid edərək yenə ona zəng etdim. Apellyasiya məhkəməsinə kimi efirə çıxıb verilmiş bu ədalətsiz qərarı ölkə rəhbərliyinin diqqətinə çatdırmaq üçün mənə bir imkan yaradılmasını xahiş etdim. Yenə də eyni cavabı aldım. “Biz sizinlə əlaqə saxlayacağıq.” Xanım aparıcının nəzərinə çatdırdım ki, uşaqların ünvanını da bilirəm və sizin əziyyət çəkib axtarış verməyinizə də gərək qalmayacaq.
Günlər, aylar, illər ötdü… Bu günədək Xoşqədəm xanımdan xoş xəbər gözləyirəm. Etdiyim zəngdən bir müddət sonra yaxın dostlardan biri mənə dedi ki, Xoşqədəm xanımın filan saytın rəhbəri ilə ailə dostluğu var. Sən onunla danış, bəlkə heç efirə çıxmadan da Rusiyadakı əlaqələrindən istifadə edib sənə kömək edə bilər. Mən də həmin dostumuzla görüşüb xahiş etdim ki, onunla danışıb mənə yardımçı olsun. Dostlarının yanında xətir-hörmətli, mətbuatda özünə görə nüfuzu olan o jurnalist dostumuzdan hər dəfə soruşanda hiss etdim ki, mənə müsbət cavab verə bilmir.

Müxtəlif bəhanələrlə gah burada deyil xaricdədir, filan işə başı qarışıb və.s fikirlər təkrarlamağa başladı.
Yəqin ki, o da Xoşqədəm xanımdan xoş olmayan cavab almamışdı və mənə açıq demək istəmirdi. Ondan sonra başqa əlaqələrimdən istifadə edərək onun iç üzünü bildim. Onun hansı şərtlər altında efirdə çıxıb artislik etdiyini, insanların heysiyyatı ilə necə oynadığını öyrəndim. Bir ananın göz yaşlarını istehzalı gülüşlə qarşılayıb efirdə yalandan gözünün yaşını axıtmaqdan betər simasızlıq ola bilməz. Belə maskalı şəxslərin əsil mahiyyətini təəssüf ki, insanlar vaxtında görə bilmir. Rəbiyyət Aslanova kimiləri parlamentdə oturub dövlət ərkanına, imicinə ləkə gətirdiyi kimi, Xoşqədəm Baxışəliyeva kimiləri də efirlərdən mənəviyyatımıza ləkə gətirir. Müzakirələrin belə bir məqamında istədim ki, oxucularımız bu iki tanınmış qadının həm də oxşar tərəflərini görsün…

Könül QULİYEVA

AZİNFORUM.AZ

Həmçinin oxuyun

Bakı sakinini xəbəri olmadan vəzifəyə təyin etdilər – VİDEO

Bakının Sabunçu rayonu sakini xəbərə olmadan vəzifəyə təyin olunub. Şikayətçi İldırım Hüseynov bildirib ki, e-sosial.az …

Bir cavab yazın