Bunu millət vəkili Fazil Mustafa deyib. O, bildirib ki, müvafiq qurumlar sağlamlıq üçün dəniz kənarlarında qum üzərində voleybol, futbol meydançalarını salsaydılar, heç olmazsa insanlar sağlam şəraitdə bu faydalı idman növləri ilə məşğul olardılar:

“Ötən gün televiziyada qum üzərində həndbol oyununu seyr etdim, çox maraqlı idi. Təbiətin verdiyi imkanlardan sağlamlıq üçün, idman üçün ən az faydalanan xalqıq. Hər səhər dənizin kənarında 10-15 rus millətindən olan yaşlı insanları görəndə düşünürəm ki, bu oturaq xəstəliyinin daşıyıcısı olan insanlarımız niyə sağlamlıq barədə sağlam düşünmürlər? Gürcülərə bu məsələdə həsəd aparmaq olar. Sayları bizdən qat-qat az, əraziləri də bizdən az, dünya səviyyəsində basketbol, reqbi, voterpol, futbol komandaları var. Bu sahələrə də az imkanları ilə diqqət ayıra bilirlər. Azərbaycan əhalisinin əksəriyyətinin boyu 1.75 metrdən aşağıdır. Bu boyda Bakı şəhərində 3-4 beynəlxalq standartlara uyğun gələn basketbol meydançası yoxdur, məhəllələrdə, küçələrdə, parklarda da idman infrastrukturu tamamilə unudulub”.

Fazil Mustafa rayonlarda kababxanaların tam şəkildə idmana qalib gəldiyini vurğulayıb: “Ona görə də uşaqlar erkən yaşlarından siqaretə, narkotikə, içkiyə daha çox meyillənirlər. Hər halda Allahın bəxş etdiyi qumu pulsuz-parasız idman meydançalarına çevirsələr, xeyli gəncləri daha sağlam şəraitdə idmana cəlb etmək mümkündür. Qulaqlardan pambığı çıxarıb eşitsəydilər, yaxşı olardı”.