Cümə , Noyabr 27 2020
Ana səhifə / Aktual / Qorxunc internet oyununun toruna düşən yeniyetmə danışdı

Qorxunc internet oyununun toruna düşən yeniyetmə danışdı

Psixoloq: “Bəzən valideyn düşünür ki, uşaq evdədir və ciddi problem yoxdur, lakin övladı faciəyə sürüklənəndə artıq gec olur…”

Uşaqları və yeniyetmələri “udan” internet oyunu artıq Azərbaycanda da yayılmağa başlayıb. Xatırlatma verək ki, bu günlərdə Suraxanı rayonunun Hövsan qəsəbəsində yerləşən 76 saylı məktəbdə bir neçə 6-cı sinif şagirdinin qolunda anlaşılmaz sıyrıqlar aşkar edildi. İddialara görə həmin şagirdlər “Mavi balina” adlı uşaqlar və yeniyetmələr üçün təhlükəli oyunun təsiri ilə damarlarını kəsiblər.  Bir müddət bundan öncə Şamaxının Xilmilli kəndində 16 yaşlı yeniyetmə özünü asaraq intihar etmişdi. Mətbuatda yayılan iddialara görə, yeniyetmə “Mavi balina” oynadıqdan sonra intihara əl atıb.

Bəs uşaqlar və yeniyetmələr bu oyuna necə aludə olur?

Hazırda kollec tələbəsi olan 16 yaşlı yeniyetmə qızın musavat.com-a dedikləri:

“Bu oyun ”Appstore və ya “Play market”dən yüklənmir. Doğrudur, orada bu oyunlar var, amma onlar uşaqlar üçündür, çox asandır və bildiyim qədər təhlükəli deyil. Oyun “Facebook” səhifəmizə linklər vasitəsi ilə göndərilir. Əvvəldən oyun insana çox maraqlı gəlir, həm də digər oyunlardan heç bir fərqi olmur.  Ona görə də “bu oyunu oynamaq istəyirsən?” sualına özündən asılı olmayaraq “bəli” cavabını verirsən. Beləliklə öncədən xəbərdarlıq edilir, ad və soyadımız qeydə alınır və oyuna başlayırıq.  Oyun 5 leveldən ibarət olur. İlk tələblər bunlar olur: 1. Ülgüc ilə qolumuza F57 yazıb və şəklini çəkib göndərməliyik,  2. Səhər saat 4:20-də yuxudan oyanıb “inbox”umuza, daha doğrusu “pgibopatç”a göndərilən qorxulu videolara baxmalıyıq, 3. Qolumuzu dərin olmayan şəkildə 3 dəfə kəsib şəklini göndərməliyik, 4. Bir kağız üzərində “Mavi balina” şəkli çəkib fotosunu göndərməliyik”.

Yeniyetmə qız oyun haqqında digər ilginc məlumatları da anladıb: “Oyunu əsasən tək oynayırdıq. Amma istədiyin zaman onlayn olaraq digər uşaqlara da qoşula bilirdik. Həmin uşaqlar daha çox türklər idi. Ümumiyyətlə oyunda türk uşaqları çoxdur. Türkiyədən bir qrup var idi ki, onlar bu oyuna tez-tez qoşulurdular. Bakıdan isə ”Tarqovıy uşaqları” adlı qrup oyunda fəallıq göstərirdi. Qrupda qızlar çox az idi. Bəzən oyunda olan uşaqlara birlikdə hündür binanın üstünə çıxıb oradan fotolar çəkdirib oyuna göndərirdik. Çünki oyunun digər şərtlərindən biri bu idi. Eyni zamanda qrupda olan uşaqlar bir-birilərinə çox qorxunc, başı, bədənin müxtəlif əzaları kəsilmiş insanların fotolarını göndərir və bununla əylənirdilər”.

Yeniyetmə qız oyunun digər təhlükəli tərəflərindən də danışıb: “Ümumiyyətlə oyun insanda çox ağır psixoloji yükləmələr yaradır. Şəxsən mən 3 dəfə bu oyuna girib, sonra çıxmışam. Çünki psixoloji ağırlıqlarına tab gətirə bilmirdim. Həm də oyun zamanı bizə çoxlu sayda təhdidlər gəlirdi. Bildirilirdi ki, əgər oyundan çıxsaq qolumuzu kəsməyimizlə bağlı valideynlərimizə məlumat ötürüləcək, şantajedici şəkillərimiz sosial şəbəkələrdə paylaşılacaq. Sonuncu dəfə oyuna bu ilin yay tətilində başladım və bütün yay boyu oyunun təsiri altında qaldım. Oyundan çıxmaq çox çətindir, çünki istər-istəməz insanda bağlılıq yaradır və təsirindən çıxmaq olmur. Lakin sonradan oyunun şərtlərinin çətinləşdiyini görüb  oyunu bağlamaq qərarına gəldim. Bir daha oyuna geri dönmək fikrim yoxdur”.

Qeyd edək ki, Türkiyədə artıq bu oyuna qarşı “Ononimous” kampaniya başladıb. Ötən ay Türkiyə mətbuatında yayımlanan məlumata görə təkcə bir ay ərzində Türkiyədə iki gənc məhz bu oyunun təsiri altında intihar edib.

Rusiyada isə 2015-cil ilin noyabr ayından 2016-cı ilin aprelinə qədər 130 yeniyetmənin bu oyunun təsirindən intihar etdiyi məlum olub. Rusiyalı Filip Budekin 8 ölüm qrupu yaratdığına görə saxlanılıb və onun həm də “Mavi balina” oyunun yaradıcısı olduğu ehtimalı var. Araşdırmalar zamanı məlum olub ki, oyun artıq Qazaxıstana, Ukraynaya, Türkiyəyə, Avropaya yayılıb. Yeniyetmə qızın musavat.com-a verdiyi açıqlamalardan belə məlum olur ki, uşaqları, yeniyetmələri təsir altına salıb, onları intihara sövq edən “Mavi balina” artıq 2 ildən çoxdur ki, ölkəmizdə də virus kimi yayılmaqdadır.

Bəs gəncləri bu bəladan necə qorumalı, qurtarmalıyıq?

Psixoloq Vəfa Rəşidova bu haqda “Yeni Müsavat”a danışıb: “Öncə qeyd edim ki, ”Mavi balina” məqsədli şəkildə xüsusi olaraq yeniyetmələr üçün qurulmuş bir oyundur. Təxminən 12-16 yaş arası yeniyetmələr bu oyuna aludə olur. Burada qəbirə bir məqam var ki, bu oyun yeniyetmələri intihara sövq edir və bunu açıq şəkildə deyil, ovsunlayaraq, öz təsiri altına salaraq edir. Yeniyetmə bu oyunda hər etapı keçdikcə intihara daha da yaxınlaşır və bunun fərqində olmur. Bundan əlavə orda belə bir göstəriş də olur ki, “Bir neçə gün otağından çıxma, valideynlərinlə danışma”. Bu məqamda artıq yeniyetmə valideyn arasında bir uçurum, soyuqluq yaranır ki, bu da çox təhlükəlidir, belə ki, uşaq daha da oyuna aludə olur”.

Psixoloq qeyd edib ki, yeniyetmələrdə bu cür halları aşkar edən valideynlər xüsusilə diqqətli olmalıdır:

“Çünki bu oyunda etapları keçdikdən sonra tələb olunur ki, hündür binanın üstünə çıx, özünə güvən qazan. Yeniyetmə də bu tələbi yerinə yetirir və sanır ki, bəli, mən bacarıqlıyam. Yeniyetmə bunu bacarıq kimi qəbul edir, amma bir daha qeyd edirəm, intihara yaxınlaşdığının fərqində olmur. Və yaxud digər təhlükəli tələblərdən biri bu olur: ”Böyük ana yolun ortasında dayan, maşınların üzərinə gəldiyini gördüyün anda kənara çəkil”. Beləliklə yeniyetmə oyun tərəfindən çox böyük ustalıqla idarə olunur.

Bunun üçün də valideynlər övladlarının sonda faciə, dəhşətli hadisələr ilə üzləşməsinin qarşısını almaq üçün diqqətli olmalı, övladlarının saatlarla otağa qapanmasının səbəbini, hansı oyunlar oynadığını öyrənməli, araşdırmalı, bir yerdə müzakirə etməlidirlər. Amma bu məsələyə çox böyük həssaslıq yanaşıb, ehtiyatla hərəkət etməlidirlər.

Image result for Vəfa Rəşidova

Bəzən valideynlər düşünür ki, uşaq evdədir və ciddi problem yoxdur. Lakin uşaq evdə səssiz oturub bu cür oyunla oynayır və faciəyə sürüklənəndə artıq gec olur.

Ən azından valideyn diqqət etməlidir ki, uşaq birdən-birə niyə gecə ayağa qalxır, mentalitetimizə uyğun olmayan rəqslər edir. Bax bu artıq SOS siqnalı olmalıdır

Qeyd edim ki, yeniyetmələr oyundan ayrılmaq istəsələr də, çox ağır psixoloji məqamlar yaşayırlar”.

Psixoloqun sözlərinə görə “Mavi balina”nın toruna düşən yeniyetmələrin əksəriyyəti valideyn qayğısından, diqqətindən uzaq düşənlərdir: “Əgər ailədə problemlər yaşanırsa, yeniyetməyə, uşaqlara diqqət, qayğı azalıbsa, ”Mavi balin” kimi oyunların toruna düşənlərin sayı artır. Ailədə nə qədər problem yaşansa da valideynlər uşaqlara, xüsusən də yeniyetmə yaş dövründə onlara diqqət göstərməlidir. Yeniyetməlik dövrü elədir ki, uşaqlar istənilən istiqamətə yönələ və bu istiqamət çox yanlış ola bilər”.

Həmçinin oxuyun

“Onun psixi problemləri var” – Erməni generaldan Paşinyana CAVAB

“Nikol Paşinyan psixi pozuntulardan əziyyət çəkir. O, ordunun, müharibənin, nəyin nə vaxt olduğunu bilmir”. Azinforum.az …