Cümə axşamı , Mart 28 2024
Ana səhifə / “Qız dedi ki, bu nə gündədir, metroyla gedir” – Cin

“Qız dedi ki, bu nə gündədir, metroyla gedir” – Cin

“Həyat yoldaşıma göz dəyər, ona görə gizli saxlayıram”

Rəsmi olaraq təqdim etsək, bəstəkar, müğənni, aranjimançı Ceyhun Zeynalovun (Cin), el dili ilə desək, “Buludlar” mahnısını oxuyan oğlanın “Qafqazinfo”ya müsahibəsi:

– İşləriniz necə gedir? Yaxın zaman üçün nəsə yenilik gözlənilir?

– Yeni bir mahnı var. Elə bu gün onun səsyazmasıdır. Aranjimanında bir balaca düzəlişlər etdikdən sonra çox güman ki, bir neçə günə işıq üzü görəcək. Lirik bir mahnıdır, adı da “Mənə sevinəcəksən”. Elə tam payız mahnısıdır, havası yazdırıb.

– Mahnılarınızın sözləri və musiqisi sizə aid olur, başqa nələr sizi mahnı yazmağa sövq edir?

– Hər bir şey. Gözəl xanım, gözəl hava, pis hava.

– Sizi yerli mətbuat keçmiş repçi, xarici mətbuat isə reqi ifaçısı kimi təqdim edir. Hansı təqdimat daha düzgündür?

– Düzdür, reqi janrında da mahnılarım var. Ancaq mən sırf o janrda oxumuram. Rep də oxumuşam, pop da, fank da. Reqi janrı Bob Marleydən gəlir. Rep kimi reqi də azad sözdür. Ancaq bu janrda daha çox hissiyyat tələb olunur. Çiçəklər gül açdı, gəl gedək bağa və s. deyil. Nə hiss edirsənsə, onu da yazırsan. 2006-2007-ci illlərə kimi replə məşğul olmuşam. Artıq 10 ildir ki, rep oxumuram. Orda özümü hiss eləmirəm. İnsanlar keçmiş repçi kimi tanıyırsa, qoy tanısın. Əsas odur, pis adam kimi tanınmayaq.

– 10 il əvvələ nisbətən heç rep də öz auditoriyasını saxlaya bilməyib. Bəs sizin uzaqlaşmağınıza səbəb nə oldu?

– O vaxt rep yeni bir janr idi. İlk olaraq rəhmətlik Çingiz Mustafayev bir dəfə rep oxuyub, bir dəfə də Vaqif Gərayzadə. Ölkədə repi tanıdan isə Anar Nağılbaz oldu. Hazırda da güclü reperlər var, ancaq cəmiyyət onları tanımır. O vaxt açıq-saçıq sözlərdən az istifadə olunurdu, indi bir az fərqli mövzulara toxunurlar. Bəlkə də bu səbəbdən çox üzə çıxmırlar. Onlar üçün heç üzə çıxmaq da lazım deyil. Mənim isə repdən getməyimin səbəbi elə repə qoyulan münasibət oldu. Bir dəfə müğənnilərimizdən biri duet oxumağı təklif etdi. Dedi ki, özü oxuyar, mən də caqo-maqo-daqo kimi bir şeylər deyərəm. Belə baxdım ki, ritmi duyan müğənni mənim oxuduğum repi caqo-maqo-daqo deyə eşidirsə, gör millət nə eşidir. Elə o vaxtdan repdən uzaqlaşdım və öz yazdığım mahnıları oxumağa başladım. Xeyli sayda müğənni mahnı üçün müraciət edir, heç kimə yazmıram. Özüm oxuyuram da, çörəyimi niyə kiməsə verim?

– Çox eşitmişəm ki, sizi təqdim edəndə “buludları oxuyan oğlan” deyirlər. Belə deyim, bəzi hallarda mahnınız kimliyinizdən qabaqda olur. Mahnının bu qədər uğur qazanacağını gözləyirdinizmi?

– Dostum hə, mən yox. Mahnını birinci dəfə toyda oxumuşam. Onda yumruqlarımı sıxıb oxuyurdum ki, kimsə indi gəlib deyəcək ki, “buludlar, keçmiş qızlar” nədir. Amma dostum, zəmanəmizin pop janrında birinci olan bəstəkarı İsmayıl Əsədov inanırdı. O, kommersiyanı da yaxşı bilir. Demişdi ki, bu mahnı mənim pasportum olacaq. Gülüb dedim ki, nə danışır, belə şey ola bilməz. “Buludlar” mahnısından qabaq duetlərim, bir də “Yaşıl gözlər” mahnım var idi. O, daha çox ürəyimə yatırdı. Ancaq dostumun dediyi kimi, “Buludlar” həqiqətən də pasport oldu.

– Ola bilər ki, mahnının bu qədər sevilməsinə səbəb nişanlı, evli kişilərin keçmiş sevgili xofudur. “Keçmiş qızlarıma deyin salamlar” etirafı bu xofu, bariyeri aradan qaldırdı.

– Bəli, bu hamının demək istədiyi cümlə idi. Mən də mahnıda onların adından dedim.

– İnternetdə kiçik bir axtarış etdim və qarşıma maraqlı bir şey çıxdı. Xeyli sayda ölkənin keyfiyyətli və fərqli mahnılarını bir arada toplayan “farklı müzik” saytı Azərbaycandan da 3 müğənni haqqında informasiya və musiqi listi təqdim edib. Onlardan biri Alim Qasımov, biri Əzizə Mustafazadə, biri də sizsiniz.

– Xəbərim yox idi, düzü, təəccübləndim. “Mutlu ol yeter” serialında musiqim səslənəndən sonra Türkiyədə xeyli dinləyici qazanmışam. Onlardan çox müsbət şərhlər, fikirlər gəlir.

– Bəs serialda mahnınızın səsləndirilməsi necə oldu? Siz təklif etdiz, ya onlar sizi tapdı?

– Onlar məni tapdı. Əslində çox ağlamalı haldır ki, bir ay boyunca məni axtarıblar, sonda feysbukda yazıblar. Daha sonra skaypda danışdıq. Bu kimi hallarda əlaqə yaradan bir qurum var və onlar oraya müraciət ediblər. 1 ay gözləyiblər, ancaq nəticə çıxmayıb. Sonda feysbukda yazıblar. Məni tapmaq elə çətin işdir ki? Fikirləşirəm ki, yaxşılığımızı istəməyən adamlar var və bunların hamısı onun nəticəsidir.

– Bəs uğurunuzu istəməməyin səbəbi nədir?

– Toyları itirməkdən qorxurlar. Azərbaycanda bu işlər bir az tərsinədir. Fikirləşirlər ki, maşın var, ev var, efir var, qalmaqal var, hər şey super, bəs mahnı? Mahnı yoxdur. Bunların hamısı nəyin üstündə dayanmalıdır? Mahnının. Bax o da müğənnilərimizin çoxunda yoxdur. Bayaq özünüz dediz ki, mahnılarımı məndən yaxşı tanıyırlar. Təki elə olsun, bir müğənni üçün bundan gözəl nə ola bilər? Mənim təxəllüsüm elə-belə yerə Cin deyil ki. Cinlərin özü görünmür, işi, əməyi görünür. Ümumilikdə bizdə insanların düşüncəsi, cəmiyyət tam fərqlidir.

“Əfsuslar olsun ki, bizim insanımız sadəliklə adiliyi ayıra bilmir”

– Bu cəmiyyət sizi yorur?

– Bəzən çox yorur. İnsanımız sadəliklə adiliyi səhv salır. Sənin təbiətin sadədir, kimləsə sadə olmaq istəyirsən, ancaq buna imkan vermirlər. Sonuncu dəfə metrodan istifadə edəndə, yanımdakı qız digərini dürtmələyib nəsə pıçıldadı. Onlar mənim Cin olduğumu dəqiqləşdirdikdən sonra, qızın birinin “nə gündədi bu, metroyla gedir” dediyini eşitdim. Elə o gündən iyrəndim və bir də metrodan istifadə etmədim. Çünki bizim cəmiyyətimiz sadəliyin nə olduğunu dərk edə bilmir. İnsanın içi sadə olmalıdır, biclik üçün sadəlik etmək tam başqa şeydir. Mən Hövsan uşağıyam. Yay boyu hər gün dənizdə olmuşam. Bir az məşhuram deyə hamıdan qaçıb gizlənməli, stol arxasında oturmalı deyiləm. Dənizə üzməyə, stress atmağa, kef eləməyə gedirəm. Cəmiyyətimiz xəstə deyil, sadəcə bəzi insanlar xəstəliyi yoluxdurmağa çalışır. Demirəm, dəhşətəm, ancaq nə qədər sadə olsam da, adi deyiləm.

– Mediada da sizi az-az görürük. Nə qədər axtarsam da, əvvəl verdiyiniz hər hansı bir müsahibə qarşıma çıxmadı.

– Sözün açığı, mən bunun üstünə düşməmişəm. Komandam var, ancaq prodüserim yoxdur. Düşünürəm ki, əlimdə nəsə olanda media özü məni axtarıb tapacaq. Bayaq dinlədiyiniz yeni mahnım olmasaydı, sizinlə görüşməyəcəkdim. Hamını aldada bilərsən, amma özünü yox. Kanallardan dəvət gəlir, deyirəm ki, hələ gözləyin, əlimdə bir yenilik olsun, gələcəm. Nə qədər “Buludlar”ı oxumaq olar.

– Son dövrün ən uğurlu ekran əsərlərindən biri olan “Oğlan evi” filmində səsləndirilən “Məsafələr” mahnınız da xeyli bəyənildi. Artıq yeni çəkilən filmlərdə tez-tez sizin mahnılarınızı eşidəcəyik?

– Niyə də yox? İlham Qasımov, Tural Sevdimalı, DJ Fateh mənim yaxın dostlarımdır. Bilirdim ki, onların ərsəyə gətirəcəkləri iş elə-belə olmayacaq. Müraciət etdilər, mən də sevə-sevə qəbul etdim. “Oğlan evi-2” üçün də mahnı istəmişdilər, təəssüflər olsun ki, əlimdə təzə mahnı yox idi. Bəlkə də, köhnə mahnılarımdan istifadə edəcəklər.

– Musiqiləriniz filmlərdə istifadə olunanda qonorar götürürsüz?

– Əlbəttə, havayı sadəcə bayırdakı quşlar oxuyur. Türkiyədəki serialda da həmçinin. Müqavilə bağlanır, qonorar ödənilir. Düzü, belə şeylər məni çox da maraqlandırmır, amma hər şey öz qaydasında olmalıdır.

– Bir türk görünüşünüzlə bağlı belə yazıb: “Səs, aksent və ritmini nəzərə alıb Cinin Bob Marleyə oxşayacağını düşünürdüm. Amma axtarış etdiyim zaman qarşıma həvəskar futbol məşqçisi görünüşündə biri çıxdı”.

– Özü də həvəskar ha (gülür). Mən də rahat geyimlər, tör-töküntü paltarlar geyinmişəm. Ancaq indi bu tərzdə özümü daha rahat hiss edirəm. Bəlkə də yaşıma görədir.

– Əvvəllər tez-tez duetləriniz olurdu, “Buludlar”dan sonra sizi daha çox tək görməyə başladıq. Ancaq yenidən sizi Röya ilə gördük. Siz təklif etmisiz, ya özü mahnı istəmişdi?

– Dörd dəfə o təklif edəndə bir dəfə də mən təklif edim dedim. “Zəhləmgetmiş” mahnısı 20 dəqiqəyə yazılıb. Tez zəng vurdum ki, mahnı var, gəl. Mahnını göstərdim, eşidən kimi sevincək tullandı. Röyanı seçməyimin də öz səbəbləri var. Səhnədən kimsə “sevdiyim zəhləmgetmiş” desə, dinləyicilər inanmazdı. Yalnız Röya sevdiyinə zəhləmgetmiş deyə bilər. Belə deyim, mən sırf obraza görə Röyanı seçdim. Çox güman ki, daha duet oxuduğumu görməyəcəksiz. Çünki müğənnilər mahnını yenidən tək oxuyub yazdırırlar ki, toylarda, ya da tədbirlərdə rahat oxuya bilsinlər.

– “W Trio” qrupunda oxuyan zaman Röya, Elnarə və Natavan üçün “Kimdir nömrə bir?” mahnısını yazmışdınız. İndi məhz bu triodan heç kim bir-birini danışdırmır və birincilik üçün böyük mübahisələr gedir. Sizcə, nömrə bir kimdir?

– Qrup konsertdə çıxış etməli idi. Mənim də ağlıma bu ideya gəldi. Obraz olaraq hər birini hansı statusda görürdümsə, elə də mahnını yazdım. Kimin nömrə bir olduğunu da elə mahnıda demişəm.

– Səs tembriniz fərqlidir, onu oxuduğunuz mahnıya görə dəyişə bilirsiz?

– Təbii ki, dəyişirəm. Məsələn, “Buludlar”la “Milyonlardan” mahnılarını eyni səs tembri ilə oxuya bilmərəm axı. Səs musiqidə bir alətdir, gərək istifadə edə biləsən. Gündəlik danışığıma qaldıqda isə, bir dəfə səhər tezdən evə zəng gəlmişdi, yuxulu-yuxulu necə “alo” demişəmsə, uşaq mənə ana dedi. Ata da yox ha, ana. Yenidən “alo” dedim. Səsim, səhərlər bir az fərqli olsa da, gündəlik belədir. Özümü zorla sıxıb belə səslə danışmağa çalışmıram.

– Mahnı bəstələyirsiniz, aranjiman edirsiniz, ancaq bildiyim qədərilə musiqi təhsiliniz yoxdur.

– Bəli, mən hərbi təyyarəçiyəm. Dilimin bəlasına düşüb aranjiman etməyə başlamışam. 2001-ci il idi, yeni əsgərikdən gəlmişdim. Qarşıma nə iş çıxsa, işləyirdim. Bir gün yenə dənizə getmişdim. Mənim xatirələrimin çoxu dənizlə bağlıdır. Bir nəfərlə danışanda dedi ki, filan qrupdurlar, bəs Ədalətlə də oxuyurlar. Dedim, tanımıram. O da məndən nə işlə məşğul olduğumu soruşdu, aranjimançı olduğumu dedim. Evimdə bir pianino var ha, başqa heç nə yoxdur. Nəsə ona elə dedim. Eləcə nömrələrimizi bir-birimizə verdik, guya lazım olsa, zəngləşək. Fikirləşdim ki, söhbət elə ordaca öldü. Bir müddət sonra mənə zəng vurdu ki, bəs bizim aranjimançıya ehtiyacımız var. Mən də dedim ki, əlimdə bir iş var, bitirib əlaqə saxlayacam. “Trupqanı” qoyan kimi, tez anamgilə mənə sintizator alın deyə qışqırdım. Və o gündən mən aranjimanla məşğulam. Əsas odur ki, suluxun olsun.

– Konsertləriniz olmasa da, partilərdə tez-tez gözə dəyirsiz. Bu yaxınlarda da biri baş tutdu.

– Ona parti demək olmaz. Düzdür, mən parti gözləyirdim, hamını da dəvət etmişdim. Yaxşı ki, gəlmədilər. Fikirləşirdim ki, deyib-gülmək olacaq, gənclər oynayacaq, ancaq gedəndə gördüm ki, hamı rəsmi dəvətə gəlmiş kimi oturub. Mən tam başqa bir şey gözləyirdim, ancaq tam başqa bir şeylə qarşılaşdım.

– Bəs Azərbaycan dinləyicisi necədir?

– Hazırda bir sloqanım var: qulaq asdığın musiqini göstər, deyim sən kimsən. Çünki musiqi intellektin göstəricisidir. Hər şeyin başında yenə də təhsil dayanır. Bu uşaq dərs almır, kitab oxumur, küçədə musiqi deyə eşitdiyi 3 sözlə- mən səni sevirəm kifayətlənirsə, ondan nəsə gözləmək olmaz. Çünki indi oxunan 90% manhılarda bu 3 sözün yerini dəyişirlər, olur mahnı. Uşaqlar da bu çərçivənin içində böyüyür. Adam var, siz də məni bağışlayın, tualetdən gələnə kimi albom yazdım deyir. Mən istəmərəm, mahnım bu dərəcə aşağı düşsün. Mənim musiqilərimdən gül iyi gəlməlidir, başqa iy yox.

– Mahnılarınızda sosial mövzulara da toxunmusunuz. Məsələn “Maaş günü”. Bəs sizin gəliriniz necədir? Yığılmış borclar var?

– Yox, şükür ki, o cəhətdən məndə hər şey yaxşıdır. Cəmiyyətin halına ağlayıram.

– Özünüz dediniz ki, gözəl qızları sevirsiniz. Bəs milyonlar arasından payınıza düşən qisməti tapmısınız?

– Təbii ki, tapmışam. Evliyəm və gözəl balalarım var.

– Sosial şəbəkələrdə övladlarınızla birlikdə xeyli şəkil paylaşırsınız, ancaq həyat yoldaşınız görünmür. Yoxsa siz də həyat yoldaşını ictimaiyyətdən gizlədənlərdənsiniz?

– Yox, sadəcə olaraq göz dəyər, ona görə gizli saxlayıram.

Həmçinin oxuyun

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu CƏRİMƏLƏDİ

“Qarabağ” FK-nın son günlər davamlı hal alan aqressivliyi ilə seçilən futbolçusu Elvin Cəfərquliyev baş məşqçi …

Bir cavab yazın