Cümə axşamı , Oktyabr 29 2020
Ana səhifə / Aktual / Qiyməti özündən böyük uşaq geyimləri və əşyaları

Qiyməti özündən böyük uşaq geyimləri və əşyaları

Bəs Azərbaycandakı bahalığın sirri nədədir? İqtisadçı: “Xarici ölkələrdə də uşaq geyimlərinin qiyməti baha olur, amma …”

Bu gün paytaxtda addımbaşı uşaq geyimləri, əşyaları satılan mağazalara rast gəlinir. Türkiyənin, Almaniyanın məşhur uşaq brendləri olan “Bebetto”, “Mother care”, “Caramell”, “Chicco” və sairə brendləri paytaxt mağazalarında asanlıqla tapmaq mümkündür.

Hələ dünyadan bixəbər olan 0-3 yaş arası uşaq üçün brend geyimlərin 50 manatdan başladığını, arabaların 1000-1700 manat olduğunu nəzərə alsaq, əksər ailələrin bu xərcləri qarşılamağa büdcələrinin yetmədiyini görə bilərik. Bir neçə uşaq geyimi satılan mağazaya baş çəkib qiymətlərlə daha yaxından tanış olduq. Müşahidələrimiz  bu əşyaların öz dəyərindən dəfələrlə baha satıldığını deməyə əsas verir.

Məsələn, Türkiyə istehsalı olduğu deyilən və keyfiyyəti ilə bağlı insanın düşüncəsində heç bir mənfi fikir yaratmayacaq uşaq yataqları 300-1000 manat arası  uşaq arabaları 150-1000 manat arasından başlayaraq qalxırdı. Hətta 2000 manata belə uşaq arabaları satışda var. Türkiyə istehsalı olan Bebbetto firmasına məxsus uşağı içər daşımaq üçün nəzərdə tutulan çantanın qiyməti 70 manatdan, manejlərin qiyməti isə 125 manatdan başlayır. Ən kiçik əşyalardan hesab olunan əmziklərin qiyməti isə 4-15 manat arasında, əmzikli butulkalar 8-20 manat arası, keçi tükündən hazırlandığı deyilən və uşağın dərisini incitməyəcək daraq 15 manata, plastik qaşıq 12 manat 90 qəpiyə, qayçı dəsti 15 manata təklif edilirdi. Uşaq geyimlərinə gəlincə isə 15 predmetdən ibarət olduğu deyilən tulum dəsti endirimlə 120 manatdan 96 manata düşmüşdü. Daha az predmetlinin qiyməti 25 manatdan, tək tulumlar isə 5 manatdan başlayırdı. 0-3 yaş arası uşaq ayaqqabıları  20 manatdan, uşaqlar üçün üst geyimləri olan donlar, kostyumlar, jiletlərin qiyməti isə 15-100 manat arası dəyişirdi. Papaqlı uşaq dəsmalları 30 manata, şampunları 10 manatdan başlayaraq artırdı.

Uşaqlı evin ən vacib tələbatı olan uşaq bezlərinin qiyməti isə firmadan asılı olaraq dəyişirdi. Belə ki, müxtəlif şirkətlərin 60-70 ədədlik bağlamalarının qiyməti 17-28 manat arasında dəyişirdi. Bir uşağın ayda minimum 3 ədəd bu bağlamalardan istifadə etdiyini nəzərə alsaq, bir ailənin aylıq 60-80 manat arası pulu yalnız uşaq bezlərinə xərclənir. Hələ uşaq qidalarından danışmırıq. Uşaq anadan olanda dövlət tərəfindən verilən müavinətə nəzər salsaq, bu məbləğin heç uşağın bir aylıq bezlərinin pulunu qarşılamadığını görərik. Düzdür, uşaq geyimlərini, əşyalarını daha ucuz qiymətə də tapmaq mümkündür. Ancaq ucuz məhsulların əksəriyyəti  saxta mallar olduğu üçün bu sizin cibinizə xeyir etsə də, övladınızın sağlamlığını təhlükəyə ata bilər.

Maraqlıdır, uşaq geyimlərinin, əşyalarının öz qiymətindən dəfələrlə baha satılmasının sirri nədir? İqtisadçı ekspert Natiq Cəfərli bildirdi ki, iş adamları malını istədiyi qiymətə sata bilər və biz buna etiraz edə bilmərik: “Dəyərindən baha satılması məsələsi bir az doğru yanaşma deyil. O mənada ki, əgər rəqabətli mühit olsaydı, ölkəyə gətirilən məhsulların inhisarçılıq məqamları olmasaydı və iş adamları rahat biznes fəaliyyəti göstərə bilsəydi, rəqabətli mühitdə qiymətlər başqa cür formalaşardı. Yəni iş adamına dövlətin hansısa bir müdaxilə etməsi doğru deyil. Ölkədə formal da olsa, bazar iqtisadiyyatı qanunları işləməlidir. Amma bazar iqtisadi qanunları qiymət qoymaqda işləyir, təməlində isə işləmir. Yəni rəqabətli mühitin çoxalmasında işləmir. Xarici brendlərin bir başa Azərbaycana daxil olmasında maneələr var. Yəni bütün bu məqamlar aradan qaldırılsaydı, ciddi rəqabətli mühit yaranardı. Məsələn, niyə insanlarımız yolu düşən kimi ən çox Türkiyədən alış-veriş etməyə üstünlük verir. Çünki orada rəqabətli mühit var və şirkətlər qiymətləri çox da yüksəldə bilmirlər. Əgər yüksəltsələr, digər şirkətlər qiymətləri dərhal aşağı salıb müştəri cəlb edirlər. Azərbaycanda əsaslı təməldə bu problem var. Rəqabətli mühit olmadığı üçün istənilən iş adamları qiymətləri alınan səviyyəyə qədər qaldıra bilirlər. Bir də iş adamlarının izafi xərcləri var. Azərbaycanda, əsasən də mərkəzdə kirayə haqları, kommunal xərclər çox bahadır. Bundan başqa, bəzi dövlət və hökumət orqanlarının müdaxiləsi nəticəsində korrupsiya halları meydana çıxır, əlavə xərclər yaranır. Buna görə də iş adamları məcburən əlavə bütün xərcləri qiymətin üzərinə gəlirlər. Bütün bu proseslərin nəticəsi olaraq da qiymətlərin yüksəlməsini görürük”.

N.Cəfərli bildirdi ki, digər ölkələrdə də uşaq geyimləri böyüklərin geyimlərindən baha olsa da, orada əsas diqqət keyfiyyətə yönəlir: “Mən öz təcrübəmdən də görmüşəm ki, əslində xarici ölkələrdə də uşaq geyimlərinin qiyməti böyüklərin geyimlərindən baha olur. Amma orada səbəb başqadır. Səbəb odur ki, uşaq geyimlərinin keyfiyyətinə çox yüksək dərəcədə fikir verirlər. Daha keyfiyyətli məhsuldan, xammaldan hazırlanmasına tələbat var. Yəni dövlətin nəzarəti orada sağlamlığa yönəlib, qiymətə yox. Daha keyfiyyətli məhsuldan, daha keyfiyyətli xammaldan hazırlanan uşaq geyimləri də  bəzən görürsən ki, böyük geyimlərindən də baha satılır. Amma Azərbaycanda rəqabətli mühit yaransa, düşünürəm ki, qiymətlərin kəskin bahalaşmasının qarşısını almaq mümkün olardı”.

 

Həmçinin oxuyun

“Dəmir Günbəz”i azərbaycanlı dostlarımızla bölüşməliyik” – Sabiq səfir

Biz “Dəmir Günbəz” sistemini azərbaycanlı dostlarımızla bölüşməliyik. Bunu İsrailin Azərbaycandakı sabiq səfiri Artur Lenk “Twitter” …