Cümə axşamı , Aprel 18 2024
Ana səhifə / Aktual / “QİYAMÇI” SƏFİRİN ŞOK DOSYESİ

“QİYAMÇI” SƏFİRİN ŞOK DOSYESİ

Beləliklə, səfir Arif Məmmədovun “vineqret” adlı hansısa bir sayta müsahibəsində dedikləri bizim bu adam və diplomat haqdakı bütün qənaət və fikirlərimizi təsdiqlədi: iddialı boşboğaz, siyasi təfəkkürdən məhrum diplomat, nəinki Azərbaycandakı, ümumən dünyadakı vəziyyətdən baş aça bilməyən biri…

Mən bu əsas suala hələ də cavab tapa bilmirəm: belə bir adam bir ölkəni strateji əhəmiyyətə malik Strasburq və Brüssel kimi siyasi mərkəzlərdə necə təmsil edə bilər?

Gəlin hər şeyə ardıcıllıqla nəzər salaq.

Alverçinin və fırıldaqçının nəvəsi

Səfir Arif Məmmədov “vineqret” saytında proqram xarakterli çıxış edib. Təəssüf ki, bu, zarafat deyil, real faktdır. Qiyamçı səfir bu “nüfuzlu nəşr”in səhifələrində təkcə 9 diplomatla birgə düşdüyü iyrənc vəziyyətin tarixçəsindən danışmır, həm də hakimiyyətə, prezident İlham Əliyevə açıq-aşkar meydan oxuyur. Həmin o prezidentə ki, sıravi Məmmədov adlı insan materialından əsl adam və diplomat yaratmağa çalışmışdı! Təəssüf ki, bu cəhd alınmadı! Məmmədov hər dəfə çıxış və etiraz etdikcə onun şəxsiyyəti gözlərimiz önündə daha çox düşür. İndi onun yalnız bir obrazı qalıb –  riyakar, zəif, xırda satqın obrazı. O, təkcə Əliyevi yox, bütün Azərbaycanı satdı.

Sovet vaxtı Gəncədə yağ-piy kombinatına rəhbərlik edən alverçi Qara Camalın nəvəsi axı kim idi ki?! Bu adam özünü parlaq zəkaya malik intellektual, dissident, poliqlot, habelə bütün azərbaycanlıların ağlının, ruhunun və vicdanının mücəssəməsi obrazında təqdim etmək üçün bu gün az qala dəridən-qabıqdan çıxır.

Amma gəlin əvvəlcə Məmmədovun satqınlığının köklərindən danışaq ki, oxucu Rusiyanın və digər ölkələrin xüsusi xidmət orqanlarının öz agenturasını Azərbaycan hakimiyyətinin ən yuxarı eşelonlarına necə yeritdiyi barədə aydın təsəvvürə malik olsun.

Azərbaycanın BMT-dəki xüsusi nümayəndəsi, keçmiş QRU zabiti Eldar Quliyevin qalmaqallı tarixçəsi göstərdi ki, Azərbaycan XİN-in kabinetləri sözün əsl mənasında öz saatlarının yetişəcəyi anı gözləyən məxfi agentlərlə doludur. Eldar Quliyev, Arif Məmmədov… Bu gec işə düşən minalar partlayacaq və onun tüstü-dumanı hələ uzun müddət çəkilməyəcək. Məncə, bu prosesin qarşısını almaq, öz həyatlarının müəyyən mərhələlərində digər dövlətlərin və onların xüsusi xidmət orqanlarının nəzarəti altına düşmüş diplomatlardan yaxa qurtarmaq üçün xarici siyasət idarəsində dərhal təmizləmələrə başlanmalıdır.

Bəs necə oldu ki, Arif Məmmədov Azərbaycanın xarici siyasət idarəsi sistemində özünə yer eləməyə nail oldu?

50 yaşlı A.Məmmədov “vineqret”ə müsahibəsində öz bioqrafiyasının əksər maraqlı epizodlarını gizlədib. Alverçi Qara Camalın nəvəsi həm də “Türemşik Cəmil”in (diqqət edin, hamısı ləqəblə tanınıb!) nəvəsidir. “Türemşik Cəmil”in adı sovet vaxtı oğurluq və mənimsəmə cinayətlərində keçib, uzunmüddətli həbsə məhkum edilib və türmədə də ölüb.

Arif Məmmədovun atası Zahid Məmmədov əslən Gürcüstandan, Borçalıdan, anası Flora Məmmədova isə Qarabağdandır.

Zahid Məmmədov uzun illər baş nazirin keçmiş birinci müavini Abbas Abbasovun himayəsi altında işləyib. Zahid Məmmədov Gəncə alüminium zavodunda sex rəisi vəzifəsini tutub, Abbasov isə bir vaxtlar bu zavodun direktoru olub. Həmin vaxtlar Gəncənin polis rəisi isə sabiq baş prokuror, Serbiyadakı indiki səfir Eldar Həsənov olub. Yeri gəlmişkən, Arif Məmmədovun atası sonradan Eldar Həsənovun dəstəyi ilə Bakıdakı ət kombinatının direktoru vəzifəsinə yiyələnmişdi.

Bu üçlüyün tarixçəsini, bu adamların müəmmalı dostluğunun tarixçəsini yadda saxlayın. Buna hələ qayıdacağıq.

Bəs Arif Məmmədov özü öz keçmişi barədə nə danışır? Bu keçmişinə dair nəyi səylə gizlətməyə çalışır?

Arif Məmmədov müsahibəsində görün nələri deyir: “Məktəbə Bakıda getmişəm. Rus sektorunda oxumuşam. Sonra Moskvada Hərbi Tərcüməçilər İnstitutunda təhsil almışam. Yəni mən Azərbaycan mədəniyyəti, öz ailəmin mədəniyyəti ilə böyümüşəm. Lakin eyni zamanda rus xalqının mədəniyyətini, sovet mədəniyyətini mənimsəmişəm”.

Arif Məmmədovun bu son cümləsinə əsla şübhə yoxdur. Amma o, yenə yalan danışır. Axı Arif Məmmədov əvvəlcə babasının yolu ilə getmək istəyərək Moskva Ət-Süd İnstitutuna daxil olub. Bunu yəqin ki, inkar edə bilməz. Lakin elə birinci kursda oxuyanda onu bu institutdan qovublar.

Sonra Arif Məmmədov Gəncəyə qayıdır və Kənd Təsərrüfatı İnstitutuna daxil olmağa çalışır – əcdadlarının qəssablıq ənənələri Arif Məmmədova dinclik vermirdi. Lakin qəbul imtahanlarında kəsilir.

Təbii ki, bu halda onu hərbi xidmətə çağırırlar. Sovet ordusu gənc Arifin həyatını kökündən dəyişir. Siz kiminsə sovet ordusunda cəmi 6 ay xidmət etdiyini haçansa eşitmisinizmi? Mən eşitməmişəm. Yalnız sonradan KQB və QRU-ya xidmətə gedən uşaqlardan başqa belə şey olmayıb.

Arif Məmmədov qısamüddətli hərbi xidmətdən sonra SSRİ Müdafiə Nazirliyinin nəzdindəki Moskva Hərbi Xarici Dillər İnstitutunda peyda olur. Heç kimə sirr deyil ki, bu ali məktəb SSRİ Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi (QRU) üçün əcnəbi dilləri bilən hərbi mütəxəssislər hazırlayırdı.

Arif Məmmədov bu institutda amxar dilini öyrənir. QRU onu hərbi tərcüməçi kimi Efiopiyaya göndərir. Yeri gəlmişkən, o, müsahibəsində amxar dilini bildiyini gizlətməsə də bioqrafiyasının başqa faktını – Efiopiyada xidmət etməsi faktını gizlədib.

SSRİ dağılandan sonra Arif Məmmədov Bakıya qayıdır və özünə iş axtarmağa başlayır. Onun adına bir neçə il ərzində daha haralarda rast gəlinmir ki?! Xarici Turizm İdarəsində, Baksovetdə…

Nəhayət, Azərbaycan XİN yaradılır və burada xarici dilləri bilən mütəxəssislərə ehtiyacın olduğu üzə çıxır. Və keçmiş tərcüməçi də işə yararlı kadr hesab olunur…

Asif Məmmədov – məşhur gəncəli narkoman…

Arif Məmmədov “siyasi məhbuslar” məsələsini Avropa Şurasında topa tutmaqla və müxalifətçilərin həbsinə haqq qazandırmaqla XİN rəhbərliyini və Prezident Administrasiyasını özünün indiki hakimiyyətin ən qatı, müstəsna və mətin təbliğatçısı olduğuna addım-addım, tədricən inandıra bildi.

Arif Məmmədov Avropa Şurasındakı bütün görüş və debatlarda Əliyev hakimiyyətinin maraqları uğrunda ən sadiq mübariz cildində çıxış edir, Strasburq və Brüsseli müxalifət liderlərinin yararsızlığına inandırır, Bakıdakı repressiyalara hər vəchlə haqq qazandırırdı. Arif Məmmədov öz depeşelərində müxalifətçiləri “prinsipsiz və əskik adamlar” adlandırırdı. O, bu sözü ümumiyyətlə çox sevir. Arif Məmmədovun depeşeləri bu gün də qalır. Əlyazmalar yanmır!

Bakıdakı həbslərə əvvəlcə Strasburqda, sonra isə Brüsseldə haqq qazandıran Arif Məmmədov indi onun müdafiəsinə qalxmış müxalifətçilərə bu cür qiymət verərkən heç vaxt olmadığı qədər haqlı idi. Bu gün isə o, özünü Əli Kərimlinin, Cəmil Həsənlinin ağuşuna atır, “Azadlıq” qəzetini tərifləyir!

Arif Məmmədov təqaüdçü anasının 100 manat pensiya alması faktını öyrənənə qədər hər şey yaxşı gedirdi. Təsəvvür edirsinizmi, anası bütün bu illər ərzində qəpik-quruş alıb, o isə bunu fərq etməyib, səfir səlahiyyətlərini icra etməkdə davam edib, sinəsini bu hakimiyyət uğrunda qabağa verərək mübarizə aparıb, jurnalistlərin və siyasətçilərin həbsinə haqq qazandırıb!

Və budur, indi isə hakimiyyətə etirazını dilə gətirir, axı onun anası cəmi 100 manat pensiya alır…

Gəlin Arif Məmmədovun özünü dinləyək: “40 il həkim işləmiş anamın cəmi 100 manat pensiya almasını başa düşə bilmirəm. Yaxud da bir ayağı olmayan, demək olar ki, gözü də görməyən, Harvardda dərs deyən, məşhur geoloq olan, mikroskopla işləməkdən gözünü itirən, Azərbaycanın indiki qızıl yataqlarını kəşf edən, Üzeyir Hacıbəyov nəslindən çıxan və görkəmli ziyalı olan qayınatam bu gün evdə oturur və cəmi 110 manat pensiya alır. Mən bundan hiddətə gəlmişəm”.

Çox maraqlıdır. Arif Məmmədov bütün bunları yalnız indi – prezidentə və bu hakimiyyətə 20 il xidmət edəndən sonra görüb anladımı?!

Arif Məmmədov səfirlərə verilən yaxşı maaş hesabına (Və təkcə bu hesaba da yox! Əlavə gəlirlər də olub, elə deyilmi, cənab Məmmədov, yoxsa yada salaq?!) qazandığı pullarla anasına və qayınatasına kömək edib. Lakin o, qardaşı Asif Məmmədovu nəyə görəsə yada salmır. Bunu ona xatırlatmaq lazımdır. Onun qardaşı Gəncənin ən məşhur narkomanıdır, heroin istifadəçisidir. Polislər onu dəfələrlə narkotiklə tutub.

Mənə çox maraqlıdır: müxalifətçilərin cibinə narkotik atan bu polislər Asif Məmmədovu təcridxanadan kimin himayəsi, göstərişi ilə azad ediblər?! Bütün Gəncə yüksək rütbəli polislərin himayə edib qoruduğu bu narkomandan danışır. Azərbaycandakı ədalətsizlikdən dəm vuran səfir Məmmədov Gəncədə hər gün heroin alıb istifadə edən və onu yayan qardaşının cinayət əməllərindən niyə danışmır, bunu tənqid etmir bəs? Gəncəlilərdən soruşun, onlar hər şeyi danışacaqlar.

Arif Məmmədov bəlkə qardaşını hər dəfə təcridxanadan buraxan, onu himayə edən yüksək rütbəli polisin adını çəkə?! Səfirin yeni açıqlamalarını böyük maraqla dinləyərdim.

Azərbaycan səfirlərinin gizli axşamları

Arif Məmmədov daha bir sensasion etirafda bulunub. Sən demə, Azərbaycanda xeyli narazı məmur varmış, amma onlar bu barədə açıq danışmırlar, sovet vaxtlarında olduğu kimi, yalnız mətbəxdə pıçıltı ilə, yavaş səslə danışırlar.

Məmmədovu dilxor edəcəyəm, Bakının siyasi Olimpində bu barədə çox əla məlumatlıdırlar. Bakıda elə Arif Məmmədovun və Azərbaycanın daha bir neçə səfirinin Avropanın mərkəzindəki gizli görüşündən də xəbərdardırlar. Arif Məmmədovun həmin gizli görüşdəki emosional çıxışlarının məzmunu da hakimiyyətə çox yaxşı məlumdur. Sözbəsöz məlumdur…

Və səfir Məmmədovdan bu nitqləri və narazılığı barədə heç kim heç nə soruşmayıb. Çünki Arif Məmmədov bu yeni böyük oyunda sadəcə olaraq “peşka”dır. Yeni partiyanın əsas oyunçusu pərdə arxasında gizlənən qoca qrossmeysterdir. Komik görünən Məmmədovdan fərqli olaraq digər səfir ağıllıdır, qəddardır, hər şeyi ölçüb-biçir və hakimiyyət üçün həddən artıq təhlükəlidir.

Yeni oyun

Arif Məmmədov Əliyev hakimiyyətinə qarşı yeni oyunda hansı rol alıb? Bu – sınaq şarıdır. Ola bilsin narazılığın meydana çıxmasıdır, ultimatuma da çox oxşayır və ya ciddi oyuna qoşulmaq üçün yeni müraciətdir.

Əgər sirk ustası Məmmədovun milli yeməklər, spa-mərkəzlər və azərbaycanlıların qanındakı yüksək xolesterin haqda  bütün hoqqabazlıqlarını bir kənara atsaq, səfirə bu birbaşa sualı ünvanlamaq olar: “Siz ölkəyə başçılıq etmək istəyirsiniz?”

Siz necə düşünürsünüz, səfir bu birbaşa suala necə cavab verərdi? “Mən bu suala cavab verməyə hazır deyiləm!”

Budur ha! Necə deyərlər, gəlib çatdılar.

Arif Məmmədov prezident kürsüsünü tutmaq imkanını istisna etmir. Bu haqda sıravi vətəndaş-obıvatel, siyasətçi, hətta müxalifətçi danışmır. Bu haqda prezident İlham Əliyevin maraqlarını təmsil edən səfir danışır!

Səfirin Bakıya qarşı ilk yaylım atəşini mən necə qiymətlənirmişdim? Doğrudur, satqınlıq kimi. Və bununla razılaşmayan birinci adam öz yalanlarında çaşan Arif Məmmədov olmuşdu. O demişdi ki, belə şey yazmayıb və saytımız onu gözdən salmaq üçün fikirləşib tapıb.

Ancaq Arif Məmmədov son müsahibəsində öz yalanını praktiki olaraq ifşa edir. Burada o, etiraf edir ki, sosial şəbəkələrdə müxalif çağırışların müəllifidir.

Öz yalanlarında çaşıb qalan təcrübəsiz siyasətçinin debütü kimi pis deyil. Lakin bu, Məmmədovu və onun arxasında duranları o qədər də narahat etmir. Bu, yeni oyunun yalnız məşqidir. Məmmədovun çıxışının ardınca daha bir neçə səfirin çıxışı ola bilər. Ancaq siyasi səhnəyə yeni oyunun baş dirijoru çıxanda bütün bunlar onunla müqayisədə heç nə olacaq.

Ona görə də A.Məmmədov həm prezidentə, həm öz dövlətinə qarşı çıxıb. Və indi fərqi yoxdur ki, Azərbaycan səfirlərinin arxasında hansı xarici qüvvə dayanıb – MKİ, yoxsa QRU?

Milli təhlükəsizlik nazirinin keçmiş müavini, ölkənin ən məlumatlı adamlarından biri olan Sülhəddin Əkbər hesab edir ki, Məmmədovun qiyamı xüsusi xidmətlərin birgə oyunudur.

Hələlik bu suala cavab tapmaq asan deyil. Ancaq bu diplomatik qalmaqalın mənəvi və hüquqi tərəfinə baxanda Məmmədov xalis satqındır, ölkəsindəki siyasi rejimin tipindən və xarakterindən asılı olmayaraq.

Öz dövlətini satan diplomatlara da, hərbçilərə də, çekistlərə də həmişə, bütün ölkələrdə eyni cür, eyni metodlarla cəza veriblər. A.Məmmədov Belçika XİN-dən mühafizə və yardımı heç bir səbəb olmadan, boş yerə istəməyib ki… Sovet təlimatçıları hələ QRU kurslarında ona öz dövlətini satanların faciəvi sonluğuna dair çoxsaylı nümunələr danışıblar.

Gəlin belə danışaq, Cnouden amerikalıların əlinə düşsə, onunla necə davranarlar?! Yaxud Vaşinqton adi jurnalist Assancı ələ keçirməyə Stokholmun köməyi ilə niyə belə səylə, inadla çalışır? Yaxud polkovnik Litvinenko və ya Suvorov öz çıxışları ilə Kremli qəzəbləndirməmişdimi? KQB-nin hansısa əməkdaşını, yaxud jurnalisti bağışlamaq yəni bu qədərmi çətindir?

Yox, burada söhbət presedentdən gedir. Əgər dövlət ona xəyanət etmiş hər hansı bir təmsilçisinin bu cinayətinə göz yumsa, bu, dövlət sirrinin daşıyıcısı olan digər məmur və diplomatlardan ötrü cəzasızlıq mühiti və dövlətin milli təhlükəsizliyi üçün çox təhlükəli sindrom yaradar.

Əfsanəvi “Baharın 17-ci anı” filmini xatırlayın. Orada Müller professor Pleyşneri İsveçrədən Almaniyaya maşının yük yerində gətirməyi əmr edir. Pleyşner ölümün gözünə dik baxmağı bacaran cəsur adam idi. Ona görə də zəhər içib intihar etdi ki, öz vətənində dəhşətli işgəncələr görməsin. Arif Məmmədov öz vətənində əzab çəkməkdən qurtulmaq üçün bu qədər cəsarəti yoxdur. Lakin mən bir şeyi bilirəm: belə satqınların vətənə yolu bağlıdır. Özü də birdəfəlik!

Bunu XİN-in işdən qovulmuş əməkdaşlarına hansısa yeni və mifik Azərbaycanda qiyabi şəkildə vəzifələr paylayan Arif Məmmədov özü də yəqin ki, başa düşür…

Həmçinin oxuyun

Azərbaycanda universitet prorektoru kazinoda külli miqdarda pul uduzub? – AÇIQLAMA

Bakı Avrasiya Universitetinin rektoru Nazim Hüseynovun oğlu Günhan Hüseynovun Gürcüstanda kazinoda külli miqdarda pul uduzması …

Bir cavab yazın