Cümə axşamı , Aprel 18 2024
Ana səhifə / Aktual / QIRĞIZ HÖKUMƏTİ RÖVNƏQİN 250 MİLYONLUQ LAYİHƏSİNDƏN İMTİNA ETDİ

QIRĞIZ HÖKUMƏTİ RÖVNƏQİN 250 MİLYONLUQ LAYİHƏSİNDƏN İMTİNA ETDİ

Qırğızıstan hökuməti SOCAR prezidenti Rövnəq Abdullayevlə bu ölkənin prezidenti Almazbek Atambayev arasında 2012-ci ildə əldə edilmiş neftayırma zavodu tikintisi layihəsinin üstündən xətt çəkib.

Virtualaz.org saytı qırğız mənbələrinə istinadən xəbər verir ki,baş nazirin müavini Valeri Dil Azərbaycanla əldə edilmiş razılaşma əsasında ölkənin şimalında modul tipli neftayırma zavodunun tikintisi layihəsinin ləngiməsinin səbəbləri haqda jurnalistlərin suallarına cavab verərəkən deyib ki, Qırğızıstanda hazırda iki neftayırma zavodu var, üçüncüsü də tikilməkdədir.

Yeni tikilən neftayırma zavodu ölkənin neft məhsullarına olan tələbatını iki dəfəyədək ödəyir. Bu səbəbdən daha bir neftayırma zavodunun tikintisinə ehtiyac yoxdur.

SOCAR-ın Qırğızıstanın neft məhsulları bazarına daxil olması və bu ölkədə neftayırma zavodu inşa etməsi barədə razılaşma 2012-ci ilin yanvarında R.Abdullayevlə prezident Almazbek Atambayev arasında Bişkekdə keçirilmiş danışıqlarda əldə edilib.

SOCAR Qırğızıstan tərəfinin təklifindən çıxış edərək ölkənin şimalında modul tipli neftayırma zavodunun inşasını üzərinə götürmüşdü. Planlaşdırılırdı ki, bu zavod üçüncü ölkələrdən alınan neft hesabına işləsin.

Çünki Azərbaycan neftinin Qırğızıstana birbaşa ixracı iqtisadi baxımdan rentabelli deyil. Müəssisənin 1-2 il ərzində tikilib başa çatdırılması planlaşdırılırdı.

SOCAR-ın vitse-prezidenti Elşad Nəsirov jurnalistlərə bildirmişdi ki, onlar Bakıdakı neftayırma zavodundan köhnə avadanlıqları söküb Qırğızıstanda quraşdırmağı, bu zavodda xammal kimi Qazaxıstan və ya Rusiya neftini istifad etməyi nəzərdə tuturlar.

Çünki Qırğızıstan okeana çıxışı olmayan qapalı ölkədir və Azərbaycan neftinin bu ölkəyə daşınması, orada emal edilməsi iqtisadi baxımdan rentabelli olmazdı.

İndi isə belə görünür ki, qırğız hökuməti zavod layihəsindən ümumiyyətlə imtina edib. Nəticədə SOCAR-ın bu Orta Asiya respublikasının neft məhsulları bazarına daxil olması baş tutmayıb. Qırğızıstanın neft məhsulları bazarı əsasən Rusiyanın nəzarətindədir.

Qırğızıstanın Tokmak vilayətində inşa edilən yeni neftayırma zavodu isə Çinlə ortaq layihədir.

Həmçinin oxuyun

“Rusiya Azərbaycan vasitəsilə Paşinyanı cəzalandırmaq niyyətindədir”

Siyasi Menecment İnstitutunun direktoru Azər Qasımlı Meydan TV-yə deyir ki, Rusiya sülhməramlılarının Azərbaycanı vaxtından əvvəl …

Bir cavab yazın