Ana səhifə / Aktual / Qarabağda döyüşən əfqanların Bakıdakı məzarlığı dağıdıldı – VANDALİZM AKTI

Qarabağda döyüşən əfqanların Bakıdakı məzarlığı dağıdıldı – VANDALİZM AKTI

1-ci Qarabağ müharibəsi zamanı könüllü olaraq Azərbaycana gəlib düşmənə qarşı döyüşmüş, şəhid olmuş əfqanların məzarları dağıdılıb. Bakının bir addımlığında, Xırdalan şəhər qəbristanlığında 30-dan çox məzar daşı sındırılıb. Bu vandalizm aktını kimlərin və hansı məqsədlə törətdiyi bilinmir.

Məzarların dağıdılması əks olunan videonu Nəsimi Məmmədov adlı facebook istifadəçisi özünün səhifəsində https://www.facebook.com/seyidnesimi.memmedov/videos/419565925182212/ yayıb. Görüntülərdə Qarabağ müharibəsində ermənilərə qarşı döyüşən və şəhid olan əfqanların məzarlarının uçurulduğu, baş və sinə daşlarının sındırıldığı, ətrafdakı pilləkənlərin və divarların yerlə bir edildiyi öz əksini tapıb.

Məzarların üzərindəki yazılardan şəhidlərin Əfqanıstanın Kabul, Qəndəhar, Nanqahar şəhərlərindən Azərbaycana gələn könüllü döyüşçülər olduğu bilinir. Məlumdur ki, 1-ci Qarabağ müharibəsi zamanı əfqan döyüşçülər Füzuli və Ağdam cəbhəsində düşmənə qarşı vuruşublar.

Xırdalan şəhər qəbristanlığındakı vandalizmin kimlər tərəfindən törədildiyi bilinmir deyə baş vermiş vəhşiliklə bağlı ən müxtəlif məlumatlar yayılmaqdadır. Belə məlumatlar var ki, həmin ərazidə qəbir yeri 1000 manata satılır. Şəhid əfqanların məzarları, ətrafdakı pilləkənlər və hasarlar da bu məqsədlə dağıdılır ki, sonradan həmin ərazi qəbir yerləri olaraq satılsın. Əfqan şəhid döyüşçülərin məzarları Xırdalan qəbristanlığında əldən-ayaqdan uzaq bir yerdədər.

İstənilən halda bu hərəkətlər vandalizm aktıdır və müvafiq dövlət qurumları bu addımları atmış şəxsləri müəyyən edib cəzalandırmalıdır.

Məsələ ilə bağlı Abşeron Rayon İcra Hakimiyyətinin mətbuat katibi Seymur Qasımbəyli axar.az-a açıqlamasında deyib ki, məsələ ilə maraqlanıblar:

“Hadisə ilə maraqlanmışam. Ərazi Abşeron rayon ərazisinə düşmür. Səhv etmirəmsə, qəbiristanlıq Binəqədi rayon ərazisində yerləşir”.

Xırdalan bələdiyyəsinin sədri Eldar Əhmədov isə əfqan şəhidlərinin uyuduğu məzarlığı abadlaşdıracağını bildirib:

“Söz vermişəm ki, oranı abadlaşdıracam, bir bələdiyyə sədri kimi deyil, insanlıq naminə edəcəyəm bunu”.

Bələdiyyə sədri deyib ki, Xırdalan qəbiristanlığının bir hissəsi onların ərazisinə düşür:

“Bakı Şəhər İcra Hakimiyyətinin nəzdində məzarlıqlara nəzarət edən qurum var. Qəbiristanlıqlara onların münayəndəsi nəzarət edir. Məzarlığın bir hissəsinə biz nəzarət edirik. Baxımsızlıqdan xəbər tutmuşuq və oranın da baxımsızlıqdan dağıldığı qənaətindəyik. Bildirirəm ki, tezliklə orada abadlıq işlərinə başlayacağıq”.

Həmçinin oxuyun

Quru sərhədlərin açılmaması ilə bağlı yeni versiyalar: Hökumət nədən çəkinir?

Azərbaycanın quru sərhədlərinin daha üç ay bağlı qalması ilə bağlı qəbul edilən axırıncı qərardan sonra …