Şənbə , Aprel 20 2024
Ana səhifə / Aktual / Qarabağ əlilləri və şəhid ailələri üçün mənzil təminatı daha da artırılacaq – RƏY

Qarabağ əlilləri və şəhid ailələri üçün mənzil təminatı daha da artırılacaq – RƏY

Azərbaycanda aparılan islahatlar, ilk növbədə, şəhid ailələrinin, eləcə də əhalinin güzəranının yüksəldilməsinə, sosial müdafiə sisteminin gücləndirilməsinə xidmət edir.

Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin şöbə müdiri Fazil Talıbov Prezident İlham Əliyevin imzaladığı sərəncamlar əsasında minimum əməkhaqqının, pensiyanın artırılması, eləcə də vətəndaşların rifahının yaxşılaşdırılmasına yönələn addımlardan danışarkən deyib.

F.Talıbov bildirib ki, ölkə başçısının tapşırıqlarına əsasən, şəhid ailələrinə bu günə qədər 6764 mənzil təqdim edilib:

“Cari il ərzində ölkədə sosial sahədə çoxsaylı islahatlar aparılır. Prezident İlham Əliyevin “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında” 28 yanvar 2019-cu il tarixli sərəncamına əsasən, Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün mənzillərin alınması məqsədilə 35 milyon manat ayrılıb.

2018-ci ildə şəhid ailələri və ölkəmizin ərazi bütövlüyü, müstəqilliyi və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi olan şəxslərə dövlət başçısının xüsusi qayğısı nəticəsində il ərzində nəzərdə tutulduğundan 3 dəfə çox olmaqla 626 mənzil təqdim edilib. Bununla da bu günə qədər müharibə əlilləri və şəhid ailələrinə 6764 mənzil verilib”.

O qeyd edib ki, cari ildə Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün mənzil təminatı daha da artırılacaq:

“Belə ki, cari ildə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinə azı 800 mənzil verilməsi nəzərdə tutulub. Bu ilin ötən dövründə artıq 110 mənzil sahiblərinə təqdim olunub. Onlardan 60-ı iyun ayının 26-da, daha 50-si isə bu gün təhvil verilib. İlin sonuna qədər digər mənzillərin də sahiblərinə təhvil verilməsi planlaşdırılır”.

Nazirlik rəsmisi müvafiq kateqoriyadan olan vətəndaşların avtomobillə təmin olunmasına da diqqət çəkib:

“Onu da bildirim ki, aparılan islahatların nəticəsi olaraq 2018-ci ildə müharibə əlillərinə 265 minik avtomobili verilib. Dövlət başçısının 18 mart 2019-cu il tarixli sərəncamı ilə müvafiq kateqoriyadan olan vətəndaşların avtomobillərlə təminatının gücləndirilməsi məqsədilə beş milyon manat vəsait ayrılıb. Bu da 2019-cu ildə həmin insanlara verilməsi üçün əlavə olaraq 400-dən artıq avtomobilin, beləliklə, cari ildə nazirlik tərəfindən müharibə əlillərinə nəzərdə tutulduğundan 3,2 dəfə çox olmaqla, 600-ə yaxın avtomobilin verilməsinə imkan yaradıb. Onlardan bu ilin ötən dövründə 200 avtomobil təqdim edilib. Bununla da bu günə qədər 6350-dək minik avtomobili müharibə əlilləri və onlara bərabər tutulanlara təqdim edilib”.

Həmçinin oxuyun

Xocalı aeroportu Azərbaycanın nəzarətinə keçir – VİDEO

İşğaldan azad edilmiş ərazilərdə daha bir mühüm strateji obyekt tam Azərbaycanın nəzarətinə keçəcək. Bunu açıqlamasında …